Xorvatiyada Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

post-img

Azərbaycanın Xorvatiyadakı səfirliyi tərəfindən Zaqreb şəhərində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda, Xorvatiyanın dövlət qurumlarının rəsmiləri, parlamentin üzviləri, Zaqrebdə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, bu ölkənin ali təhsil müəssisələrinin rəhbərləri, beynəlxalq humanitar hüquq sahəsində ekspertlər və beyin mərkəzlərinin nümayəndələri, həmçinin ictimaiyyət və media təmsilçiləri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Azərbaycanın Xorvatiyadakı səfiri Anar İmanov Xocalı soyqırımı barədə ətraflı məlumat verib, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edildiyini, nəticədə çox sayda mülki insanın, əsasən də uşaqların və qadınların xüsusi amansızlıqla, qəddarlıqla qətlə yetirildiyini, əsir götürülənlərin dəhşətli işgəncələrə, təhqirlərə məruz qaldığını diqqətə çatdırıb. Diplomat Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunmaları üçün bütün ölkələrin və beynəlxalq strukturların səylərini birləşdirərək zəruri tədbirlər görməyə çağırıb. A.İmanov bu faciəni törədənlərin cəzalandırılmamasının gələcəkdə belə cinayətlərin təkrarlanmasına zəmin yaradacağını vurğulayıb.

Diplomat hər il fevralın 26-da dünyanın “Xocalıya ədalət” kampaniyası çərçivəsində bir çox ölkələrində müxtəlif tədbirlərin keçirildiyini, ölkəmiz tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması, belə cinayətlərin beynəlxalq səviyyədə tanıdılması, ona obyektiv və hüquqi qiymətin verilməsi istiqamətində zəruri tədbirlərin görüldüyünü bildirib. O, Xocalı soyqırımını törədən bütün cinayətkarların öz cəzalarını layiqincə alacağına inamını ifadə edib.

Tədbirdə Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç, Zaqreb Universitetinin hüquq fakültəsinin professorları Maja Munivrana, Aleksandar Marşavelski, Mihael Mişo Mudriç, Snjezana Vasiljeviç, İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun (IRMO) məsul üzvi Kreşevan Antun Duymoviç çıxış edərək Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsini, gələcəkdə belə qanlı hadisələrin təkrarlanmaması üçün cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıblar. Natiqlər Xocalı soyqırımı ilə yanaşı, dünyadakı digər soyqırımı cinayətlərindən də nəticə çıxarılmasını, insanlıq əleyhinə törədilən vəhşiliklərin qarşısının alınmasını, bu tip cinayətlərə siyasi və hüquqi qiymətin verilməsi yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb.

Konfransda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış və Xocalı soyqırımını əks etdirən sənədli film nümayiş olunub. Həmçinin səfirlik tərəfindən Xocalı soyqırımına dair xorvat dilində nəşr olunmuş kitab tədbir iştirakçılarına təqdim edilib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Zaqreb

Qan yaddaşı