Martın 20-də Müdafiə Nazirliyinin rəhbərliyi Baş Klinik Hospitalda müalicə olunan hərbi qulluqçuları ziyarət edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən XQ-ə verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsinə hörmət və ehtiram nümayiş olunub. Nazirliyin rəhbər heyəti Ulu Öndərin və şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Hospitalda müalicə olunan bir qrup hərbi qulluqçu ilə görüşüb, onların səhhəti ilə maraqlanıb, tezliklə sağlamlıqlarına qovuşaraq xidmət yerlərinə qayıtmalarını arzulayıb. Hərbi qulluqçulara bayram hədiyyələri təqdim edilib.
Sonra Hospitalın tibb işçiləri ilə görüşən müdafiə naziri onları bayram münasibətilə təbrik edib, burada müalicə və müayinə olunan hərbi qulluqçulara xüsusi həssaslıqla yanaşılması və daha keyfiyyətli xidmət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Zakir Həsənov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı münasibətilə təbriklərini çatdırıb.
Baş Klinik Hospitalın kollektivi və burada müalicə olunan hərbi qulluqçular yaradılan şəraitə, həmçinin göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə ediblər.
Sonra Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Anar İsmayılov hərbi tibb sahəsində aparılan uğurlu islahatlar, ehtiyatda və xidmətdə olan hərbi qulluqçulara, onların ailə üzvlərinə daha keyfiyyətli tibbi xidmət göstərilməsi məqsədilə tətbiq olunan yeniliklər, o cümlədən yeni praktik müalicə yanaşmaları barədə brifinq təqdim edib.
Məruzə olunub ki, hərbçilərimizin müayinə və müalicəsi üçün bütün növ şəraitin yaradıldığı Baş Klinik Hospitalda tibbi personal yüksək peşəkarlıq və həvəslə fəaliyyət göstərir.
Sonda müdafiə naziri Hospitalın ərazisində tibb xidmətinin balansında olan, müasir avadanlıqlarla təchiz edilmiş, ambulator xidmətlər üçün nəzərdə tutulmuş xüsusi avtomobillərlə tanış olub.