Çin Tayvan yaxınlığında orta mənzilli raketlərin sayını artırır

post-img

Çin Xalq Azadlıq Ordusunun Raket Qüvvələri Tayvan yaxınlığında DF-17 orta mənzilli raketlərinin sayını artırır. TASS xəbər verir ki, bu barədə bazar günü ekspertlərə istinadən "South China Morning Post" qəzeti yazıb.

Montereydəki Amerika Middlebury Beynəlxalq Tədqiqatlar İnstitutunun tədqiqatçısı Deker Eveletin sözlərinə görə, Çin ordusu Cənub-Şərqi Çindəki raket qüvvələrinin xidmətində olan qısa mənzilli (1000 km-ə qədər) ballistik raketləri sürətlə DF-17 ilə əvəz edir.

Pentaqonun məlumatına görə, DF-17-lər 1,8 mindən 2,5 min km-ə qədər olan hədəfləri vurmağa qadirdir. Lakin onları adi orta mənzilli ballistik raket adlandırmaq olmaz, çünki onlar DF-ZF hipersonik planerlə təchiz olunublar. Uçuş ballistik deyil, aşağı trayektoriya ilə baş verir, sürət isə 6,1 ilə 12,4 min km/saata çatır. Nəşrin qeyd etdiyi kimi, bütün bunlar DF-17-nin zərərsizləşdirilməsini son dərəcə çətinləşdirir.

“Janes Asia-Pacific” hərbi analitik şirkətinin əməkdaşı Kapil Kajal deyib: “61-ci [Raket Qüvvələri] bazasında DF-17-ləri yerləşdirməklə, Çin ordusu Sakit okeanın qərbində xarici hərbi bazalara və gəmilərə zərbə endirmək imkanı əldə etməyə çalışır. O qeyd edib ki, DF-17-nin performans xüsusiyyətləri onu Amerikanın THAAD, SM-3 və Patriot raketdən müdafiə sistemləri üçün son dərəcə çətin hədəfə çevirir.

Eyni zamanda, Kajal bildirib ki, 1000-ə yaxın qısa mənzilli ballistik raket hələ də Tayvan yaxınlığında yerləşdirilib. Onun sözlərinə görə, onlar və DF-17-lər Tayvan boğazında mümkün münaqişə zamanı raket zərbələrinin ilk dalğası üçün istifadə oluna bilər.

Eveletin sözlərinə görə, DF-17-lər Tayvan və onun müttəfiqlərinin hava hücumundan müdafiəsini boğmaq üçün istifadə oluna bilər. “Problem ondadır ki, ABŞ sistemlərinin böyük bir hissəsi DF-17-nin əhatə dairəsindən kənardadır”, - deyə tədqiqatçı deyib və əlavə edib ki, qısa mənzilli raketlər, məsələn, ABŞ-ın Quamdakı hərbi dəniz bazasını və regiondakı digər obyektləri vura bilməyəcək. Ekspert hesab edir ki, münaqişə baş verəcəyi təqdirdə bu məqsədlər üçün 3000 km-dən çox mənzilə malik DF-26 raketlərindən istifadə olunacaq.

“Mən deyərdim ki, bu, arsenaldakı ən vacib raketlərdən biridir. Onların çoxunu istehsal edirlər. Demək istədiyim odur ki, şokedici sayda DF-26 istehsal olunur. Biz isə bunu qismən müşahidə edə bilərik, çünki mən istehsal müəssisələrini və oradan gələn raketləri görə bilirəm”, - deyə açıq mənbələrdən, o cümlədən peyk görüntülərindən məlumat toplayan Evelet deyir. Tədqiqatçının qeyd etdiyi kimi, DF-26 hazırda Anhui əyalətindəki Çin raket qüvvələrinin 7-ci briqadasına verilir. Bundan əlavə, Çin 8-ci Raket Briqadasının yerləşdiyi şimal-şərqdəki Liaonin əyalətində bu raketlər üçün infrastruktur yaradır.

Evelet vurğulayıb ki, DF-26 bazalarının məhv edilməsi ABŞ Silahlı Qüvvələri üçün çətin məsələ olacaq, çünki onlar Çinin nüvə arsenallarına yaxın ərazidə yerləşir. “Amerikalıların DF-26-nı zərərsizləşdirmək cəhdi nüvə obyektlərinə zərbə endirmək riskini daşıyır”, -deyə o əlavə edib.

"Xalq qəzeti"

Ordu