Oftalmoloqların Nardaranda tibbi aksiyası

post-img

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin (MOM) Səyyar klinikası noyabrın 7-də Sabunçu rayonunun Nardaran qəsəbəsindəki 295 №-li tam orta məktəbdə tibbi aksiya  keçirib. Aksiyada məqsəd operativ şəkildə pasiyentləri müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdən ibarətdir. 

Qeyd edək ki, bu, ölkə əhalisinə göstərilən ilk səyyar tibbi xidmət deyil. Mərkəz tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, həmçinin cərrahi xidmət göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Avtomobil səyyar klinika təşkil edilmişdir. Səyyar klinikanın fəaliyyətinin əsas məqsədi əhalinin vaxt itirmədən, öz yaşadıqları ərazilərdə müayinə, müalicə və əməliyyat olunmasıdır. 

Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumatda deyilir ki, oftalmologiyanın respublika üzrə inkişaf etməsinə şərait yaratmaq üçün Masallıda, Gəncədə, Şəkidə MOM-nin regional mərkəzlər fəaliyyət göstərir. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir.

Onu da xatırlatmaq yerinə düşər ki, mərkəzin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş  həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, səyyar klinikanın fəaliyyətini daha da genişləndirmək üçün 2018-ci ildən MOM-nin Dəmiryolu Səyyar Klinikası da fəaliyyətə başlayıb.

Zərifə BƏŞİRQIZI

XQ 

Səhiyyə