Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Bakı İdman Festivalı keçirilib

post-img

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Bakı İdman Festivalı keçirilib.

Bu barədə AZƏRTAC-a BŞTİ-dən məlumat verilib. Tədbir Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyev və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Öncə qonaqlar idmanın müxtəlif növlərinə həsr olunmuş guşələrlə tanış olub, məktəblilərin ayrı-ayrı idman növləri üzrə çıxışlarını izləyiblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva ölkəmizdə idman siyasətinin təməlinin və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyev ölkəmizə hələ birinci rəhbərliyi dövründə digər sahələrdə olduğu kimi, idmanın da inkişafına böyük qayğı göstərib. M.Vəliyeva Ulu Öndərin milli maraqlara əsaslanmaqla həyata keçirdiyi çoxşaxəli siyasi strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla davam etdirildiyini bildirib. Elm və Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən idmanın inkişafı istiqamətində atılan müvafiq addımlardan bəhs edən idarə müdiri idman həftəsi çərçivəsində Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş I Bakı İdman Festivalını yüksək qiymətləndirib. Bildirib ki, bu kimi festivallara şagirdlərimizin həvəslə qatılması idman sahəsinin daha parlaq gələcəyindən xəbər verir.

Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin Komitə sədri, Universal Döyüş Federasiyasının vitse-prezidenti Sadiq Qurbanov Azərbaycanın müstəqillik qazandığı ilk illərdə Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu idman siyasətinin uğurundan, Prezident İlham Əliyevin idmana, idmançılara və bu sahədə çalışan mütəxəssislərə göstərdiyi böyük diqqət və qayğıdan bəhs ediblər. Həmçinin şagirdlər arasında idmana meyil və marağın gücləndirilməsi məqsədilə məktəblilər arasında təşkil olunan belə festivalların mühüm əhəmiyyətindən danışıblar.

Festival V-XI sinif şagirdlərinin müxtəlif idman növlərində hazırladıqları çıxışlarla və bədii-musiqili proqramla davam edib.

Mədəniyyət