“Ötən illə nisbətdə icbari tibbi sığortaya daxil olan xidmət sayında bu ilin 10 ayı ərzində 30 faiz artım müşahidə olunub. Ambulator tibbi xidmət 87 faiz, stasionar tibbi xidmət isə 13 faiz artıb”.
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev agentliyin illik fəaliyyəti və strateji hədəfləri mövzusunda mətbuat konfransında deyib.
O qeyd edib ki, bir pasiyentə düşən xidmət sayında və bir pasiyentə düşən müraciət sayında müvafiq olaraq 1.5 və 1.1 dəfə artım olub.
“Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə gəlir ki, bu da həkim baxışı, qəbuludur. Daha sonra endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozuntuları, tənəffüs sistemi xəstəlikləri və qan dövranı sistemi xəstəlikləridir.
Cari ildə göstərilən tibbi xidmətlərin 59 faizi regionların payına düşüb”,- deyə Z.Əliyev bildirib.