Azərbaycan XİN Ermənistanın növbəti təxribatları barədə məlumat yayıb

post-img

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdiyi Azərbaycan ərazilərində Ermənistanın növbəti təxribatları barədə məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a daxil olan məlumatda Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin məlumatında qeyd edildiyi kimi, daxil olmuş operativ məlumata əsasən, Ermənistan tərəfinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərinə silah və sursatların, şəxsi heyətin, o cümlədən minaların daşınmasını həyata keçirməkdə davam etdiyi vurğulanıb.

Qeyd edilib ki, Azərbaycan tərəfindən daha əvvəl də məlumat verildiyi kimi, Ermənistan ərazilərimizin 30 illik işğalına son qoyulduğu 44 günlük Vətən müharibəsindən sonra da öz təxribatlarından əl çəkməyib, erməni silahlı qüvvələrini tam olaraq Azərbaycan ərazilərindən çıxarmayıb, Azərbaycan ərazilərinə silah, sursat və Ermənistan Respublikasında 2021-ci ildə istehsal olunmuş minaların daşınmasını və yerləşdirilməsini həyata keçirib. Minaların yerləşdirilməsi faktları Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bölgəyə səfəri zamanı da nümayiş etdirilib.

Laçın yoluna alternativ olan köməkçi yollardan silah və sursatın, şəxsi heyət və minaların daşınması ilə bağlı daxil olmuş məlumatı yoxlamaq və dəqiqləşdirmək məqsədilə martın 5-də Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin əməliyyat bölməsi əraziyə göndərilib, Ermənistandan Xankəndiyə silah, sursat, şəxsi heyət və minaları daşıyan avtomobillərin yoxlanmasına cəhd edilib. Bu zaman, qarşı tərəfdən açılan atəş nəticəsində Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən ölən və yaralananlar var. Qarşı tərəf Silahlı Qüvvələrimiz tərəfindən açılan cavab atəşi ilə susdurulub.

“Bu kimi təcavüz aktı və təxribatlar Ermənistanın Azərbaycana qarşı işğal siyasətindən əl çəkmədiyini, Ermənistan tərəfindən sülh gündəliyi ilə bağlı fikirlərin riyakarlıqdan başqa bir şey olmadığını, Ermənistanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsində maraqlı olmadığını bir daha nümayiş etdirir. Bu əməllər Azərbaycan-Ermənistan arasında sərhəd nəzarət-buraxılış rejiminin tətbiq edilməsinin labüdlüyünü bir daha sübut edir.

Azərbaycan tərəfi bu kimi hərbi təxribatların qarşısını almaq məqsədilə üçtərəfli Bəyanatın icrasının təmin edilməsini, Ermənistandan qeyri-qanuni silah və sursatın, şəxsi heyətin və minaların daşınmasına son qoyulmasını, Azərbaycan ərazilərindən erməni silahlı qüvvələrini dərhal çıxarmağı tələb edir.

Bölgədə vəziyyətin gərginləşdirilməsinə görə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.

Siyasət