Gəncə: ümumşəhər tədbiri hamını sevindirdi

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə Dövlət Milli Dram Teatrının təşkilatçılığı ilə Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.

Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Gürcüstanın Gəncədəki Baş konsulu Kaxaber Abdaladze, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Milli Dram Teatrının foyesində təşkil olunan sərgiyə baxış keçiriblər.

Daha sonra teatrın səhnəsində konsert proqramı baş tutub. Proqramda GDU-nun nəzdində Regional Kollecin “Ozan” folklor ansamblı, “Dostum” qrupu, tarzən Sahil Quliyev, solistlər Zəminə Mustafayeva və Əziz Əhmədov tərəfindən bayram abu-havalı ifaları səsləndirilib. Baletmeystr Sənan Cavadovun rəhbərliyi ilə “Xəmsə” Uşaq Rəqs ansamblının və Gəncə şəhər 13 saylı uşaq bağçasının  körpə fidanlarının bir-birindən maraqlı rəqsləri isə tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.   Gəncə Dövlət Milli Dram Teatrının baş rejissoru Elşad Əhmədovun quruluş verdiyi “Keçəlin toyu” səhnəciyi də nümayiş olunub.

Konsert proqramından sonra teatrın qarşısında müdrik el ağsaqqalı Dədə Qorqud və Bahar qızı qonaqları Novruz bayramı münasibətilə təbrik edərək, xeyir-dua verib, xoş arzularını bildirblər. Novruzun əvəzolunmaz atributları olan Keçəl və Kosanın çıxışları, həmçinin qonaqlarla yumurta döyüşdürməkləri maraqla izlənilib.

Sonda Uşaq İncəsənət Məktəbinin “Xəmsə” nağaraçılar ansamblının ifasının sədaları altında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 2024-cü il paralimpiya çempionu İmaməddin Xəlilovla birlikdə bayram tonqalını alovlandırıb.

Hamlet Qasımov,

XQ-nin bölgə müxbiri, Gəncə.























Sosial həyat