20 Yanvar faciəsi Özbəkistan mətbuatında geniş işıqlandırılıb

post-img

Özbəkistanın nüfuzlu qalampir.uz, www.xabar.uz, darakchi.uz, uza.uz, human.uz, turkona.uz saytlarında 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar məqalələr yer alıb.

“1990-cı ilin 20 Yanvar hadisələri insanlığa qarşı cinayətdir”, “Qanlı Yanvar” faciəsi və ya Qorbaçovun həyatındakı ən böyük səhvi”, “20 yanvar. Qırmızı İmperiyanın qırğınları...”, “Azərbaycanda baş vermiş 20 Yanvar faciəsindən 34 il ötür”, “1990-cı il 20 Yanvar faciəsi: Azərbaycan xalqının müstəqilliyinə və azadlığına gedən yol”, “Azərbaycan Xarici İşlər Nazirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatı” adlı materiallar Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin dəstəyi ilə çap edilib. 

Məqalələrdə qeyd olunur ki, keçmiş SSRİ rəhbərliyi Ermənistanın təcavüzkar hərəkətlərinə və Azərbaycana olan ərazi iddialarına göz yumub və onlara himayədarlıq edib. Moskva Azərbaycan xalqının etirazlarını yatırmaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu hissələrini Bakıya göndərib, əliyalın adamlara qarşı qırğın törədib.  

Yazılarda bildirilir ki, həmin gecə Bakıda, eləcə də Azərbaycanın digər bölgələrində 150-yə yaxın dinc sakin qətlə yetirilib, 744 günahsız adam yaralanıb, 841 nəfər qanunsuz həbs edilib.

Məqalələrdə 20 Yanvar faciəsinin Azərbaycan xalqının azadlıq, müstəqillik və birlik rəmzi olduğu qeyd olunur, Vətənin azadlığı və suverenliyi uğrunda şəhid olanların xatirəsinin xalqın qəlbində daim əziz tutulduğu vurğulanır. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       

 







Qan yaddaşı