Britaniyalı nazir: Azərbaycan çox dəyərli və etibarlı tərəfdaşımızdır

post-img

Biz Azərbaycanla Ermənistanı sülh prosesinin və danışıqların davam etdirilməsinə çağırır və bunu təşviq edirik. İnanırıq ki, irəliyə getməyin ən yaxşı yolu bütün tərəflərin müsbət mühitdə müzakirələr aparmasıdır. Biz açıq şəkildə bildirmişik ki, bu proses davam edərsə, onun çoxlu dividendləri və faydası olacaq. Hər kəs sülhün olduğu gələcək istəyir. Böyük Britaniya olaraq biz bütün tərəfləri gələcək sülh prosesində səmimi şəkildə iştirak etməyə çağırırıq.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət naziri Leo Dokerti söyləyib.

O bildirib: “Gələcək sülh əməkdaşlığa, dezeskalasiyaya və münasibətlərin normallaşmasına əsaslanır. Nazir qeyd edib ki, iqtisadi inkişaf üçün azad olunmuş ərazilərdə minaların təmizlənməsi və yaşayışın bərpası lazımdır, bu, dayanıqlı sülhə imkan yaradacaq. “Ümid edirik ki, Qafqaz regionunda liderlər birlikdə dezeskalasiya üçün və gələcək sülh üçün çalışa bilərlər. Çünki bu, xalqların da istədiyidir”.

Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrdən danışan nazir deyib ki, iki ölkənin münasibətləri yüksək səviyyədədir. Böyük Britaniyanın Azərbaycanla xüsusilə neft-qaz sahəsində uzunmüddətli əlaqələri var. “BP” şirkəti Azərbaycanda ən böyük xarici investordur. “Uzun illər bu sahədə çox uğurlu əməkdaşlığımız olub. Lakin təbii ki, münasibətlərimiz yalnız bu sahəni əhatə etmir. Təhsil, bərpaolunan enerji, digər biznes sahələri, inşaat və başqa sahələri də qeyd edə bilərəm. Azərbaycanın çox mürəkkəb qonşuları var, lakin ölkəniz çox məsuliyyətlə hərəkət edir. Biz Azərbaycanla mövcud münasibətlərimizi çox yüksək dəyərləndiririk. Azərbaycan çox dəyərli və etibarlı tərəfdaşımızdır”, - deyə Leo Dokerti diqqətə çatdırıb.

Siyasət