Ağdaban qətliamı–ermənilərin insanlıq əleyhinə qanlı cinayəti

post-img

Ağdaban ictimaiyyəti və Azərbaycanın QHT təmsilçiləri beynəlxalq ictimaiyyətə açıq məktubla müraciət ediblər. Məktubda deyilir: “Biz – 1992-ci il aprelin 7-8-də Kəlbəcərin Ağdaban kəndində Ermənistanın hərbi birləşmələrinin soyqırı­mına məruz qalan dinc azərbaycanlı sakinlər, kütləvi qırğının canlı şahidləri, həmin hadisədə ailə üzvlərini, doğmalarını, evlərini itirən şəxslər və Azərbay­canın vətəndaş cəmiyyətinin təmsilçiləri olaraq, sizə Açıq məktubla müraciət edərək ədalət tələb edirik!

Xocalı soyqırımının ardınca – 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Kəlbəcə­rin Ağdaban kəndində Ermənistan tərə­findən dinc əhaliyə qarşı törədilən kütləvi qırğın zamanı 130-dan çox ev yandırılıb, 779 nəfər kənd sakininə divan tutulub. Faciə zamanı 32 nəfər amansızcasına qətlə yetirilib, 8 nəfər qoca, 2 nəfər az­yaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırılıb. 2 nəfər itkin düşüb, 5 nəfər isə girov götürülüb. 

Faciə zamanı Azərbaycan aşıq ya­radıcılığının görkəmli nümayəndələri – Aşıq Şəmşirin və onun atası Ağdabanlı şair Qurbanın əlyazmaları, külliyyatı məhv edilib, Aşıq Şəmşirin nəvəsi diri-diri tonqalda yandırılıb. 

Azərbaycanın işğal edilmiş ərazilərin­də törədilən soyqırımı aktları, cinayətlərin nəticəsidir ki, bu gün azad edilmiş əra­zilərdə onlarla kütləvi məzarlıqlar aşkar­lanmaqdadır. 

Fransanın, Avropa İttifaqının Avropa sülh mexanizmi adı altında Ermənistanı silahlandırması, revanşizmin baş qal­dırmasına hər cür dəstək verməsi bizi hiddətləndirir. Biz bu hərəkətləri, ərazi bütövlüyü məsələsinə ikili standartlarla yanaşmaları qəbul etmir, bu addımları Azərbaycan xalqına və dövlətinə qarşı fəaliyyət hesab edirik!

XQ

Qan yaddaşı