Türkiyənin müxtəlif vilayətlərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilir.
AZƏRTAC xəbər verir ki, bu məqsədlə Eskişehirdə Xocalı Soyqırımının 33-cü ildönümü ilə bağlı konfrans keçirilib.
Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən təşkil olunan “Xocalı Soyqırımı: Unutmadıq, Unutmayacağıq!” mövzusunda anım konfransı şəhər ictimaiyyətinin geniş iştirakı ilə baş tutub.
Tədbirdə Xocalı soyqırımı zamanı həyatını itirənlər yad edilib, beynəlxalq ictimaiyyətə “Xocalıya Ədalət!” çağırışı olunub.
Anadolu Universitetinin jurnalistika bölümünün tələbəsi Nərmin Qasımzadənin təqdimatında keçirilən tədbirdə əvvəlcə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib, şəhidlərin xatirəsi yad edilib.
Konfransda çıxış edən Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın, onun müavini Sirac Yaquboğlu və Eskişehir Türk Ocağının sədri professor Nedim Ünal Xocalı soyqırımının təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq yarası olduğunu vurğulayaraq, uzun illər keçməsinə baxmayaraq bu qanlı hadisə üçün ədalət mübarizəsinin hələ də davam etdiyini xatırladıblar.
Natiqlər bu faciənin tarixi çərçivədə qiymətləndirilməsinin əhəmiyyətindən danışaraq, tarixdən dərs çıxarmağın zəruriliyini və bu baxımdan Türk dünyasının birliyinin vacibliyini vurğulayıblar.
Çıxışlarda Xocalı soyqırımının unudulmaması və bu cür tədbirlərin gənc nəsillərə tarixi doğru çatdırmaq baxımından böyük əhəmiyyət daşıdığını deyiblər.
Konfransın əsas məruzəçisi beynəlxalq münasibətlər üzrə mütəxəssis Mehmet Gökhan Özçubukçu Xocalıda baş verənlərin beynəlxalq hüquq çərçivəsində soyqırımı kimi tanınmasının vacibliyini və cinayətkarların məsuliyyətə cəlb olunmasının əhəmiyyətini vurğulayıb. O, eyni zamanda, Qarabağın işğaldan azad edilməsi ilə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və bu prosesin siyasi-diplomatik nəticələrindən danışıb.
Tədbir əsnasında “Barama Production” və Eskişehir Azərbaycanlılar Dərnəyi tərəfindən birgə hazırlanan, Xocalı soyqırımına həsr olunmuş xüsusi videoçarx nümayiş etdirilib. Video Xocalıda baş verən insanlıq faciəsini və Azərbaycan xalqının ədalət uğrunda mübarizəsini əks etdirir.