Səhiyyə Nazirliyi və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) birgə təşkilatçılığı ilə Bakıda I Türk Dövlətləri Kardioloji Qurultayı keçirilib. Beynəlxalq tədbirdə dövlət qurumlarının rəhbər şəxsləri, Milli Məclisin deputatları, Tibb Universitetinin tələbələri, digər ali təhsil və tibb müəssisələrinin nümayəndələri, tanınmış elm xadimləri və “ETKİ könüllüləri” iştirak ediblər.
Qurultaya Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Bosniya və Herseqovina və Şimali Kipr Türk Respublikasından kardiologiya sahəsində ixtisaslaşmış elmi və tibb müəssisələrinin, eləcə də peşəkar cəmiyyətlərin rəhbərləri və nümayəndələri qoşulublar. Öncə Dövlət Himni səsləndirilib, sonra ulu öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev tədbir iştirakçılarını salamlayaraq, qurulayın vacibliyini vurğulayıb: “Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir”.
Nazir qurultayın təşkilinin ənənə halı almasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsini təklif edib.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı tarix boyu türk xalqlarının bir-birinə ürəkdən bağlı olduğunu vurğulayıb. Onun sözlərinə görə, beynəlxalq tədbir türk dünyasından olan kardiologiya mütəxəssislərini bir araya gətirərək, birgə tədqiqat imkanlarını nəzərdən keçirmək və ürək-damar xəstəliklərinin müalicəsində əhaliyə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətini artırmasına öz töhfəsini verəcək.
ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova qeyd edib ki, qurultayın proqramına yeni tibbi texnologiyaların və tibbin fundamental nailiyyətlərinin tətbiqinin praktiki aspektlərinə həsr olunan plenar və bölmə iclasları, orijinal tədqiqatın nəticələri, real klinik təcrübədən olan hallar əsasında klinik müzakirələr, debatlar və yeni klinik tövsiyələr daxildir.
Türkiyənin ürək nəqli edən ilk qadın doktoru, professor Serap Aykut, Qazaxstan Respublikasının baş kardioloqu, professor Maxabat Bekbosınova, Özbəkistan Səhiyyə Nazirliyinin baş kardioloqu Xurşid Fozilov və digərləri çıxış edərək, kardioloji xəstəliklərin müalicəsində əldə edilən son nailiyyətlərdən söz açıblar.
Azərbaycan və türk dövlətləri haqqında videoçarxların nümayişindən sonra tədbir bədii hissə ilə davam edib. Ümumilikdə, 3 gün davam edən qurultaya 1000-dən artıq yerli və xarici mütəxəssis qatılıb. Qurultay Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası tərəfindən akkreditasiya olunub və 51 DTT kredit balı ilə qiymətləndirilib.
Zərifə BƏŞİRQIZI
XQ