İranın hərbi təyyarəsinin Azərbaycanla dövlət sərhəd xətti üzərindən uçması təxribat və qeyri-dost davranışdır

post-img

Martın 11-də İran İslam Respublikasına məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan–İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. Təyyarə iki ölkə arasında dövlət sərhədindən 3-5 kilometr məsafədə, bəzi hallarda isə dövlət sərhədinin tam üstü ilə uçub.

Bu barədə Azərbaycan Respublika­sı Xarici İşlər və Müdafiə nazirliklərinin birgə bəyanatında deyilir.

Hərbi təyyarələrin dövlət sərhədinə yaxınlaşması ilə bağlı qonşu dövləti əvvəlcədən xəbərdarlıq etməyə dair beynəlxalq aləmdə qəbul olunmuş təcrübəyə zidd olaraq, İran İslam Res­publikasının hərbi təyyarəsinin iki ölkə arasında dövlət sərhədinə bu qədər yaxınlaşması və sərhəd xətti üzərindən uçması mülki aviasiyanın təhlükəsizli­yinə təhdid törədir və iki ölkə arasında münasibətləri daha da gərginləşdir­məyə xidmət edir.

İşğaldan azad edilmiş Azərbaycan ərazilərinin yaxınlığında yarım saatdan çox müddət ərzində hərbi təyyarənin uçuşu Azərbaycana qarşı təxribat və qeyri-dost davranışdır. Xatırlatmaq istərdik ki, İran tərəfi ötən il də Araz çayı boyunca Azərbaycan sərhədləri yaxın­lığında genişmiqyaslı hərbi təlimlər ke­çirmişdi. 

İran tərəfini bu cür təhrikçi addımı­na görə şiddətlə qınayır, müvafiq izahat verməyə və gələcəkdə belə təxribatçı addımlardan çəkinməyə çağırırıq.

Martın 11-də İran İslam Respubli­kasının Azərbaycan Respublikasındakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə ça­ğırılıb və ona müvafiq etiraz notası təq­dim olunub.

AZƏRTAC

Siyasət