Türkü Azərbaycanda kim iranlı edib?

post-img

Qəzetimizin ötən saylarında “Cənubi Azərbaycan” səhifələrində Türkiyənin Ərzincan Binəli Yıldırım Universitetinin professoru Əli Kafkasiyalının İran türkləri barədə silsilə yazılarını dərc etmişdik. Tanınmış türkoloq bugünlərdə redaksiyamıza göndərdiyi məktubda bildirir:

– Hörmətli “Xalq qəzeti” redaksiyası! Bir kitabı tanıtmaq, bəlkə də, onu yaz­maq qədər önəmlidir. İran çoğrafiyası haqqında yazmış olduğum kitablar, uzun illərin və zəhmətin bəhrəsi olan tədqiqatlarım ilk dəfədir ki, qəzetinizin sayəsində Azərbaycanda ışıq üzü, göz izi gördü. Bir neçə il əvvəl AMEA-nın Ta­rix İnstitutunda irihəcmli “İran türkləri” kitabım haqqında xoş sözlər söylədilər və bu barədə müəyyən işlərin görülə­cəyini planladılar. Amma sonralar bir səs-sədası olmadı. Mənim bu kitabda yazdıqlarımın, ən önəmlisi də İran re­jiminin türklərə qarşı apardığı təhdid siyasətinin Azərbaycan xalqına çatdı­rılmasını alqışlayır və sözün həqiqi mə­nasında, bunu türkçülük yolunda böyük fədəkarlıq adlandırıram. Var olun! 

Böyük şər güclər və onların yer­li himayədarları əsrlər boyu türk dili, ədəbiyyatı, incəsənəti və bütün mədəni dəyərləri ilə bağlı o qədər böyük saxta­karlıqlar etmişlər və o qədər böyük ya­lanları həqiqət kimi təqdim etmişlər ki, milli mənliyimiz, tarixi köklərimiz doğru olmayan “yalan həqiqətlər” qiyafəsində təqdim olunmuşdur. Onları düzəltmək, başqa sözlə, yanlış təsəvvürləri insan­ların təfəkküründən silmək lazımdır. Əl­bəttə ki, asan deyil. 

Əsrlərin saxtakarlığını qısa zaman­da düzəltmək çox cətindir. Xüsusilə təkəri geri fırlatmaq istəyən insanların hakim olduğu müddətdə bu, daha çə­tindir. İranla bağlı kitabları, məqalələri yazdığım illərdə hətta universitetlərin çox hörmətli professorları sual edirdilər ki, İranda türk varmı? Əli xoca, Tan­rı eşqinə bunları haradan çıxarırsan? İrandakı türklərin böyük əksəriyyəti de­yir ki, iranlıyıq. Azərbaycan türkləri isə deyirdilər ki, biz azəriyik. 

Sağ olun ki, sizin kimi dəyərli dost­ların zəhməti ilə güvənli həqiqətləri Türk dünyasına çatdıra bildik. Arzu və istəklərimiz yenə sizin fədakar səyləri­nizlə daha da inkişaf etdiriləcək. Böyük Qaspıralının yüz il öncə söylədiyi dahi konsepsiya bu gün də aktualdır, bu gün də yenə fikirdə və əməldə birlik tələb olunur. 

Bir qavrayış birliyi, həqiqətləri həqiqət, yanlışları isə yanlış qəbul etdi­yimiz zaman türk birliyini qura biləcəyik. Bir daha təşəkkür edirəm və ən xoş ar­zularımı bildirirəm. 

 

Əli KAFKASİYALI,
professor

Türkiyə

Siyasət