Ukrayna mətbuatında 20 Yanvar faciəsinə dair məqalə dərc edilib

post-img

Ukraynanın “Kyiv Diplomatic” nəşrində soydaşımız, hüquq elmləri doktoru, “Odessa Hüquq Akademiyası” Milli Universitetinin professoru Arif Quliyevin 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı məqaləsi dərc edilib.

Məqalədə sovet ordusunun 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı törətdiyi cinayətdən bəhs olunub.

Diqqətə çatdırılıb ki, hər il yanvarın 20-sində minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş Azərbaycanın oğul və qızlarının xatirəsini ehtiramla yad etmək üçün Şəhidlər xiyabanına axın edir. 20 Yanvar faciəsi öz xalqına qarşı misli görünməmiş təcavüz və soyqırımı aktı, kobud qanun pozuntusu, keçmiş SSRİ və Azərbaycan SSR konstitusiyalarının pozulması idi.

Müəllif qeyd edib ki, həmin çətin anlarda Ulu Öndər Heydər Əliyev Moskvadan öz xalqının səsinə səs verdi, doğma xalqı üçün fədakarlıq göstərdi. Yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciənin təşkilatçılarını sərt şəkildə qınadı, Azərbaycan xalqına qarşı cinayət törədildiyini bəyan etdi. Bu soyqırımına siyasi-hüquqi qiymət də məhz Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra verildi.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

 

Qan yaddaşı