Daşkənddə “Cədidlər: Milli kimlik, müstəqillik və dövlətçilik ideyaları” mövzusunda beynəlxalq konfrans keçirilib. Ölkəmizi bu məclisdə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti İsa Həbibbəylinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
Konfransın işində Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, TÜRKSOY-un Baş katibi Sultan Rayev, Astanadakı Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktota Raimkulova, eləcə də Amerika Birləşmiş Ştatları, Almaniya, İsveçrə, Türkiyə, Yaponiya, Niderland, Qazaxıstan, Qırğızıstan, Tacikistan və digər ölkələrin alimləri, hökumət strukturlarının nümayəndələri iştirak edilər.
Məclisin əvvəlində Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakçılara müraciəti təqdim olunub. Özbəkistan Prezidentinin köməkçisi Səidə Mirziyoyeva açılış nitqi ilə çıxış edib.
Forumda cədidlərin maarifçilik ideyalarının konseptual cəhətdən öyrənilməsi, təhlili və sistemləşdirilməsi fikri diqqət mərkəzində olub. ХХ əsrin əvvəllərində cədidlər tərəfindən yaradılan dövlət strukturunun qanunvericilik bazasının təhlili yolu ilə onların Türküstanda milli dövlətçiliyin yaradılmasında rolu, hüquqi demokratik cəmiyyət yaratmaq uğrunda fəaliyyətləri müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin üzvü, AMEA Fəlsəfə institutunun professoru Faiq Ələkbərov “İsmayıl bəy Qaspralının cədidçilik fəlsəfəsi” mövzusunda məruzə edib.
Konfrans çərçivəsində cədid hərəkatına və onun Yeni Özbəkistanda dirçəldilməsinə həsr olunan “Yaddaş dəhlizi”
ensiklopediyasının təqdimatı keçirilib.
Qulu KƏNGƏRLİ,
XQ-nin xüsusi müxbiri
Daşkənd