Mikael Forrest: Fransa Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizəsinə mane olur

post-img

Martın 2-də Milli Məclisin deputatları Tural Gəncəliyev və Sevil Mikayılova Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest ilə görüşüblər.

Parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Tural Gəncəliyev Yeni Kaledoniyanın nümayəndəsini Azərbaycan parlamentində görməkdən, onun Qoşulmama Hərəkatının Bakıda keçirilən tədbirində iştirakından məmnunluğunu bildirib. O, Azərbaycanın BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyini yüksək dəyərləndirərək Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşünün əhəmiyyətinə və burada qaldırılan məsələlərə diqqət çəkib.

Deputat Sevil Mikayılova belə görüşlərin qarşılıqlı informasiya və təcrübə mübadiləsi baxımından faydasından danışıb. O, Fransanın neokolonializm siyasəti ilə bağlı fikirlərini bölüşüb, Yeni Kaledoniya xalqının tam suverenliyə qovuşma əzmini yüksək qiymətləndirib.

Yeni Kaledoniyanın Xarici məsələlər üzrə daimi müvəkkili Mikael Forrest səmimi münasibətə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O, Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyinin səmərəli olduğunu, həmçinin hərəkatın Parlament Şəbəkəsinin də uğurla fəaliyyət göstərdiyini qeyd edib.

M.Forrest Fransanın Yeni Kaledoniyaya qarşı həyata keçirdiyi müstəmləkə siyasəti və cinayətləri barədə məlumat verib, Yeni Koledoniyanın müstəqillik uğrunda apardığı mübarizəsindən, bu yolda Fransanın hər vəchlə maneə törətməsindən, aparılan danışıqları və nizamlama prosesini bloklamasından danışıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Siyasət