Yeni yüksəkliklərin nəzarətə götürülməsi erməni hərbi birləşmələrinin təchizat yolunu tamamilə bağlayıb - Hərbi şərhçi

post-img

Vətən müharibəsi başa çatdıqdan sonra son iki il ərzində ermənilər Qarabağda separatçılara tabe olan hərbi və silahlı birləşmələrin təchizat işini həyata keçirirdilər. Həmçinin Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan və Qarabağ ərazisindəki hərbi hissələr də bu ölkədən müəyyən hərbi təyinatlı vasitələr əldə edirdilər. Bu da Xankəndi-Laçın yolu üzərindən reallaşdırılırdı. Son dörd-beş ay ərzində isə Azərbaycan həmin yoldan hərbi təyinatlı vasitələrin, o cümlədən silah-sursatların və hərbi texnikaların daşınmasına dair məlumatlar verirdi. Bununla da ərazidə vəziyyətin gərgin olduğu ortaya çıxdı.

Bu barədə Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli AZƏRTAC-a açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan Ordusunun bölmələri ilkin olaraq potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Xankəndi-Xəlfəli-Turşsu istiqamətində torpaq yol adlanan ərazidə uğurlu əməliyyat apararaq bəzi strateji və taktik məntəqələrə, həmçinin yola zəruri nəzarət tədbirləri həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin martın 30-da yaydığı məlumata görə, yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar Laçın rayonunun Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəklik, əsas və yardımçı yollar, eləcə də sərhədboyu geniş sahələr nəzarətə götürülüb.

Hərbi şərhçinin sözlərinə görə, Ermənistan ərazisindən Qarabağa, Xankəndiyə doğru hərəkət edən bütün nəqliyyat vasitələri Laçın yolundan keçir. 2020-ci il 10 noyabr tarixli Üçtərəfli Bəyanata əsasən Azərbaycan Laçın yolunu Laçın rayonun şimal istiqamətində alternativ yol olaraq təqdim etdi. Bu yoldan həm Rusiya sülhməramlıları, həm də ermənilər istifadə edirdi. Məqsəd həmin yollardan yalnız mülki və humanitar təyinatlı yüklərin daşınması idi. Amma çox təəssüf ki, ermənilər bu yoldan hərbi təyinatlı məqsədlər üçün istifadə edirdilər. Yüksək peşəkarlıqla həyata keçirilən əməliyyatdan sonra Azərbaycan Ordusunun həmin yola nəzarət imkanları genişlənib. Hazırda Azərbaycanın nəzarətə götürdüyü yüksəkliklər sayəsində Qarabağ ərazisində dislokasiya olunan erməni silahlı birləşmələrinin təchizat yolu tamamilə bağlayıb.

“Bundan sonra ermənilər aviasiya vasitələri ilə müəyyən əməliyyatlar həyata keçirməyə, hətta Rusiya sülhməramlılarından da istifadə etməyə cəhd göstərə bilərlər. Amma bu, kütləvi hal ala bilməyəcək. Çünki Azərbaycan hava sərhədlərinə nəzarəti daha da artırdıqdan sonra bu problemlər həllini tapacaq. Yəni, Laçın yolu boyunca bütün ərazilər artıq Azərbaycan Ordusunun qəti nəzarəti altındadır. Növbəti mərhələ isə yəqin ki, Laçın yolunun son nöqtəsində Azərbaycanla Ermənistan arasında sərhəd-keçid və nəzarət məntəqəsinin yaradılması olacaq”, - deyə R.Məmmədli söyləyib.

Mərkəzin rəhbəri əlavə edib ki, Prezident İlham Əliyevin Laçına səfəri zamanı, eləcə də bu günlərdə Laçın üzrə xüsusi nümayəndəni qəbul edərkən bildirdiyi kimi, Azərbaycan torpaqlarına gizli silah daşınması və digər qeyri-qanuni fəaliyyətlərə son qoyulacaq. Bu sonuncu əməliyyatla faktiki olaraq Prezidentin fikirləri təsdiqini tapdı.

Siyasət