Bu dəfə görüşün Bakıda keçirilməsi nəzərdə tutulub

post-img

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası Qarabağın erməni sakinlərinin təmsilçiləri reinteqrasiya ilə bağlı təmasların davam etdirilməsi, habelə Qarabağda infrastruktur layihələrinin reallaşdırılması məsələlərinin müzakirəsi üçün ikinci görüşə dəvət edir. Görüşün yaxın günlərdə Bakıda keçirilməsi təklif olunur. PA-nın belə bir təklifi bir neçə cəhətdən vacib sayılmalıdır.

Birincisi, Azərbaycan Qarabağın erməni sakinlərinin ölkəmizə reinteqra­siyasında maraqlıdır və məsələ onun üçün Ermənistanla son günlər artan gərginlikdən kənar tutulan məsələdir. Əlbəttə, bu mövqeyə adekvat müsbət yanaşma gözlənilir. 

İkincisi, Bakı özünün xoş məramını bir daha nümayiş etdirməklə, əslində, Qarabağın erməni sakinləri üçün şans yaradır. Onlar icma şəklində özlərini bölgədəki separatçı rejimdən kənar tut­malıdırlar. Çünki bu rejimin heç bir legi­timliyi yoxdur və məhvə məhkumdur. 

Üçüncüsü, PA-nın növbəti görüş yeri kimi Bakını seçməsinin üzərində daya­naq. Bu seçim, həm də Qarabağın er­məni sakinləri üçün də Bakının paytaxt olaraq qəbulunun vacibliyi mesajıdır. Burada da şans məsələsi aktualdır. Ba­kıya kim gəlirsə, Azərbaycan hakimiyyə­tini qəbul edən də odur. Əlbəttə, sonrakı gedişat da nəzərə alınmaqla.

Dördüncüsü, PA Azərbaycan–Er­mənistan gərginliyinin artdığı hazırkı şəraitdə Cənubi Qafqazdakı maraqlı tərəflərə, o cümlədən, Qərb dairələrinə öz mövqeyini bir daha açıqlamış olur. Bu mövqe Qarabağın erməni sakinləri ilə təmas yaradılmasının Bakı üçün va­cibliyinin vurğulanmasına söykənir. Bu mövqe, həmçinin bölgənin erməni əhali­si ilə bağlı hər hansı digər alternativlərin qəbul olunmayacağının bəyan edilməsi­dir. O cümlədən, hansısa başqa müza­kirə predmeti də keçərsizdir. 

***

Bəs, Ermənistandakı siyasi dairələ­rin baxışı necədir? Nəzərə alaq ki, on­ların münasibətində Bakının Qarabağ erməniləri ilə təması baxımından an­laşılmayan məqamlar var. Belə nəticə hasil olur ki, erməni siyasilər məsələnin humanitar tərəfləri üzərində dayanırlar. Hesab edirlər ki, Azərbaycan Qarabağın dirçəldilməsində iştirak etsin, bölgənin erməni əhalisinin rifahında rol oynasın, ancaq siyasi polemikalardan uzaq da­yansın. 

Başqa sözlə desək, Ermənistan ha­kimiyyəti hesab edir ki, Qarabağa hər hansı əlahiddə status verilməsi məsələ­sinin gündəmə gətirilib-gətirilməməsi Bakının davranışından asılıdır. Yəni, əgər Azərbaycan pul xərcləyirsə, prob­lem, bir növ, dondurulur. Göründüyü kimi, ənənəvi siyasi həyasızlıq gündəm­dədir. 

Ən əsas məqama diqqət yetirək. Ermənistan hakimiyyəti, eləcə də siyasi dairələr hesab edirlər ki, Qarabağın er­məni sakinləri ilə Bakının təması Qara­bağ münaqişəsinin həlli üzrə dialoq kimi qiymətləndirilə bilməz. Əlbəttə, Azər­baycan bunu məqbul sayır. O anlamda ki, ölkəmiz münaqişənin artıq olmadığı­nı, ona son qoyulduğunu bildirir. Deməli, mövcud istiqamətdəki dialoq məntiqi də mənasızdır. 

Bakı, əslində, Qarabağın erməni sa­kinləri ilə dialoq aparmır, uzun müddət, hesab edək ki, müəyyən siyasi səbəb­lərə görə, Azərbaycandan qopmuş kəsi­min problem və çətinliklərini öyrənir ki, ona gələcəkdə hansı istiqamətdə kömək göstərilməsinin vacibliyini müəyyənləş­dirsin və buna müvafiq olaraq, tədbirlər görməyə başlasın. Bu yanaşmada Qa­rabağ ermənilərinin Azərbaycandan ayrı düşməsini doğuran məsələlər, nəzəri baxımdan, onların iradəsindən kənar hallar kimi qarşılanır. Hazırda məsələ­nin məhz bu cür qoyuluşunun birincilər tərəfindən dərki və etirafı lazımdır ki, ortada gerçək səmimiyyət mühiti forma­laşsın. 

Daha bir vacib məqama nəzər sa­laq. Bəli, Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə Qarabağ münaqişə­nin həllini tapdığını bildirib və bununla bağlı hər hansı yeni reallıqların sırın­masına yol verilməyəcəyini vurğulayıb. Ancaq məsələ burasındadır ki, Ermə­nistanın hakim siyasi dairələri məsələyə fərqli rakusdan yanaşırlar. Onların fik­rincə, Bakının Qarabağın erməni sakin­ləri ilə təmasındakı siyasi struktur bey­nəlxalq ictimaiyyətin zəmanət verdiyi format olmalıdır. 

Format mövzusunda isə ATƏT-in artıq keçmiş olan Minsk qrupunu dirçəlt­mək meyilləri nəzərə çarpmaqdadır. Bu baxımdan Avropa Parlamentinin xüsusi canfəşanlıq etdiyi məlumdur. Belə bir məlumat var ki, qurum ölkəmizə qar­şı növbəti böhtan xarakterli qətnamə qəbul etməyə hazırlaşır. Bu layihədə isə “Minsk qrupu”, “status”, “Dağlıq Qarabağda və ətrafında” kimi sərsəm və gündəlikdə ümumiyyətlə olmayan məsələlər qeyd edilib. 

***

Sonda bir daha vurğulayaq ki, ha­zırkı durumda Qarabağın erməni sa­kinlərinin Azərbaycanın təklifinə səmimi yanaşması, pozitiv reaksiya verməsi və Bakıya gəlmələri vacibdir. Əgər, bu, baş verəcəksə, onlar özlərini hər cür separatizmdən və Ermənistanın hakim siyasi dairələrinin avantüralarından kə­nar tərəf kimi göstərmiş olacaqlar. Əks halda, avantüristlərdən heç bir fərqləri olmayacaqdır. Bunu düşünmək və qərar vermək vaxtıdır.

 

R.ƏVƏZ, “Xalq qəzeti”

Siyasət