Hərbi İnstitutun yaranmasının 107-ci ildönümünə həsr olunan tədbir keçirilib

post-img

Heydər Əliyev adına Hərbi İnstitutun yaranmasının 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Hərbi İnstitutun rəhbərliyi, professor-müəllim heyəti, zabit və kursantlar, eləcə də digər qonaqların iştirak etdiyi tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə hərbi təhsil müəssisəsinin yaranma tarixi və keçdiyi inkişaf yolundan danışılıb. Hərbi İnstitutun savadlı, bacarıqlı, vətənpərvər zabitlərin yetişdirilməsində əvəzsiz rolu olduğu diqqətə çatdırılıb.

Çıxış edənlər torpaqlarımızın azadlığı uğrunda aparılan döyüş əməliyyatlarında Hərbi İnstitutun məzunlarının göstərdiyi şücaət və qəhrəmanlıq nümunələrini xüsusi vurğulayıb, təhsil müəssisəsində bu gün də yüksək biliyə, savada malik, vətənpərvər ruhda gənclərin yetişdiyini qeyd ediblər.

Tədbirdə bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrə, o cümlədən elm və təhsil sahəsinə diqqət daha da artırılıb. Bu gün Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə təhsildə aparılan uğurlu islahatlar nəticəsində kursantların hərbi biliklərə yiyələnməsi üçün müasir standartlara cavab verən şərait yaradılıb.

Tədbir zamanı Hərbi İnstitutun keçdiyi tarixi yolu əks etdirən videoçarx maraqla qarşılanıb.

Hərbi orkestrin və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin ifasında vətənpərvərliyi tərənnüm edən musiqi nömrələri təqdim olunub.

Sonda hərbi xidmətdə və təhsildə fərqlənən bir qrup heyət mükafatlandırılıb.





Ordu