Ulu Öndər Heydər Əliyevin əsas məqsədi cəmiyyəti müstəqillik ideyası ətrafında birləşdirmək idi

post-img

Hazırda ölkəmiz özünün ən şərəfli və çətin dövrünü yaşayır. Nəhayət 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tərəfindən Qarabağ və Şərqi Zəngəzur azad olunaraq, ərazi bütövlüyümüz təmin edildi. Artıq bölgədə yeni reallıq yaranır. Digər tərəfdən isə dünyada yeni nizam yaranmaqdadır. Belə bir gərgin və məsuliyyətli zamanda superdövlətlər əhatəsində olan Azərbaycan müstəqil, suveren dövlət olaraq öz varlığını, gələcək taleyini möhkəmləndirmək formulunu araşdırır. Dövlətimizin başçısı İlham Əliyevin şəxsi nüfuzu, onun gələcəyə yönəlmiş hədəfləri düzgün qiymətləndirmə bacarığı, diplomatik məharəti, praqmatik qərarları dövlətimizin imkanlarını artırır. Əlbəttə ki, strateji təməl nə qədər sarsılmazdırsa, möhkəm dayaqlara malikdirsə, o dövlətin də belə bir mürəkkəb vəziyyətdə özünəməxsus yer alması da bir o qədər güclü olar. Bu mənada biz çox xoşbəxt xalqıq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova söyləyib.

Komitə sədri qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev hər zaman Azərbaycanın ən çətin anlarında öz həyatı və ailəsinin həyatı bahasına olsa belə dövləti qoruyub saxlamışdır. Bu dahi siyasi xadim XX əsr Azərbaycan tarixində milli müstəqillik ideyasını praktik olaraq gerçəkləşdirmiş liderdir. Bütün varlığı ilə dövlətini, xalqını sevən, onun inkişafı və gələcəyi üçün heç bir çətinlikdən çəkinməyən Ulu Öndərin əsas məqsədi cəmiyyəti müstəqillik ideyası ətrafında birləşdirmək idi: “Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək firavan həyatını özü quracaqdır”. Böyük siyasi xadim yaxşı anlayırdı ki, bunun üçün çox çalışmaq, mübarizə aparmaq lazımdır. Ancaq ən mühüm olan isə insanların təfəkküründə dövlətçilik ideyasını aşılamaq idi. Ulu Öndər dəfələrlə çıxışlarında vurğulayırdı ki, Azərbaycan müstəqil dövlətdir və bundan sonra heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır. Ulu Öndər hər bir addımında, hər bir qərarında Azərbaycan inkişafı və gələcəyi üçün çalışırdı, bütün həyatını bu müqəddəs məqsədə həsr etmişdi.

Deputat bildirib ki, Ümummilli Liderin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycanın müstəqil dövlət olması üçün real təməllər qoyulurdu. Sovetlər dönəmində Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr tariximizə yeniləşmə illəri kimi daxil olub. İqtisadi böhran şəraitində olan respublika məhz Ümummilli Liderin müdrikliyi, qətiyyəti, yüksək təşkilatçılıq bacarığı sayəsində qısa vaxtda sürətli sosial-iqtisadi yüksəliş mərhələsinə daxil ola bildi. Cəmi bir neçə il ərzində Azərbaycan ən geridə qalmış respublikadan qabaqcıl ölkəyə çevrildi, sənayesi inkişaf etdirildi, güclü aqrar-sənaye kompleksi formalaşdı. Azərbaycanın iqtisadi inkişafı xalqın özünəinamını artırdı, milli özünüdərk hissi gücləndi, mənəvi tərəqqi sürətləndi. Elmin, mədəniyyətin, təhsilin inkişafında böyük nailiyyətlər əldə edildi. Eyni zamanda, Bakının milli siması formalaşdırıldı, bütün sahələrdə, o cümlədən idarəçilik, mədəniyyət sahələrində milli kadrlar yetişdirildi, milli ruhun yüksəlişi təmin edildi. Bu, əslində, Azərbaycanın intibah dövrü idi və o zaman yaradılan bünövrə ölkənin gələcək taleyində müstəsna rol oynadı. Xüsusilə o dövrdə - “sovet ideologiyası”nın hökm sürdüyü bir zamanda Heydər Əliyev milli ideologiyanın - azərbaycançılığın formalaşması istiqamətində iş aparırdı. Bu isə müstəqil dövlət qurmaq üçün mühüm amil idi. Azərbaycanın dövlətçilik tarixini mükəmməl şəkildə bilən Ulu Öndər sovet dövründə bunu açıq səsləndirməsə də, bütün fəaliyyəti ilə sanki bizim təfəkkürümüzə təsir edir, milli hisslərin oyanmasına çalışırdı.

Xalq haqlı olaraq Ümummilli Lideri xilaskar adlandırmışdır. 1993-cü ildə Ulu Öndərin qayıdışı sayəsində Azərbaycan parçalanmaqdan, xaos və anarxiyadan, iqtisadi böhrandan xilas oldu. Ulu Öndər deyirdi: “Biz nazik sapın üstü ilə gedirik. Odur ki, biz gərək bu siyasəti o qədər ağılla, o qədər məharətlə aparaq ki, Azərbaycanın milli mənafeləri müdafiə olunsun, ərazi bütövlüyümüz təmin edilsin, Azərbaycan müharibə şəraitindən çıxa bilsin”. Həmin dövrü hamımız yaxşı xatırlayırıq - bir tərəfdən Ermənistan hərbi-siyasi rəhbərliyi tarixi torpaqlarımızı işğal etmişdi, ölkə idarəolunmaz bir vəziyyətə gəlmişdi, digər tərəfdən dövlətimizi sevməyən, onun müstəqil olmasını istəməyən qüvvələr sapı özümüzdən olan baltalardan istifadə edərək onu daxildən parçalamağa can atırdılar. Bütün bu çətinlikləri görən Ulu Öndər müxtəlif təbəqələrdən olan görüşür, onlara məsələnin əsl mahiyyətini izah edirdi. O, 1993-cü ildə avqustun 13-də Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər, ziyalılar ilə görüşü zamanı bu məsələyə toxunaraq qeyd edirdi: “Azərbaycanı parçalamaq Azərbaycanın daxilində və xaricində olan düşmənlərin uzun illərdən, bəlkə də əsrlərdən bəri ən bəd niyyəti, istəyi, arzusu olmuşdur”. Ulu Öndər çalışırdı ki, insanlar kimlərinsə təsiri altına düşməsin, onların əsl məqsədlərinin nədən ibarət olmasını anlasınlar. 1993-cu il iyulun 6-da “Ostankino” dövlətlərarası televiziya şirkətinə müsahibəsində Ulu Öndər qətiyyətlə bildirmişdi: “Azərbaycan müstəqil dövlətdir və indən belə heç vaxt hər hansı başqa dövlətin tərkibinə daxil olmamalı, kiminsə vassalı, yaxud müstəmləkəsi olmamalıdır”.

Bunun üçün Azərbaycanın güclü bir dövlət olması lazım idi. 1993-cü ildə oktyabrın 18-də Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev xalqı təbrik edərkən bir daha çağırış edərək bildirdi: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir”.

H.Hüseynova qeyd edib ki, strateji məqsədlərə çatmaq, müstəqilliyi qoruyub saxlamaq üçün ölkəyə Ulu Öndərin uzaqgörənliyi lazım idi. Qısa zamanda çox mürəkkəb danışıqlar və görüşlər nəticəsində Azərbaycanın iqtisadi inkişafına və təhlükəsizliyinə təminat verən böyük neft sazişləri imzalandı, iqtisadi, sosial və siyasi islahatlar strategiyası hazırlanaraq ardıcıl surətdə həyata keçirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyev deyirdi: “Bizim ölkəmiz müstəqil ölkədir, müstəqil dövlətdir. Biz artıq hansısa bir ölkənin tərkibində deyilik, ona görə də ölkəmizin həyatının hər bir sahəsi dünya ilə bağlıdır, başqa ölkələrlə bağlıdır və dünya iqtisadiyyatı ilə, dünyada gedən proseslərlə bağlıdır”.

Bu gün biz onun nə qədər haqlı olduğunu anlayırıq. Onun qoyduğu strateji xətti çox uğurla davam etdirən və getdikcə daha da zənginləşdirən Prezident İlham Əliyev dünyada baş verən proseslər fonunda Azərbaycanı ən mühüm strateji tərəfdaşa çevirdi.

Bütün görüşlərində ərazi bütövlüyümüzün bərpası məsələsinə toxunan Ulu Öndər bunu ən ümdə vəzifə hesab edərək deyirdi: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur”.

“Bu gün Ümummilli Liderin və bütün şəhidlərin ruhu şaddır, çünki müqəddəs missiya yerinə yetirildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev elə bir Ordu yaratdı ki, 30 illik erməni işğalına 44 gündə son qoydu. Gələcək nəsillər qarşısında üzümüz ağdır”, - deyən deputat xatırladıb ki, müstəqilliyin ilk illərində mühüm qanunvericilik aktlarının qəbul olmasına baxmayaraq, Milli Məclisin fəaliyyəti xaotik idi. Ora sanki müxtəlif siyasi qrupların çəkişmə meydanına çevrilmişdi. Lakin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Liderin səyləri nəticəsində qanunvericilik sahəsində də böyük islahatlar həyata keçirildi. Xüsusilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi mühüm tarixi hadisə oldu.

“Bu hadisələrə bir də tarixi rakursdan baxsaq görərik ki, Ulu Öndər Azərbaycan Xalq Cümhuriyyəti zamanı başlanan və yarımçıq qalan ideyaları bir-birinin ardınca reallığa çevirirdi. Ümummilli Lider tarixi varislik prinsiplərini əsas götürməklə bir çox mühüm siyasi, tarixi, strateji, iqtisadi əhəmiyyət kəsb edən məsələləri yenidən canlandırdı. Nümunələr saysız-hesabsızdır. Ordu quruculuğu, Azərbaycan dili, iqtisadiyyat, diplomatiya, insan hüquq və azadlıqlarının qorunmasın, dövlət atributlarının təbliği sahələrində biz bu varisliyi görə bilərik. Təkcə bir faktı misal gətirməklə fikrimi əsaslandırmaq istərdim. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçiriləndə Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq üçrəngli bayrağımız binanın üzərində dalğalandı. Məhz bu hadisə müstəqillik uğrunda mübarizə tariximizin ən parlaq səhifəsidir və bununla da milli azərbaycançılıq ideologiyasının inkişaf dövrü başlandı. Bayrağımıza, mənəvi dəyərlərimizə sədaqətini ifadə edən Heydər Əliyev fiziki varlığını təhlükə qarşısında qoyaraq öz millətinə xidmət etməyi hər şeydən üstün tutdu. Bu yolda heç bir çətinlikdən qorxub çəkinmədi. Müasir müstəqil Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyev gələcəyə böyük inam hissi ilə deyirdi: “İndi dünyada müstəqil Azərbaycan dövləti var. Onun milli dövlət bayrağı var, milli himni var, milli gerbi var. Azərbaycan dünya birliyində özünə layiq yer tutubdur. Azərbaycanın dövlət bayrağı bütün beynəlxalq təşkilatların iqamətgahları qarşısında dalğalanır, müstəqil Azərbaycanın başı üstündə dalğalanır və daim dalğalanacaqdır, bu yüksəkliklərə qalxmış bayraq bundan sonra heç vaxt enməyəcəkdir”.

Hər birimiz fəxr edirik ki, bu gün onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən dövlət xadimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva daha da gücləndirirlər. Bizim hər birimizin inamı bundan ibarətdir ki, Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir!”, - deyə H.Hüseynova vurğulayıb.

Siyasət