Prezident: Azərbaycan-Serbiya münasibətləri möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulub

post-img

Azərbaycan ilə Serbiya arasında münasibətlər möhkəm dostluq, qarşılıqlı etimad və anlaşma üzərində qurulub. Sıx dövlətlərarası əlaqələrimiz və gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımız böyük məmnunluq doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının milli bayramı münasibətilə serbiyalı həmkarı Aleksandar Vuçiçə ünvanladığı təbrik məktubunda yer alıb.

Təbrikdə deyilir: “Bu gün siyasi əlaqələrimizin yüksək səviyyəsi, çoxsaylı qarşılıqlı səfərlər, imzalanan sənədlər, həyata keçirilən birgə layihələr münasibətlərimizin genişlənməsində və qarşılıqlı fəaliyyətimizin dərinləşməsində mühüm rol oynayır. İkitərəfli müstəvidə olduğu kimi ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edirlər”.

Dövlətimizin başçısı əmin olduğunu bildirib ki, Azərbaycan-Serbiya strateji tərəfdaşlığı, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat-logistika, müdafiə və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlığımız birgə səylərimizlə bundan sonra da yüksələn xətlə inkişaf edəcək.

Rəsmi xronika