Estoniya Parlamentinin (Riigikogu) Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Ölkəmizin Estoniuadakı səfirliyindən bildiriblər ki, parlamentin rəsmi saytında yayılmış “Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib” başlıqlı bəyanatda deyilir: “Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verir.
Biz 600-dən çox günahsız dinc sakinin, o cümlədən çox sayda uşaq, qadın və qocaların qətlə yetirildiyi Xocalı soyqırımı ilə bağlı Azərbaycan xalqının ağrısını bölüşürük.
Biz 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının işğalı zamanı azərbaycanlı dinc sakinlərinə qarşı törədilmiş insanlıq əleyhinə cinayətləri qətiyyətlə pisləyirik. Bu kütləvi qətlin səbəbkarları ədalət qarşısında cavab verməlidirlər.
Etiraf edirik ki, regionun bütün ölkələrinin suverenlik və ərazi bütövlüyü, eləcə də beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı hüququ var. Biz Azərbaycan Respublikasına öz ərazisində davamlı sülhün bərqərar olması, inteqrasiya və yenidənqurma işlərində dəstəyimizi ifadə edirik”.