Prezident İlham Əliyev Belarusun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 13-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dmitri Pineviçin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Xalqlarımız və ölkələrimiz arasında etimada əsaslanan dostluq əlaqələrinin mövcud olduğunu vurğulayan dövlətimizin başçısı ikitərəfli münasibətlərimizin inkişafının məmnunluq doğurduğunu dedi, indi münasibətlərimizin keyfiyyətcə daha yeni səviyyəyə qalxdığını bildirdi. Prezident İlham Əliyev hazırda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu qeyd edərək bu istiqamətdə çoxlu layihələrin müzakirə olunduğunu dedi.

Dövlətimizin başçısı Aleksandr Lukaşenko ilə mütəmadi əsasda olan təmaslarının önəminə toxundu, Belarus Prezidentinin ölkəmizə dövlət səfərini və COP29-da iştirakını xatırladı, bunların əməkdaşlığımızın genişlənməsinə xidmət etdiyini dedi. Həmin səfərlər zamanı müxtəlif istiqamətlərdə əməkdaşlıqla bağlı çox səmərəli danışıqların aparıldığını vurğulayan Prezident İlham Əliyev müzakirə olunan məsələlərin həyata keçirilməsi istiqamətində səyləri qeyd etdi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Azərbaycana səfir təyin olunmasından şərəf hissi duyduğunu deyən Dmitri Pineviç ilk gündən ölkəmizdə gördüyü yüksək qonaqpərvərliyi və ona göstərilən diqqəti məmnunluqla vurğuladı.

Səfir Azərbaycan və Belarus prezidentləri arasında olan münasibətlərin ikitərəfli əlaqələrimizin inkişafında xüsusi rolunu qeyd etdi.

Münasibətlərimizin inkişafı istiqamətindəki işlərlə bağlı böyük məsuliyyət hissi daşıdığını deyən səfir Azərbaycan və Belarus arasında əlaqələrin daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.

Söhbət zamanı ölkələrimiz arasında innovativ texnologiyalar, tibb, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi, həmçinin humanitar və mədəni əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa-quruculuq işlərində Belarus şirkətlərinin iştirakı məsələsinə toxunuldu.









Rəsmi xronika