XX əsrin birinci yarısında ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri soyqırımlarına dair kifayət qədər faktlar həmin dövrün mətbuat orqanlarında öz əksini tapıb, arxiv sənədləri arasında yer alıb.Soyqırımla bağlı gerçəkliklər, arxiv sənədləri Milli Təhlükəsizlik Nazirliyinin bilavasitə köməkliyi ilə toplanaraq nəşr edilib.
Burada məlumat üçün qeyd edək ki, XX əsr ərzində Azərbaycan xalqına qarşı bir neçə dəfə məqsədli şəkildə yönəldilmiş soyqırımı siyasətinin faciəli nəticələri nəinki tariximizin qanlı səhifələrini yazıb, həmçinin müəyyən ərazilərimizin işğalı ilə də nəticələnib. Erməni işğalçıları Azərbaycanın Göyçə mahalını, Dərələyəz və Zəngəzur qəzalarını, Vedibasarı və Dağlıq Qarabağı işğal etməklə ölkəmizdə çoxsaylı insan tələfatına yol açıblar. Azərbaycan xalqı böyük müqavimət göstərməsinə baxmayaraq, XX əsrin əvvəllərində, Birinci Dünya müharibəsi dövründə, İkinci Dünya müharibəsindən sonra və nəhayət, ötən əsrin 80-90-cı illərində mürəkkəb ictimai-siyasi şəraitdə qanlı soyqırımları və deportasiyaların ağır və əzablı yollarından keçməli olmuşdur. Azərbaycanın vətənpərvər yazıçıları ən müxtəlif səviyyələrdə təqiblərə məruz qalmış, xalq düşməni elan olunmuş, tutduqları vəzifələrdən çıxarılmış və həbs edilmişlər. Nəticədə isə XX əsrin Azərbaycan həqiqətləri yalançı erməni təbliğatı ilə saxtalaşdırılıb. BMT-nin sözügedən Qətnamə və Konvensiyasını rəhbər tutaraq qeyd edilməlidir ki, 1905-1907, 1918-1920, 1945-1950, 1988, 1990, 1992-ci illərdə ermənilərin xarici qüvvələrin təsiri və dəstəyi ilə Azərbaycan ərazisində, eləcə də Şərqi Anadoluda törətmiş olduqları qətl hadisələri birbaşa "genosid", yəni soyqırımı cinayəti adlandırılmağa haqq qazanır. Buna səbəb yaradan ən mötəbər mənbələr sırasında dünya kitabxanaları və arxivlərində, həmçinin Azərbaycan, Türkiyə və hətta Ermənistan arxivlərində qorunan o dövrün sənədlərini misal gətirmək mümkündür. Ermənilər tərəfindən azərbaycanlılara qarşı soyqırımlar Azərbaycanın müxtəlif ərazilərində - Bakı, Naxçıvan, Ordubad, Qarabağ, Qazax, Quba, Şamaxı və Xocalıda törədilib. Ağır məhrumiyyətlərə və işgəncələrə məruz qalan insanların acı taleyi tariximizin səhifələrində dərin izlər salıb. Təəssüflər olsun ki, tarixi mənbələrdə həmin hadisələrə dair az sənəd qalıb, ancaq bu hadisələr sənədli şəkildə, həmin dövrün mətbuat materiallarında, ziyan çəkmiş şəxslərin və şahidlərin hekayətləri əsasında yazılmış M.S.Ordubadinin "Qanlı illər" romanı, Cəfər Cabbarlının "1905-ci ildə" dramı, M.M.Nəvvabın "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsərlərində öz əksini tapıb. Bundan başqa, Mirzəbala Məmmədzadə, Seyid Hüseyn, Abdulla Şaiq, Ömər Faiq Nemanzadə, Əhməd bəy Ağaoğlu, Məmməd Əmin Rəsulzadə, Mirzə Bağır Əliyev və başqa ziyalılar da soyqırım mövzusunu bədii ədəbiyyatda geniş şəkildə ifadə ediblər.
Azərbaycan tarixinin acı səhifələrindən biri də "31 mart" soyqırımıdır. Xalqımızın çoxəsrlik tarixində, keşməkeşli taleyində ağrılı, düyünlü məqamlar, faciəli və müsibətli anları çox olubdur. Onlardan biri də millətçi avanturistlərin, muzdlu qatillərin və siyasi reketlərin əlilə 1918-ci ilin martında Bakı, Şamaxı şəhərlərində, az sonra isə Qubada Azərbaycan türklərinə qarşı misli görünməmiş qəddarlıqla həyata keçirilən kütləvi qırğın aksiyasıdır. Siyasi dairələrdə bu qırğını Azərbaycan xalqına qarşı "qətli-am", "soyqırımı", genosid" adlandıranlar da var idi, "Əksinqilabi qiyam", "sinfi mübarizə", "vətəndaş müharibəsi" məfhumları ilə qeyri-obyektiv və yanlış dəyərləndirənlər də Azərbaycan hökumətinin 15 iyul 1918 - ci il tarixli qərarı ilə yaranmış Fövqəladə Təhqiqat Komissiyasının topladığı və rəsmiləşdirdiyi çoxsaylı, zəngin sənədlər, materiallar, şahid ifadələri soyqırımını təsdiqləyən danılmaz arqumentlər və faktlar arsenalıdır. Real, həqiqi tarixi hadisə istənilən zaman hüdudunda heç bir siyasi boya, ideoloji rəng götürməsə də, faktların, dəlillərin inkaredilməzliyinə baxmayaraq, azərbaycanlıların 1918-ci il mart soyqırımı 70 illik "Qırmızı qaranlıqlar" (Ə. Hüseynzadə) dövründə görünməz olmuşdur. Sovet senzura aparatının bütün cəhdlərinə baxmayaraq, azərbaycanlıların soyqırımına həsr olunmuş əsərlər mənəvi terror dalğalarından salamat çıxaraq müstəqilliyimizin bərpasından sonra "yaşamaq hüququ" qazanmışdır. Nəzərə alınmalıdır ki, ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğın epidemiyası 1905-1906-cı illərdə bütün Azərbaycanı bürüyəndə Mir Möhsün Nəvvab "1905-1906-cı illərdə erməni-müsəlman davası", Məmməd Səid Ordubadi isə "Qanlı sənələr" adlı milli yaddaş abidələrinin təməlini, bünövrəsini qoydular. Sonrakı faciələrdə bu ənənə inkişaf etdirilərək tarixi hadisələr bədii ədəbiyyatda geniş, əhatəli təcəssümünü tapmaqda idi. Diqqətə çatdırırıq ki, əldə etdiyimiz, haqqında məlumat topladığımız bədii əsərlərin hamısı "Mart Hadiseyi--ələmiyyəsi"ndən sonra isti-isti yazılmış, müəllifləri soyqırımı aksiyasının şahidləri və zərərdidələri olmuşdur. Tanınmış ədiblərdən Cəfər Cabbarlı ailəsi ilə erməni bandalarının hücumuna məruz qalmış, döyüşlər evlərindən azacıq yuxarı, "Ceyran bağçası" deyilən yerdə getdiyindən qadınları, uşaqları və qocaları "qar anbarı" adlanan sığınacaqda gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə - Xızıya aparmaq məqsədilə anası Şahbikə xanımı, əmisi qızı Sona xanımı, böyük qardaşı Hüseynqulunun qızlarını və qonşuları şəhərdən çıxardarkən qayalığa çatmamış güllə yağışına düşmüş, nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf nəticəsində ölüm kabusundan xilas olmuşlar. Tənqidçi, nasir, jurnalist Seyid Hüseyn yazırdı ki, "Mart hadisələri zamanında İsmailliyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərləri tərəfindən mühasirə edilmişdim... Pulemyotların dırıltısını, topların gurultusunu eşidirdim" ("İstiqlal" qəzeti, 1335, 4 şübat). Erməni bandalarının həbs edərək 3 gün Mailov teatrında saxladığı və yandırmaq istədiyi 4000 nəfər azərbaycanlının içərisində böyük dramaturq Hüseyn Cavid də olmuşdur.
Özünümüdafiə dəstələrinin ermənilərin bəd niyyətlərindən xəbər tutması və hadisəyə müdaxiləsi nəticəsində qanlı aksiya həyata keçirilməmişdir. Tanınmış şair, nasir və pedaqoq Hacı Səlim Səyyahın ən yaxın qohumları və dostları mart faciəsinin qurbanı olmuşlar. Üzeyir Hacıbəyov, Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və digər sənətkarların, aydınların, söz adamlarının mart faciəsinin şahidləri olduqları, müxtəlif səpkili əsərlər yazdıqları oxuculara məlumdur. 1918-ci ilin mart soyqırımı, gənc olmasına baxmayaraq, Cəfər Cabbarlının yaradıcılığında xüsusi yer tuturdu. O, əsasən Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər Xiyabanında) dəfn olunan mart faciəsi qurbanlarının xatirəsini anmaq üçün "Dur, ey xar olan millət" sərlövhəli bir mərsiyə də yazmışdır. Dərvişlər, əsasən, gənclər bu mərsiyəni şəhidlərin yeddisində və qırxında məscidlərdə və küçələrdə günahsız qurbanlar üçün göz yaşı tökmək, əslində isə xalqı maskalı düşmənə qarşı səfərbərliyə çağırmaq məqsədilə oxuyurdular: Gülzari - vətən soldu, Millət xari-zar oldu, Hamı payimal oldu, Dur, ey xar olan millət. Bir yanda ədu cəllad, Bir yan naləvü-fəryad, Ol bu zülmdən azad, Dur, ey xar olan millət. Əl çək bu həqarətdən, Qurtar bu əsarətdən, Xar ol bu xəcalətdən, Dur, ey xar olan millət. Şeir mərsiyə - yas mərasimlərində oxunmaq məqsədilə yazılsa da, dərin ictimai məzmun kəsb edir. Müəllif şeirində "ədu-cəllad"lara, erməni terrorçularına və onların havadarlarına qarşı, zülmdən və əsarətdən azad olmaq üçün "xar olan millət"i ayağa durmağa, səfərbərliyə və mübarizəyə səsləyir. Xalqını, "naləvü-fəryad"lardan oyanmağa, "payimal" olmaqdan usanmağa, Vətənin və millətin "xarizar"ından bezib qaniçən, başkəsənlərə qarşı haqqını və şərəfini qorumağa çağırır. Yazıldığı vaxtdan 85 il keçməsinə baxmayaraq, əsər bu gün də aktual səslənir. C. Cabbarlının eyni mövzuya həsr etdiyi digər dəyərli sənət əsəri onun "Əhməd və Qumru" hekayəsidir. Əsərin mövzusu əslən şamaxılı olan iki gəncin - Əhməd və Qumrunun saf və ülvi məhəbbətindən, şirin arzularından, bir-birilərinə layiq yüksək mənəviyyata malik insan olmaqlarından, mart faciəsinin bu günahsız şəxslərə gətirdiyi müsibətlərdən bəhs edir. Müəllif, valideynləri erməni quldurları tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhməd və Qumrunu "Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş", "əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm" İsmailiyyə binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, "Yaralıyam, şikəstəm, Şamaxı əsiriyəm", - yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də, birbirini qucaqlamırlar, daha doğrusu, qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların qolunu kəsmişdi. Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı oxucu qəzəbini, oxucu nifrətini ovxarlamaqla yanaşı, haqqa, ədalətə rəğbət hissi aşılayır. Mətni bu günədək əldə edilməsə də, afişa və qəzet məlumatlarından aydın olur ki, Cəfər Cabbarlının "Bakı müharibəsi" adlı 5 pərdəli, 7 şəkilli dram əsərinin ilk pərdələri mart faciəsindən, Bakıda törədilən ağlasığmaz dəhşətlərdən bəhs edir. "Bəsirət" qəzetinin 13 sentyabr 1919-cu il tarixli 246-cı sayında bu səhnə əsəri haqqında yığcam bir elanda yazılırdı: "Azərbaycan Dövlət Teatrosunda zülhəccənin 20 - si, sentyabrın 16-da Bakı türk səhnəsi aktyorlarının iştirakı ilə, artist Abbas Mirzə Şərifzadənin təhti-idarəsində Azərbaycanımızın paytaxtı Bakı şəhərində mart hadiseyiələmiyyəsindən sonra düşmənlər əlində qalıb sonralar qəhrəman türk ordusu tərəfindən mühasirə edilib xilas olmasının 1 illiyi münasibətilə gənc şair və mühərrirlərimizdən Cəfər Cabbarzadənin yeni yazmış olduğu "Bakı müharibəsi" draması mövqeyi tamaşa qoyulacaqdır. Həmin faciədə Bakı şəhərində mart hadiseyi-ələmiyyəsindən sonra müsəlmanlara edilən zülm göstəriləcəkdir".
Digər bir anonsda maskalanmış, hiyləgər Stepan Şaumyanın və digər ermənilərin əsl iç üzünü açan obrazlarını "Bakı müharibəsi"ndə müəllifin peşəkarlıqla yaratdığı bildirilir. Cəfər Cabbarlının yaxın dostu, tələbə yoldaşı, Cümhuriyyət dövründə parlamentdə iş yoldaşı Mirzə Bala Məhəmmədzadənin də (1898-1959) yaradıcılığında mart qırğınları xüsusi yer tutur. O da özünün "Bakı uğrunda müharibə" faciəsinin ilk pərdələrini dostu Cəfər Cabbarlı kimi mart soyqırımına həsr etmişdir. Məhz Mirzə Bala Məhəmmədzadə Bakı faciəsini ilk dəfə öz adı ilə - qətli-am - yəni ümumin qətli, soyqırımı adlandırmış, əsl caniləri adbaad göstərmişdir. O yazırdı: "31 mart 1918-ci sənə. Bu gün... Bakımızda qanlar axıdılmış, evlər talanmış, atababalarımız şəhid düşmüş, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli kəndi yurdunda qətli-amə, əsarətə və məhkumiyyətə qalmışdır. Bu gün Bakının ətrafında axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər". Mirzə Bala Məhəmmədzadə "Açıq söz", "Gənclər yurdu", "Bəsirət", "İstiqlal", "Azərbaycan" və b. jurnal və qəzetlərdə elmi, publisistik, ədəbi-bədii əsərlərlə mütəmadi çıxış etmişdir. Onun redaktorluğu ilə ilk sayı 23 iyul 1918-ci ildə Tiflisdə işıq üzü görən "Gənclər yurdu" jurnalında çap etdirdiyi "Əksinqilabçılar" hekayəsi mart qətli-amından bəhs etməklə yanaşı, çox maraqlı və ibrətamizdir. Beş hissədən ibarət olan "Əksinqilabçılar" hekayəsinin qəhrəmanı Moskva Darülfünununda oxuyan, bolşevik əqidəli "Azərbaycan türkü Hüseyn bəydir. Hüseyn bəyin fikrincə, hürriyyət, istiqlal istəyən" Azərbaycan, Türkistan, Tatarıstan, Krım türk gəncləri doğrudan da əksinqilabçıdırlar. Müəllif Hüseyn bəy haqqında tam təsəvvür yaratmaq üçün şahidi olduğu Bakı qətliamından dəhşətli bir mənzərəni təsvir edir: "Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng, qurşun səsilə paroxodların bombardmanı, cəmaətin qışqırığı, çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri andırırdı. Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı". Tükürpərdici bu müsibətdən təəssüflənməyən Hüseyn bəy milli qırğının günahsız qurbanlarına xəcalət çəkmədən yenə "əksinqilabçılar" deyir. Bu tip "obrazovannı"ları böyük satirik şair Mirzə Ələkbər Sabir hələ XX əsrin əvvəllərində xalqa dəqiq nişan verirdi: "Neyləyim, ey vay, bu urusbaşdılar, ...Cümləsi kafirlərə yoldaşdılar". Milliyyətini, mədəniyyətini danan, dininə ikrah hissi ilə yanaşan, valideynlərini bəyənməyən, milli təəssübkeşliklərindən uzaq, manqurtlaşmış "obrazovannı" tipini Mirzə Bala Hüseyn bəy obrazında çox böyük məharətlə yaratmışdır. Cəmiyyətdə nə qədər ki, Hüseyn bəylər var "soyqırımı"na "sinfi mübarizə", "istila"ya, "istiqlal", "vətənpərvərə" "əksinqilabçı" - deyənlər tapılacaqdır.
1918-ci ilin mart hadisələrinə ilk dəfə olaraq Azərbaycan Demokratik Respublikası tərəfindən qiymət verilməyə cəhd gostərilib. Baş vermiş soyqırımın təhqiqi məqsədilə Nazirlər Şurası 1918-ci ilin iyulun 15-də Fövqəladə İstintaq Komissiyasının yaradılması barədə qərar qəbul edib. Komissiya mart hadisələrini, ilk növbədə Şamaxıda və İrəvan quberniyasında törədilmiş vəhşilikləri və cinayətləri araşdırıb. Baş vermiş hadisələr barədə dünya ictimaiyyətinin ətraflı və düzgün məlumatlandırılması məqsədilə Xarici İşlər Nazirliyində xüsusi qurum yaradılıb. Azərbaycan Demokratik Respublikası 1919 və 1920-ci illərdə martın 31-ni milli hüzn günü kimi qeyd etmişdir. Bu, əslində əsrdən artıq müddətdə azərbaycanlılara qarşı törədilən soyqırım hadisəsinə və torpaqların zəbt edilməsi hallarına siyasi qiymət vermək cəhdi idi. Ancaq Azərbaycan Demokratik Respublikasının süqutu bu işləri başa çatdırmağa imkan vermədi.
Qanlı mart hadisələrində kütləvi insan qırğını, azərbaycanlılara qarşı qəddarlıqla və amansızlıqla törədilən cinayətlər, canilərin cəzasızlıq mühiti millətsevər ziyalılardan biri kimi Seyidağa Axundzadəni də sarsıdıb və onu "Mart hadisəsi, 1918..." adlı kitab yazmağa sövq edib. Bu, soyqırım haqqında yazılan ilk kitabdır. İlk bədii əsər isə 1918-ci ilin iyulunda Tiflisdə "Gənclər yurdu" adlı jurnalın 1-ci sayında nəşr edilən "Əksinqilabçılar" hekayəsidir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası müstəqillik illərində də həyata keçməyən qərarların məntiqi davamı olaraq soyqırım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib. Bu hadisə ilə bağlı sistemli işin aparılmasına ümummilli lider, görkəmli dövlət xadimi Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" sənəddən sonra başlandı. Bununla da XX əsrdə Qafqaz regionunun və Azərbaycan tarixinin araşdırılması üçün geniş imkanlar yarandı. Qeyd edək ki, soyqırımla bağlı bu mühüm dövlət sənədlərinin qəbul edilməsindən sonra 31 mart soyqırımı haqqında məqalələr, kitablar yazılmağa, tədqiqat işləri, elmi araşdırmalar aparılmağa, bu mövzuda konfranslar keçirilməyə başlanıldı.
Artıq illərdir ki, 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Bu son yüzillikdə Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Bunu heç vaxt unutmamalıyıq. Əks halda unutqanlığımız tarixən olduğu kimi yenidən milli şüurumuzun faciəsinə çevrilə bilər.
Məlahət Ramiz qızı Babayeva
ADPU, Ədəbiyyat kafedrasının dosenti