Milli Qəhrəman Vüqar Hüseynovun anadan olmasının 55 illiyinə həsr olunmuş anım tədbiri keçirilib

post-img

Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynovun anadan olmasının 55 illiyinə həsr olunmuş “Vətən fədaisi” adlı anım tədbiri keçirilib.

Tədbirdə Müdafiə Nazirliyinin idarə və müəssisələrinin nümayəndələri, birinci və ikinci vətən müharibələrində qəhrəmancasına şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbirində muzey rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadənin şəhid “Azərbaycanın Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynovun həyatı və döyüş yolu” adlı məruzəsi dinlənilib. Bildirib ki, Qarabağ müharibəsində minlərlə gənc Azərbaycanın ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmanlıqla vuruşdu, adını tarixə yazdırdı. Onlardan biri də Azərbaycanın Milli Qəhrəmanı Vüqar Tofiq oğlu Hüseynovdur: “O, 1969-cu il iyunun 20-də Cəbrayıl rayonunun Daşkəsən kəndində doğulub. 1976-cı ildə burada məktəbə gedib və 1986-cı ildə 10-cu sinfi bitirib. Sonra Bakıda 14 saylı texniki peşə məktəbində elektrik qaynaqçısı ixtisasına yiyələnib. 1987-ci ildə hərbi xidmətə çağırılıb və Daxili Qoşunlarda xidmət edib. Hərbi xidmət dövründə çavuş rütbəsinə layiq görülüb. 1989-cu ildə hərbi xidmətini başa vurub Binəqədi Neft və Qaz Çıxarma İdarəsində elektrik kimi işə düzəlib. 1990-cı ilin əvvəllərində erməni daşnakları ərazilərimizə basqınlar edəndə heç cür rahatlıq tapa bilmirdi. Xüsusi təyinatlı dəstəyə yazılan cəbrayıllı gənc, Xocalı, Goranboy və Çaykənd istiqamətlərində erməni quldurlarına qarşı rəşadətlə vuruşub və döyüşlərdə yaxından iştirak edib. Rayonun bir sıra kəndlərinin azad edilməsində böyük rol oynayıb. Vüqar Hüseynov Azərbaycan xalqının yaddaşında əbədi olaraq qalacaq”.

Muzey rəisi, Azərbaycan Hərb Tarixi Muzeyində təşkil edilən belə tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük əhəmiyyət daşıdığını bir daha qeyd edərək, bu cür anım tədbirlərinin davamlı olaraq keçiriləcəyini bildirib.

Sonra şəhidin döyüş dostu Elmar Hüseynovun, İlham Rüstəmovun, müəllimi Qabil Quliyevin, hərbi hazırlıq müəllimi Rafiq Bayramovun və qardaşı Fuad Hüseynovun xatirələri dinlənilib. Vüqar Hüseynovun qəhrəmanlıq dolu həyat yolunu, onun Vətənə və xalqa göstərdiyi misilsiz xidmətlərini xatırladıblar. Onun göstərdiyi şücaət və qəhrəmanlıqların gənc nəsillər üçün bir nümunə olduğunu vurğulayıblar. Həmçinin onunla bağlı xatirələrini bölüşərək birlikdə keçirdikləri əlamətdar anlardan söz açıblar.

Anım tədbirində Vüqar Hüseynova həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.

Tədbirin bədii hissəsində vətənpərvər gənc ifaçıların hərbi vətənpərvərlik mahnıları səsləndirilib.

Anım tədbiri xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.

 

 













Ordu