Ermənistan Azərbaycanı təqsirləndirməklə öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə çalışır

post-img

İndiyə qədər heç bir razılaşmaya və öhdəliyinə riayət etməyən Ermənistanın Azərbaycanı xəyali razılıqları inkar etməkdə təqsirləndirməsi, Azərbaycanın sərhədyanı bölgələrdə vəziyyəti gərginləşdirəcəyini iddia etməsi yalnız və yalnız Ermənistanın öz mümkün hərbi təxribatlarını ört-basdır etməyə yönəlmiş bir addımdır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın martın 14-də keçirdiyi mətbuat konfransı zamanı səsləndirdiyi əsassız iddialarla bağlı yerli medianın sualına cavabında deyib.

Onun sözlərinə görə, sülh sazişinin mətnində Azərbaycana qarşı ərazi iddialarını istisna edən müddəalara hər vəchlə qarşı çıxması, gələcək pozuntulara saziş mətni hazırlanan müddətdə belə rəvac yaratması, bu qeyri-konstruktiv yanaşmaları gizlətməklə “beynəlxalq mexanizmlər”, “beynəlxalq zəmanət institutu” kimi ideyalarla çıxış etməsi Ermənistanın sülh sazişində maraqlı olmadığının göstəricisidir.

“Bununla yanaşı, sonuncu dəfə ötən ilin dekabr ayında sülh sazişi üzrə danışıqlardan imtina edən Ermənistan tərəfinin Avropa İttifaqının vasitəçilik səylərinə müxtəlif bəhanələrlə qarşı çıxması, onun 30 ilə yaxın müddətdə işğal dövründə danışıqlara maneələr yaradılması təcrübəsindən əl çəkmədiyini nümayiş etdirir.

Ermənistan baş nazirinin yalnız Ermənistanın təkliflərinin qeyd olunduğu və Azərbaycanın təkliflərinin nəzərə alınmadığı layihəni imzalanmağa hazır olduğunu brifinq zamanı bəyan etməsi isə onun sülh prosesinə laqeyd yanaşmasının növbəti sübutudur və hesab edirik ki, Ermənistanın bu destruktiv fəaliyyətləri beynəlxalq ictimaiyyət tərəfindən qınanmalı və onların qarşısı alınmalıdır”, - deyə XİN-in sözçüsü vurğulayıb.

Siyasət