İranın paytaxtı Tehranda və digər şəhərlərində tələbə qızların zəhərlənməsi ilə bağlı etiraz aksiyaları keçirilir.
AZƏRTAC xəbər verir ki, Reuters agentliyi bununla bağlı İranın informasiya agentlikləri və sosial mediada yayılan videoları təqdim edib.
Onlarla təhsil ocaqlarında qızların naməlum maddədən kütləvi zəhərlənməsinin əsl səbəbləri hələ də tam müəyyənləşdirilməyib. İranın dövlət nümayəndələri bunu “İslam inqilabı düşmənlərinin” törətdiyini bildirir, sosial fəallar isə hakimiyyəti ittiham edirlər. Sonuncular vurğulayırlar ki, yüzlərlə tələbə qızın qəsdən zəhərlənməsi qızların təhsil almasını istəməyən ifrat islamçı qrupların əməlidir.
Son məlumatlara görə, İranın 31 vilayətinin 10-da 30-dan çox məktəb və universitetdə qızların zəhərlənməsi halları baş verib. Valideynlərin Təhsil Nazirliyinin qarşısında və məktəblərin önündə təşkil etdikləri etiraz aksiyaları hakimiyyət əleyhinə nümayişlərə çevrilib. Onlar inqiliab keşikçilərini İŞİD terrorçuları adlandıran şüarlar səsləndiriblər. Hazırda paytaxt Tehranla yanaşı, İsfahan və Rəşt şəhərlərində minlərlə insanın qatıldığı aksiyalar davam edir. Aksiyalarda İran rejimindən qadınlara qarşı ayrı-seçkiliyə son qoyulması və əxlaq polisinin ləğv edilməsi tələb olunur.
BMT-nin Cenevrədəki insan hüqquqları ofisi, həmçinin ABŞ və Almaniya İran hökumətini qızların şübhəli zəhərlənməsi ilə bağlı obyektiv təhqiqat aparmağa çağırıblar.