Xocalı cəlladları cəzalarını gec də olsa almalıdırlar

post-img

O gün yer də, göy də qan ağlayırdı… Xalq baş verənlərdən xəbərsiz idi. Fəryadımız səssizlikdə boğulurdu. Meşəli faciəsindən sonra açıq-aydın Xocalı qətliamı gözlənilirdi. 6 ay idi ki, şəhərə ərzağı vertolyotlar çatdırırdı. Bəli, Xocalı mühasirədə idi…

1992-ci il fevralın 25-dən 26-a keçən gecə. Bu dəhşətli tarixi hər bir Azərbaycan vətəndaşı qan yaddaşında əbədi yaşatmalıdır. 

Müsahibim Xocalı sakini, jurnalist həmkarım Səriyyə Müslümqızının yaddaşından qopub gələn tükürpədici kəlmələr, yazdığı kitab bu gün Almaniyanın paytaxtı Berlində, Hollandiyada Xocalı soyqırımına həsr olunmuş «Xocalıya ədalətə kampaniyası çərçivəsində keçirilən tədbirlərdə insanları Xocalıya ədalətə çağırır. 

- Səriyyə xanım, o dəhşətli cəhənnəmdən sağ çıxmış sakinlərdən birisən.  Belə tədbirlərdə həmin gecənin fəryadı əks-səda verir. Lakin ədalət axtarışında olan ədalətsiz dünya hələ də soyqırımı cəlladlarını haqq divanına çəkmir. 

- Sizinlə ilk görüşüm, tanışlığım Xocalı camaatının qara günlərindən başlanıb. 1992-ci ilin martın əvvəlləri idi. Xocalı qurbanlarının qanı qan hələ qurumamışdı. Siz çəkiliş qrupu ilə Naftalan məktəblərində yerləşdirilən Xocalı şahidlərini – diri şəhidləri dinləyirdiniz. Xocalı qətliamını görən və bu gün sağ qalan hər bir sakin canlı tarixdir. Çünki həmin gecə bütün Xocalı fəryad edirdi... 

Mənim Ana adlı fəryadım var. Cavan anam vəhşicəsinə qətlə yetirildi. Yaxınlarımı, əzizlərimi - dərs dediyim Xocalı 1 və 2 saylı tam orta məktəblərində təhsil alan şagirdlərimi itirmişəm. Bizim Xocalı camaatının sağ qalanlarının, demək olar ki, hamısının ayaqları həmin gecədən əbədi olaraq sağalmaz ağrıya məruz qalıb. Şikəst olanlar çoxdur, onlar bir gecənin qanlı yaşantılarıdır. İndi o insanlar yaşa dolub, amma nisgilləri sağalmazdır. Qarlı meşələri, çayları ayaqyalın, başıaçıq təbiətin sərt qışında gecəni gündüzə qataraq qət edən Xocalı sakinlərinin ərşə qalxan ah-nalələrini unutmaqmı olar? 

Səssizlikdə boğulan bir faciə yaşadıq. Ona görə də bələkdən tutmuş, ahıl qocalara kimi hamı bir nəfər olaraq, şəhidlik yolunu seçmişdi. Bütün bu söylədiklərimi göz yaşları ilə «Onlar heç vaxt böyüməyəcəklər» adlı kitabımda yazmışam. Bu kitabda həmin gecə qətlə yetirilmiş 63 uşağın taleyini geniş oxucu kütləsinə çatdırmağı özümə borc bilmişəm. Bu 63 körpə fidanların içərisində mənim də dərs dediyim uşaqlar var. Bu kitab Xocalının - 63 övladını itirən ananın səmaları titrədən harayıdır. 

Ədalət axtaran ədalətsizlər dünyası bizim bu faciəni eşitmədi, görmədi. Amma indi qismət olub, yola çıxmışam. Azərbaycanın Almaniyadakı səfirliyinə bu vətənpərvər çağırışına görə minnətdaram. Vətən daşı olmaq vicdan işidir. Ona görə də 1992-ci ilin 25-26 fevral tarixlərini canlı şahidlər kimi bütün dünyaya çatdırmalıyıq. Bu sağ qalan Xocalı sakinlərinin son borcudur. Bu borcu dərk etməliyik, dünyanı silkələməliyik. Uşaqları, qocaları qılıncdan keçirən, silahlarının süngüləri ilə bağrımızı dələn erməni daşnaklarının insanlığa sığmayan vəhşilikləri bütün yer üzünə çatdırılmalıdır. Ona görə də, «Xocalıya ədalət» kampaniyasının ətrafında birləşib, insanlığa çağrışımızı etməliyik. XX əsrin «Xocalı qətliamı» hələ də lazımınca, bəşəriyyətə olduğu kimi təqdim olunmayıb. 

Fevralın 22-dən Berlin şəhərində tədbirlərimiz keçirilir. Qələmə aldığım kitabımın da, onun əsasında çəkilən sənədli filmin iştirakçları da bir gecənin qəfil xain düşmən gülləsinə qurban gedən nur üzlü uşaqlardır. Bəli, onlar heç vaxt böyüməyəcəklər. Mənim qəhrəmanlarım analarının ürəyində, göz yaşlarında bu gün də fəryad edir. Ona görə də sağ qalan, əli qələm, dili söz tutan Xocalı şahidləri susmamalıdır. Bu bizim şəhid Xocalımızın sağalmaz yaralarıdır. "Onlar heç vaxt böyüməyəcəklər" kitabım 7 dildə nəşr olunub - Azərbaycan, rus, ingilis, alman, macar, ərəb və türk dillərində. Əsərin motivləri əsasında çəkilən sənədli film rus və ingilis dillərində dublyaj olunub.  

"Xocalıya Ədalət" kampaniyasını bütün dünyaya çağırış edən Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın fəaliyəti nəticəsində biz xocalılar yaşadığımız əsrin faciəsini dilimizdə, sözümüzdə bütün dünyaya eşitdirməliyik. 31 il idi ki, içimdə bir nisgil məni didib-dağıdırdı: Biz Xocalıya bir də qayıda biləcəyikmi? 2023-cü ilin oktyabrında Müzəffər Ordumuzun anti-terror tədbirləri sayəsində 23 saatda Xocalı işğalçılardan azad olundu. Həmin günü bütün Xocalı camaatı 26 fevral 1992-ci il tarixli gecənin qətliamının qisasını alan qəhrəman, yenilməz Ordumuza dualar etdi. 

Yenə də qaysaq bağlamış, sızıldayan yaralarımızdan dil açan yaddaş kitabımdan bir hadisəni danışmaq istəyirəm:  Xocalı mühasirədə idi. Bütün yollar kəsilmişdi. Xocalı aeroportu belə  üzümüzə bağlanmışdı. Özümüzdən olan baltalarımız amansız düşmənə macal verməməli idilər. Bu hadisələr yaxınlaşan fəlakətdən, qətliamın gəlişindən xəbər vermirdimi? Hələ heç vaxt Xocalı bu qədər sahibsiz, kimsəsiz, arxasız, əlacsız olmamışdı... 

Bəli, mühasirədə olan bir şəhərin taleyindən mərkəzdəkilər – hakimiyyətdə olanlar xəbərdar olsalar da, hakimiyyət davasından başları açılmırdı. Qaniçən erməni quldurları fürsəti əldən vermədilər. Xocalı sahibsizliyin, Vətən torpağına namərdlik edənlərin biganəliyinin qurbanı oldu. XX əsrdə bəşəriyyət belə bir soyqırım görməmişdi. Bu gün də o gecədən danışanda xocalıların qanları donur. Mən yüzlərlə Xocalılı kimi cavan anamı itirən gündən anasızlığın əvəzsiz ağrısını, acısını yaşayıram. Həmin qanlı gecə şəhid olan analar övladlarını qorumaq üçün namərdlərin qarşısına çıxdı. Onlara bir övlad kimi can borcumuzu dərk etməliyik. Bu borc bizim qan yaddaşımızı susdurmamaqdır. 

Bilirsiniz, Vətənin bir ovuc torpağı olan Xocalının hər qarışı damla-damla şəhid qanı ilə örtülüb. Xocalı təslim olmadı, şəhid oldu. Bax biz bu həqiqəti bütün ömrümüzə yazıb, qan yaddaşımızı dilləndirməliyik. Xocalı azad olan gün bütün xocalılar hədsiz sevincdən qəhərlənmişdi. Bu “qəhər məlhəmini” düz 31 il gözləmişik. Müzəffər Ordumuz yaralarımıza şəfa oldu. Ona görə də ölkəmizin xarici ölkələrdəki səfirliklərinin təşkilatçılığı ilə keçirilən tədbirlərə bir jurnalist-yazıçı kimi qoşulmağı ilk növbədə şəhid olmuş anam qarşısında ona son borcum kimi qaytarmağı vacib bilmişəm.

“Xocalıya Ədalət” kampaniyası tədbirləri ilə əlaqədar hazırda Hollandiyada fəliyyət göstərən Azərbaycan Mədəniyyət Evinin təşkilatçılığı ilə yazdığım kitabın, onun əsasında çəkilmiş sənədli filmin təqdimat mərasimi keçirilir.

Səriyyə Müslümqızından sonra Hollandiyada yaşayan diaspor fəalımız Səltənət Zeynalova ilə müsahib olduq: 

- Xocalı soyqırımı Vətəndən kənarda necə tanınır?

- Vətənə canımız fədadır. Vətən uzaqdan müstəqil, suveren, qüdrətli Azərbaycan görünür. Abbas Səhhətin “Vətən” şeiri mənim üçün müqəddəs bir himndir. Ona görə də Vətən bir vicdan borcudur deyirəm. Onun hər daşına, qayasına, dağına, yamacına, dərəsinə, gülünə, tikanına qurbanıq hər an. Vətən bizim içimizdədir, qanımızdadır. Döyünən odlu ürəklərdir Vətən. Biz Azərbycan deyəndə hamımız birik, varıq, güclüyük. 

“Xocalıya Ədalət” kampaniyası bu ruhdan qaynaqlanıb. Sərgilərimiz təşkil olunub. Faciələrimizi kitabların, rəsm əsərlərinin dili ilə çatdırırıq. Bu ilki tədbirlərimizin başqa bir ölçüsü var. 2023-cü ildə Qələbənin qazanılması və Xocalının işğaldan azad olunması. Dünya həqiqəti gec-tez qəbul etməlidir: İşğalçılıq məğlubiyyət deməkdir! Biz bir azərbaycanlı kimi bu gerçəkliyi yaşadıq və yaşadırıq. Xaricdə yaşayan hər bir həmvətənlimiz, soydaşımız  Azərbaycan deyəndə Vətən daşı, Vətən torpağı olmağı unutmamalıdır.  Bir sözlə, Azərbycan deyəndə müzəffər Qələbəmizdə olduğu kimi: bir olmalıyıq!                 

Xocalı cəlladları isə gec də olsa cəzalarını almalıdırlar. Bunun üçün ölkəmizə dünyanın dəstəyi gərəkdir. Biz buna çalışırıq.

Kəmalə Abdinova                   

                                                      

 

 





Qan yaddaşı