№ 250 Bakı şəhəri, 11 may 2024-cü il
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 24 iyul tarixli 226 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 7, maddə 887 (Cild I) ilə təsdiq edilmiş “Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına təhsil tələbə kreditlərinin verilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 3.2.3-cü yarımbənd üzrə:
1.1. “hər iki valideyni (tək valideyni olduqda isə həmin şəxs)” sözlərindən sonra “və ya digər qanuni nümayəndələri” sözləri əlavə edilsin;
1.2. aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin:
“5. ailə başçısını itirməyə görə əmək pensiyası alanlar;”.
2. 3.2.5-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.2.6–3.2.8-ci yarımbəndlər əlavə edilsin:
“3.2.6. ailə başçısını itirməyə görə sosial müavinət alanlar;
3.2.7. bir valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş, digər valideyni orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan şəxslər;
3.2.8. bir valideyni müəyyən müddətə azadlıqdan məhrum etmə, ömürlük azadlıqdan məhrum etmə və ya azadlığın məhdudlaşdırılması növlərində cəza çəkən, digər valideyni bu Qaydanın 3.2.3-cü yarımbəndində qeyd olunan kateqoriyalardan hər hansı birinə aid olan şəxslər.”.
3. 5.2-ci bənddə “, övladlığa götürənləri və ya himayəçisi” sözləri “və ya digər qanuni nümayəndələri” sözləri ilə əvəz edilsin.
4. 5.2.1-ci yarımbənddə “, övladlığa götürənlər və ya himayəçi” sözləri “və ya digər qanuni nümayəndələr” sözləri ilə əvəz edilsin.
5. 7.5-ci bənddə “və 7.4-cü” sözləri “, 7.4-cü və 7.5-1-ci” sözləri ilə əvəz edilsin.
6. Aşağıdakı məzmunda 7.5-1-ci bənd əlavə edilsin:
“7.5-1. TTK-nin qaytarılması zamanı bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştlərin tətbiq edilməsi elektron sistem vasitəsilə aşağıdakı qaydada həyata keçirilir:
7.5-1.1. borcalanın normativ təhsil müddətində bütün tədris semestrləri (yarımillər) üzrə elektron sistemə daxil etdiyi ÜOMG-si (peşə təhsili müəssisələrində təhsilalanlara münasibətdə aralıq qiymətləndirmə balı) barədə məlumatlarını təhsil müəssisəsinin məsul şəxsi gücləndirilmiş elektron imza ilə təsdiqləyir;
7.5-1.2. Fond elektron sistem vasitəsilə əldə etdiyi məlumatları nəzərdən keçirərək 3 (üç) iş günü müddətində bu Qaydanın 4.2-ci və 4.3-cü bəndlərində nəzərdə tutulmuş güzəştin tətbiq edilməsinə dair qərar qəbul edir. Həmin qərar qəbul edildiyi gün elektron sistemə ötürülür və tələbənin “Şəxsi kabinet”ində yerləşdirilir;
7.5-1.3. müvəkkil bank bu Qaydanın 7.5-1.2-ci yarımbəndində qeyd olunan məlumatları elektron sistem vasitəsilə əldə etdikdən sonra 3 (üç) iş günü müddətində borcalan ilə bağlanılmış kredit müqaviləsində müvafiq dəyişikliklər edilir və bu dəyişikliklər elektron sistemə ötürülür.”.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri