Artıq iki aya yaxındır ki, azərbaycanlı ekofəallar, QHT nümayəndələri və könüllü gənclər, Laçın-Xankəndi yolunda şaxtaya, soyuğa, qara baxmayaraq , etiraz aksiyalarını davam etdirirlər. Gənclərimiz əsl vətənpərvərlik nümayiş etdirir, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı , xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz səslərini qaldırıblar. Azərbaycanlı ekofəalların və ictimaiyyət nümayəndələrinin mövqeyində israrlı olmaları, ölkəmizə məxsus faydalı qazıntı yataqlarının ermənilər tərəfindən istismar edilməsinə dözməmələrinə artıq beynəlxalq aləmdə də haqq qazandırılır. Gənclərimizin bu qətiyyəti, mövqelərində israrlı olmaları öz nəticəsini verdi. Özünü Qarabağdakı separatçı rejimin “dövlət naziri” adlandıran, həmin ərazidəki qızıl, dəmir-filiz yataqlarının sahibi kimi aparan Vardanyan dinc aksiyaçıların qarşısında davam gətirə bilmədi və sülhməramlıların köhnə paltar daşıyan maşınında gizlənərək aradan çıxdı. Hazırda separatçı rejimin “dövlət naziri”nin sorağı Moskvadan eşidilir.
Gənclərimizin bu vətənpərvərliyi ona 2022- ci il sentyabrın 27- də Ermənistan ordusunun bütün sərhədboyu ərazilərimizdə törətdikləri təxribatların qarşısının alınmasında gənclərimizin bir yumruq kimi birləşməsini və Vətənin müdafiəsində sinələrini sipər etmələrini xatırlatdı. O zaman da yenilməz ordumuzun əksəriyyəti gənclərdən ibarət idi. Onlar 44 gün ərzində düşməni darmadağın edib 30 illik erməni işğalına son qoydular. İndi də gənclərimiz təbii sərvətlərimizin ermənilər tərəfindən talan edilməsinə etirazlarını bildirir və bu yolda israrlı olduqları dünyaya bəyaan edirlər. Artıq separatçı rejim kökündən silkələnib və bu rejimin başbilənləri qaçıb gizlənməyə yer axtarırlar. Ermənistan kütləvi informasiya vasitələri də etiraf edirlər ki, Qarabağdakı erməni separatçıları arasında qarşıdurma getdikcə güclənir. Azərbaycanlı ekofəalların davamlı dinc aksiyası separatçıları pərən-pərən salıb. Ermənistanın kütləvi informasiya vasitələri Xankəndidəki mənbələrinə istinadən yazırlar ki, “dövlət naziri” Ruben Vardanyan artıq özünü o ərazilərdəki yeralrı sərvətlərin sahibi kimi apara bilmir. O, gecə hamını yuxuya verdikdən sonra Xankəndidən qaçıb.
Xankəndidə Vardanyana inanan, onun arxasınca gedən kütlə yox idi. Çünki müharibədən canlarını güclə salamat qurtaran ermənilər yeni müharibənin tərəfdarı deyillər. Vardanyan isə revanşistlərin sözünü təkrarlayaraq, müharibənin davam etdiriləcəyini deyirdi. Hətta, Vardanyan Azərbaycanla danışıqlar aparılması niyyətində olduğunu da gizlətmirdi. Ancaq Azərbaycan tərəfinin mövqeyi birdir: Vardanyan kimdir ki, onunla bir masa arxasında oturaq? Vardanyanı ortalığa atanlar gec də olsa, dərk etməyə başlayıblar ki, ondan siyasi fiqur olmaz. Bundan sonra kimsə yenidən bir daha Vardanyanın, yaxud Vardanyan funksiyalı siyasətdən bixəbərlərin Qarabağa göndərilməsinə cəhd etsə, Azərbaycan dövlətinin qəti, prinsipial mövqeyi ilə qarşılaşacaq: “Xatırladım ki, Prezident İlham Əliyev də dəfələrlə bəyan edib ki, kim istəyirsə, Azərbaycan bayrağı altında Qarabağda yaşaya bilər. İstəməyənlər üçün qapı hər zaman açıqdır. Artıq bəllidir ki, Vardanyan kimilər Azərbaycan torpaqlarına çirkin niyyətlərini həyata keçirməklə, Azərbaycanın suveren ərazilərində separatçılıq meyillərini gücləndirmək, təxribatlar yaratmaq və buy olla təbii sərvətlərimizə sahib çıxmaq niyyəti ilə göndərilir. Təbii ki, bu hiyləgərlik baş tutmayacaq. Artıq prosesin gedişi Azərbaycanın tələblərinin yerinə yetirlməsindən xəbər verir”.
Ruben Vardanyan Azərbaycana qarşı müharibə anonsları verirdi. Əslində, bu, Vardanyanın vəziyyətini daha da ağırlaşdırır, Xankəndidə gərginliyi getdikcə artırırdı. Bu gərginlik son anda Vardanyanın başında çatladı və son çıxış yolunu qaçmaqda gördü: “Hesab edirəm ki, Vardanyanın yenidən Xankəndiyə dönüşü və “dövlət nazirir” kimi fəaliyyətini davam etdirməsi qeyri-mümkündür. Hazırda Ermənistanın rəhbərliyi və keçmiş prezidentlər də Vardanyanla qatı düşməndirlər. Çünki onlar bu adamı çox yaxşı tanıyırlar və onu da bilirlər ki, Vardanyan özünü Ermənistanın baş naziri postuna hazırlayır. Vardanyanın siyasi fiqur ola bilməməsinin əsas səbəbi onun siyasətdən uzaq, naşı, özündənrazı və yalnız var-dövlət toplamaq hərisliyində olmasıdır”
Vardanyan Rusiyanın razılığı olmadan İranın xüsusi xidmət orqanlarının əməkdaşları ilə gizli sövdələşməyə girdi və SEPAH-ın 28 üzvünü Xankəndiyə dəvət etdi. İran casuslarından 18 nəfəri hələ də Xankəndidədir. Hazırda Paşinyanla Vardanyan arasında münasibətlərin yaxşı olmadığı və hər keçən günün daha da gərginləşdiyi barədə məlumatlar hər zaman səslənir. Çünki Vardanyan özünü təkcə qondarma rejimin naziri kimi yox, faktiki olaraq birinci şəxsi kimi aparırdı. Hətta, yaxın vaxtlarda Ermənistanda hakimiyyətə gətiriləcəyi barədə məlumatlar da yayırdı. Ancaq arzusu ürəyində qaldı, azərbaycanlı ekofəaklların dinc, israrlı aksiyaları qarşısında davam gətirə bilməyib qaçdı.
Çingiz QƏNİZADƏ,
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru