№ 21 Bakı şəhəri, 13 yanvar 2024-cü il
“Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə”nin təsdiq edilməsi və “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarının ləğv edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Azərbaycan Respublikasının 2022-ci il 2 dekabr tarixli 661-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 26 yanvar tarixli 2001 nömrəli Fərmanının 2.2.1-ci yarımbəndinin və 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılsın.
2. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun tərkibi, səlahiyyətləri və fəaliyyəti ilə bağlı məsələlər haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).
3. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 148 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kiçik və orta biznes evlərində mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin siyahısı”na uyğun olaraq kiçik və orta biznes evlərində xidmətlər göstərən dövlət orqanları (qurumları) Koordinasiya Qrupunun tərkibinin formalaşdırılması ilə əlaqədar Koordinasiya Qrupunda onları təmsil edəcək şəxslər barədə müvafiq məlumatları Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təqdim etsinlər.
4. “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 sentyabr tarixli 408 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 9, maddə 1936 (Cild I) ləğv edilsin.
Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri