Ərzurumdan baxdıq böyük Turana…

post-img

Müxbirimiz Türkiyədən qayıdıb       

Qara dəniz sahillərindən çətin aşılan, lakin bənzərsiz mənzərələri ilə insanı heyran edən dağ yollarını, dolamaları keçib adı tarixi bağlarla, dastanlatrımızla doğmalaşmış Ərzuruma yetişdik. Bu şəhər burada yaşayıb-çalışan professor, tanınmış türkoloq və azərbaycanşünas Əli Kafkasiyalının illərdən bəri ölkəmizlə qurduğu əlaqələrlə bizə ikiqat doğma və sevimli olub.

Əli bəy dəvətini qəbul edib gəldiyimizi bilirdi. Düşdüyümüz oteldə yenicə rahatlanmaq istəyirdim ki, telefon zəng çaldı. Səsini eşidən kimi, yorğunluğum qaçdı. Oteldə yerləşdiyimi eşidəndə məni “Evimiz-eşiyimiz yox idimi?” qınağı ilə salamlayıb sonra “Yaxşı, dincəlin, sabahdan mənim sərəncamımdasınız” hökmü il sağollaşdı.

Azərbaycan sevdalı Əli Kafkasiyalı

Əli bəylə şəhərin Ərzincan səmtində sakit bir məhəllədə yerləşən evində görüşürük, həyətdəki səliqə-səhman, hər şeyin yerli-yerində olması göz oxşayır. Xeyli vaxtdır xəstə olan həyat yoldaşı Rayifə xanıma təqdim edir: “Dostlarımdır, Azərbaycandan bizi görməyə gəldilər”. Sanki, Azərbaycan sözünü eşidən kimi, Rayifə xanımın üzünə qəribə bir təbbəsüm gəlir, zərif və nurlu çöhrəsindəki işığın nələr dediyini anlamaq çətin olmadı... (Təəssüf ki, yazı çapa hazırlananda acı xəbərini aldıq, ruhu şad olsun).

Bir-iki dəqiqəlik sükutdan sonra Əli bəy kövrək təqdimatına davam edir: Ağır günlərin çox sınaqlarından çıxdıq, 3 uşaq böyütdük. Qızımız həkimdir, Ankarada yaşayır. Oğlanlarım Məhəmməd Savaş Kafkasiyalı və Yavuz Səlim mənim yolumun davamçılarıdır, elmləri ilə türkçülüyün xidmətindədirlər. Savaş Strateji Düşüncə İnstitutunun rəhbəridir, Yavüz isə Qars Qafqaz Universitetində bölüm başqanıdır... 

Elə bu vaxt telofon zəng çalır. Ərzurum Universitetindən keçmiş tələbəsi, indi bölüm müdiri olan professor Bahadır Gücüyetər Ərzurum Böyükşəhər Bələdiyyəsinin dəvəti ilə İrandan gəlmiş qonaqlarla universitetdə görüşün təşkili ilə bağlı Əli bəyin fikirlərini bilmək istəyir.

Sabah başlayacaq tədbirə biz də dəvət alırıq.

Azərbaycan əsilli Əli Kafkasyalı Türk dünyasının, eləcə də ölkəmizin elmi dairələrində yaxşı tanınır. Atası Qazaxın II Şıxlı kəndindən olub. Babası Məmməd Baba AXC zamanı Milli Ordunun sərhəd mühafizə dəstəsinin rəisi vəzifəsində çalışıb, XI Qırmızı Ordu ilə vuruşlarda şəhid olub. Var-dövlətləri əllərindən alınmış ailə məcburən Türkiyəyə köçüb.

Uzun illər Qars, Ərzurum, Rizə, Diyarbakır vilayətlərində müəllimlik edən, Türkiyə Təhsil Nazirliyində çalışan Əli bəy Ankara Universitetinin məzunudur. 6 il Fransada yaşayıb və elmi tədqiqatlarını burada davam etdirib. Sonralar Atatürk Üniversitetində, Qazaxıstanın Hoca Əhmət Yasəvi Beynəlxalq Türk–Qazax Üniversitetində çalışıb, Türkiyənin Giresun Üniversitetində türk dili və ədəbiyatı bölümünə rəhbərlik edib, ədəbiyyat fakültəsinin dekanı olub. Elmi-pedaqoji fəaliyyətinin önəmli bir hissəsi də Azərbaycanla bağlıdır. Magisr və doktorluq təhsilini Bakı Dövlət Universitetində tamamlayan Əli bəy “Mikayıl Azaflının həyat yolu və sənətkarlığı” (1994), “Aşıq Mikayıl Azaflının yaradıcılığı” (1996) mövzusunda magistr və doktorluq işi müdafiə edib. “Mikayıl Azaflının həyatı, sənəti və əsərləri” adlı monoqrafiyanın müəllifidir.

Altıcildlik "İran Türk antalogiyası"nın, "İran türkləri – aşıq mühiti", "İran türk aşıqları və milli kimlik", "İran türkləri", "İran coğrafiyasında türklər", "Sürgündə aşıq ənənəsi – Orta Asiyaya sürgün edilən Axıska–Axalkələk aşıq ənənəsi və aşıqlar", "Səməd Vurğun. Milli şairə dair" və başqa elmi araşdırma kitablarının müəllifidir. Son 20 ilin tədqiqatları olan bu monoqrafiyaların ümümi həcmi 6 min səhifəyə çatır. 

Professor Əli Kafkasiyalı elmi kitabları ilə yanaşı, fars, rus, qazax, Azərbaycan türkçəsinə çevrilmiş roman və hekayələrin də müəllifidir. Türk dünyasında, xüsusilə, Azərbaycanda bolşevik işğalından sonrakı dövrdəki qacaq hərəkatının, milli azadlıq mücadiləsinin az öyrənilən tarixini bədii əsər kimi qələmə alıb və oxuculara təqdim edib.

Elmi kitab və araşdırmalarında olduğu kimi, “Qartallar sərhəd tanımaz”, “Qafqaz qaçaqları” romanlarında da Əli bəy Böyük türkün mərdlik və qəhrəmanlığının tarixini yazmaqla, həm də milli kimliyimizi gənc nəsillərə bir daha dərindən tanıdıb. O gənc nəslə ki, 44 günlük Qarabağ savaşı ilə türk tarixinin ən yeni Zəfər tarixini yazdı.

Əslində, yaradıçılığı ilə tanış olduqca görürsən ki, Əli bəyin özü də daha yaxından tanıdılmağa ehtiyac duyulan şəxs və milli dəyərdir. Oğlu Savaş Kafkasiyalı atası Əli Kafkasiyalının “Səməd Vurğun. Milli şairə dair” kitabına yazdığı təqdimatda bildirir: “Bir bilən anlatmış Səməd Vurğunu bu əsərdə. Bildiyini, elədiyini, qeyrətini, fəda etdiyini, fədakarlığını, qaranlığı və qara günlər yaşadığını bildiyimiz, şahidlik etdiyimiz, millətinə, millətinin dəyərlərinə, millətinin birliyinə və diriliyinə könül vermiş, elinə vurğun bir adam anlatmış Səməd Vurğunu”. 

Türkiyə ümid qapısı – Turan ulu bir qüvvətdir

Əli Kafkasiyalı keçən ilin oktyabırında Türkiyənin Ərzincan şəhərində keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumunun təşkilatçılarından olub. Bu tədbirin önəmini Əli bəy belə yad etdi:

– Türk dünyası Qarabağ zəfəri ilə canlandı. İndi dünyanın hər yerində bu birliyin inkişafı və uğurları geniş müzakirə mövzusudur. Həm ayrı-ayrı dövlət qurumları, həm qeyri-hökumət təşkilatları bu yöndə çoxsaylı tədbirlər keçirir, mövzunun aktuallığını gündəmdə saxlayırlar. Türkiyənin sonuncu baş naziri və Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli İldırımın himayəsi ilə keçən ilin oktyabırında Türkiyənin Ərzincan şəhərində keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumu bu sahədə yeni bir addım oldu. 

Türk Dünyası Simpoziumu beynəlxalq olsa da, tamamilə türkdilli bir simpozium kimi yadda qaldı. Məqsədimiz millətçiliyi təbliğ etmək deyil, dünyada bir çox problemlərlə mübarizə aparan məzlum insanların ümid yeri, sığınacağı olan Türkiyəni və Türk dünyasını gücləndirmək, qlobal problemlərin həllinə töhfə vermək üçün bu qardaş və qohum xalqlarla ortaqlıqlar qurmaqdır. Türkiyə bu gün xalqların ümid qapısı, Turan isə dünyanın sabahı üçün ulu bir qüvvətdir.

Beynəlxalq məclis sıradan bir simpozium deyildi, böyük və müqəddəs məqsədlərə xidmət etmək amalı daşıyırdı. Simpoziumda, ilk növbədə, Türk dünyasındakı problemlərin müəyyənləşdirilməsi, daha sonra isə həlli diqqət mərkəzində oldu. Başqa sözlə, daha təsirli və həlli zəruri ideyalara çatmaq əsas məqsəd oldu. Bu yol dövlətlərimiz tərəfindən qurulub. Türk Dövlətləri Təşkilatı 3 oktyabr 2009-cu ildə Naxçıvan müqaviləsi ilə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında qurulmuş beynəlxalq təşkilatdır. Özbəkistan isə 14 sentyabr 2019-cu ildə Türk Şurasına üzv qəbul edilib. 2018-ci ilin sonlarından bu yana Macarıstan və Türkmənistanın birliyə müşahidəçi dövlət kimi daxil olması onun möhkəmlənməsində növbəti uğurlu addımdır.

– Konfransın işinə bütün türk dünyasını cəlb etmişdiniz. Bu iş həm ağır idi, həm də böyük uğur idi.

– Simpoziuma Türkiyə, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Özbəkistan, Türkmənistan, Başqırdıstan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, İran, Polşa, Macarıstan, İraq, Makedoniya, Monteneqro, Albaniya, Bosniya və Herseqovina, Almaniya, ABŞ, Cənubi Koreya, Yaponiya, Monqolustan, Çexiya, Rusiya (Tatarıstan, Xakasya, Tuva, Altay, Saxa) kimi ölkələrdən, hətta Qaqauz torpağından nümayəndələr gəlmişdilər. Ümumilikdə, min nəfərə qədər elm adamı və siyasətçinin iştirakı qeydə alınmışdı.
 Layihə proqramı və məqsədləri baxımından hər hansı bir fəaliyyətin təqlidi və ya davamı olmadı, yeni düşüncələri ehtiva edən ciddi bir aksiya oldu. Məqsəd isə Türk dünyasına fayda vermək idi. Onu da vurğulamalıyam ki, simpoziumun məqsədlərinin həyata keçirilməsi Türk millətinin gücü və iradəsi daxilindədir.

– Azərbaycan alimlərinin simpoziumda iştırakı da yüksək dəyərləndirildi.

– Simpoziumun ruhuna uyğun olaraq türkologiyanın bütün sahələrində fərqlənmiş dövlət xadimləri, millət vəkilləri və türk dünyasının kifayət qədər geniş tanıdığı elm adamları dəvət olunmuşdu. Türkiyə üçün, təbii ki, bütün türk xalqları, türk tayfaları və türk dövlətləri əziz və doğmadır. Lakin bir həqiqət var ki, Azərbaycan alimlərinin bir çox sahələrdə olduğu kimi, türkologiya sahəsində də yüksək və zəngin təcrübəsi var.

1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətindən sonra bolşevik hakimiyyəti dövründə Azərbaycan ziyalıları və alimləri ciddi təqiblərlə üzləşsələr də türkologiya elminə böyük töhfələr verdilər. 1926-cı ildə Bakıda Birinci Türkoloji Qurultayı keçirildi və bu gün də əhəmiyyətini itirməyən qərarlar qəbul edildi.

Unutmamalıyıq ki, bu qurultaya qədər latın əlifbasına keçidlə bağlı qərar da Bakıda qəbul edilmişdi. Türkiyə Azərbaycandan xeyli sonra latın əlifbasından istifadə etməyə başlayıb. Sonrakı illərdə sovet quruluşunun amansız repressiyalarına baxmayaraq, türkologiya sahəsində Azərbaycanlı alimlər böyük tədqiqatlar aparmağa nail oldular. Bu simpozium da Azərbaycan nümayəndələrinin təcürbələrindən maksimum faydalandı.

Bu gün ağır günlər yaşayan bəşəriyyət böyük bir təlaş içindədir. İnsanların ziyalılardan, alimlərdən gözləntiləri çoxdur. Belə bir durumda Türkiyə həm strateji və sabit mövqeyi ilə, həm də prinsipial və etibarlı addımları ilə bəşəriyyətin ümid qapısı kimi görünür. Bu durumda Türkiyə tarixin verdiyi mühüm missiyanı uğurla yerinə yetirməlidir. Bütün gücünü, qudrətini səfərbər etməlidir. Bunun yolu da Türk dövlət və toplumlarının məşhur “Dildə, fikirdə, işdə birlik” amalından keçir. Dil birliyi olmadan düşüncə ortaqlığı, düşüncə birliyi olmadan da iş ortaqlığı qurmaq mümkün deyildir.

– Azərbaycandan söhbət düşmüşkən, ölkəmizin sivil ünvanı, xalqımızın poetik ruhunun zirvəsi olan Səməd Vurğunu Türkiyədə yenidən tanıtdınız.

– Türkiyənin “Bəngü” nəşriyyatı Səməd Vurğun barədə 490 səhifəlik əsərimi nəşr etdi. Fürsətdən istifadə edib həm bu, həm də başqa əsərlərimin Azərbaycan türkcəsində təqdimatına gorə həmkarlarım və dostlarım, yazıçı-publisistlər Məti Osmanoğluya və İsmayıl Umudluya təşəkkürlərimi çatdırıram. Əsər Azərbaycan ədəbiyyatı tariхində “sоvеt еpохası”nın böyük pоеziya nümunələrini yaradan Səməd Vurğunun həyat və yaradıcılığına həsr olunub. Mənim Səməd Vürğuna böyük sevgim olub. Əsərdə böyük Azərbaycan şairi təkrarsız pоеtik şəхsiyyət, ictimai хadim, еlm və sənət təşkilatçısı, dramaturq, mütərcim və mütəfəkkir kimi təqdim edilir. 

Səməd Vurğun sоvеt şairi idi və sənətkarlıq хüsusiyyətlərinə görə, Azərbaycanda ilk sоvеt pоеziyası məktəbi də “Səməd Vurğun məktəbi” kimi fоrmalaşmışdı. Amma Səməd Vurğunun möhtəşəm yaradıcılığının və şəxsiyyətinin üstündən “sоvеt şairidir” dеyə keçə bilməzdim. Səməd Vurğun dünya miqyaslı bir şairdir, mən onu yüksək idealları ilə bəşərin fövqündə duran, bütün yer kürəsinə sığmayan vətənpərvər, yaradıcı şəxsiyyət kimi görürəm. Kitabda Səməd Vurğunun seçmə şeirləri, poema və məqalələri də türkcəyə çevrilərək təqdim olunub. Monoqrafiyada Vurğunun bənzərsiz şəxsiyyətini, ana dilimizin formalaşmasında, zənginləşməsində xidmətlərini, azərbaycançılıq məfkurəsini birləşdirərək bütöv Səməd Vurğun obrazı yaratmağa çalışdım.

– Eşitdik ki, Nazim Hikmətin də həyat və yaradıçılığı ilə bağlı yeni kitab hazırlamısınız.

– Kitab yaxın günlərdə nəşr edildi. “Böyük türk şairi Nazim Hikmət və Türk Dünyası” adı ilə. 630 səhifəlik kitabı Türkiyənin “Nobel Yayıncılık” nəşriyyatı oxuculara təqdim etdi. Kimin nə deyib-deməməyindən asılı olmayaraq, Nazim Hikmət taleyini millətindən, Vətənindən və bayrağından bir an belə ayırmayan şəxsiyyət olub. Mənim üçün Türk dünyasının tərəqqisi naminə bütün varlığı ilə çalışan hər bir insan doğmadır. Nazimin həyat və yaradıçılığı ilə bağlı hazırladığım kitabda da bu amalı üstün tutmuşam.

Türkün dastanlarını yazaq və oxuyaq

Türk dünyasının ictimai-siyasi fikir tarixində xüsusi yeri olan şəxsiyyətlər haqqında həmişə yazılıb və yazılacaq da. Nə yaxşı ki, belə şəxsiyyətlər saysız-hesabsızdır. Haqqında yazılanlar böyük dəyərlər olduğu kimi, əslində, onlar barədə yazanlar da başqa bir dəyər yaradırlar. Min illər əvvəl olduğu kimi, Türk dünyası bu gün də məhz belə insanların sayəsində özlərinin qədim və yeni həqiqətlərini tanıyır. İndi bu ənənə yeni çağırışlar üzərində davam edir. 

Sovetlər Birliyinin süqutundan sonra 30 ildən çoxdur ki, həyatın bütün sahələrində əməkdaşlıq imkanları vüsət alıb. İndi də tarixin sınaq məqamlarında təkcə öz müqəddəratlarının həllində deyil, həm də bütün regionda sabitliyin və əmin-amanlığın təminatında xüsusi rolu olan yeni qüdrətli birlik qurulur. Bu sırada Böyük Türk dünyasının dəyərli və yorulmaz tədqiqatçısı olan professor Əli Kafkasiyalının da xüsusi xidmətləri və yeri var. Son olaraq, Əli Kafkasiyalının kitablarından birinə epiqraf seçdiyi sözləri yada salaq: “Qəhrəmanların dastanları yazılmasa, xalq satqınların yalanlarını oxuyar”. Həm də bu dastanları hamılıqla oxuyaq.

Namiq ƏHMƏDOV
XQ

Bakı–Ərzurum–Bakı

 



Sosial həyat