№ 395 Bakı şəhəri, 5 sentyabr 2024-cü il
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 7 may tarixli 1145-VIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin “Təhsil haqqında” Azərbaycan Respublikası Qanu-nunun tətbiq edilməsi barədə” 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 30 may tarixli 78 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 3, maddə 261 (Cild I) ilə təsdiq edilmiş “Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.5-ci bəndinin üçüncü cümləsi aşağıdakı redaksiyada verilsin və dördüncü cümləsi ləğv edilsin:
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ali təhsil müəssisələrində ali təhsilin rezidentura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.”.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 5, maddə 467 (Cild I); 2024, № 3, maddə 307) ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”nın 1.7-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ali təhsil müəssisələrində ali təhsilin magistratura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.”.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 561 (Cild I) ilə təsdiq edilmiş “Bakalavriat (əsas (baza ali) tibb təhsili) təhsilinin məzmunu və təşkili Qaydaları”nın 1.8-ci bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ali təhsil müəssisələrində ali təhsilin bakalavriat səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.”.
4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 7, maddə 695 (Cild I); 2024, № 2, maddə 209, № 5 (II kitab), maddə 612) ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nın 1.6-cı bəndinin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin ali təhsil müəssisələrində ali təhsilin doktorantura səviyyəsində ödənişli əsaslarla təhsil aldıqları müddətdə onların təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 14.8-1-ci və 14.8-2-ci maddələri ilə tənzimlənir.”.
5. “Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi ilə bağlı bəzi məsələlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 24 yanvar tarixli 12 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 1, maddə 35 (Cild I) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri