Türkiyənin yeni döyüş təyyarəsi anqardan çıxarılıb

post-img

Türkiyənin müdafiə sənayesinin meqa layihəsi olan və TUSAŞ şirkətinin baş podratçılığı ilə hazırlanan beşinci nəsil MMU döyüş təyyarəsi anqardan çıxarılıb. Bu barədə Türkiyə Müdafiə Sənayesi komitəsinin sədri İsmayıl Dəmir rəsmi "Twitter" hesabında məlumat yayıb.

TUSAŞ şirkəti tərəfindən dizayn olunmuş və hazırlanan milli döyüş təyyarəsinə ASELSAN şirkətinin istehsalı olan AESA radarı inteqrasiya olunacaq. Bundan başqa, MMU təyyarəsi həmin şirkətlərin birgə hazırlayacağı proqram təminatı sayəsində sürü halında uçan pilotsuz uçuş aparatlarına (PUA) nəzarət edəcək. Həmçinin MMU-da ASELSAN istehsalı olan radioelektron mübarizə, raket hücumundan xəbərdarlıq və lazer xəbərdarlıq sistemi quraşdırılacaq. Habelə, bu döyüş təyyarəsi rəqəmsal radio dalğa yaddaşı (DRFM – Digital Radio Frequency Memory) və radio dalğalarını qarışdıran sistemlə təchiz olunacaq.

HAVELSAN şirkəti MMU konseptual dizayn işlərindən etibarən sahib olduğu bütün imkanları ilə layihəyə dəstək verir. Belə ki, MMU təyyarəsinin hazırlanma layihəsi istiqamətində 2020-ci ildə HAVELSAN-da MMU idarəsi yaradılıb. Həmin il aprelin 17-də isə TUSAŞ-la əməkdaşlıq protokolu imzalanıb. Bu əməkdaşlıq protokolundan 4 ay sonra, avqustun 19-da HAVELSAN TUSAŞ ilə mühəndislik dəstəyi verəcəyi sahələrə yönəlik “Ümumi şərtlər” sazişini imzalayıb. Daha sonra MMU işçi qruplarında HAVELSAN-ın mütəxəssisləri da işləməyə başlayıb. 2021-ci ildə TUSAŞ-la imzalanmış “MMU mühəndislik simulyatoru vizual sistem” və “MMU STS dəstək” müqavilələri ilə layihədə HAVELSAN şirkətinin rolu artıb.

HAVELSAN TUSAŞ-a təlim və simulyasiya sistemləri, logistika informasiya sistemləri, yerüstü missiyanın planlaşdırılması sistemləri, sürətli və s. üzrə texnologiyaların ilkin dizaynına dəstək verməyə başlayıb. 
5-ci nəsil və daha sonrakı nəsil təyyarə platforması və alt sistem istehsalçıları düzgün məhsulun sərfəli şəkildə istehsalı üçün analiz, dizayn və sınaq mərhələlərində mühəndislik simulyatorlarından istifadə edirlər. Bundan əlavə, mühəndislik simulyatorunun inteqrasiyası ilə hazırlanacaq təyyarənin sistemlərinin ilkin mərhələlədə uçuş şəraitində mümkün səhvlərin və ya tələb olunan dəyişikliklərinin təsirlərini göstərmək üçün dəstək verilir. “HAVELSAN taktiki mühit” proqramından istifadə edilməklə simulyasiya olunmuş dost/düşmən taktiki elementləri ilə pilota havada simulyasiya edilmiş təlim keçirməyə imkan verir.

HAVELSAN tərəfindən MMU platformasının kibertəhlükəsizliyində inkişaf etdiriləcək sistemlərin təhlükəsizlik təhdidlərinin müəyyənləşdirilməsi, analiz və prioritetləşdirilməsi, müəyyən edilmiş riskləri azaltmaq üçün lazımi tədbirlərin görülməsi, test, yoxlama, analiz, simulyasiya ehtiyaclarının müəyyən edilməsi həyata keçirilir. Həmçinin təyyarənin və onun kritik alt sistemlərinin istismarı, texniki xidmət və bu proseslərdə istifadə olunacaq proqram təminatı, avadanlıq və kommunikasiya mühitinin təhlükəsizliyi, habelə aviasiya ilə bağlı sertifikatlaşdırma tələbləri nəzərə alınmaqla kibertəhlükəsizlik tələbləri yerinə yetiriləcəkdir.

Döyüş təyyarəsi “Roketsan” şirkəti və TÜBİTAK SAGE mərkəzi tərəfindən hazırlanan müxtəlif raket və bombalarla təchiz olunacaq.

Qeyd edək ki, TUSAŞ şirkəti MMU təyyarəsinin prototipini Türkiyədə IDEF-2021, Sinqapurda “Singapur Airshow-2022” sərgilərindədə nümayiş etdirib.

Rizvan Fikrətoğlu, 
“Xalq qəzeti”

Ordu