Müsahibimiz Milli Məclisin Komitə sədri Musa Quliyevdir
Ölkəmizdə son illərdə sosial sahədə həyata keçirilən islahatlar həm əhalinin rifahının yüksəldilməsinə, həm də sistemin şəffaflaşdırılmasına xidmət edir. Lakin qlobal iqtisadi dalğalanmalar, inflyasiya təzyiqi və əmək bazarındakı “kölgə iqtisadiyyatı” kimi amillər bu sahədə yeni yanaşmaların tətbiqini zəruri edir. Xüsusilə minimum əməkhaqqı ilə bazar qiymətləri arasındakı balans, əlillik təyinatındakı rəqəmsal baryerlər və ölkənin demoqrafik gələcəyi cəmiyyəti düşündürən mövzular sırasındadır.
Bu və digər suallarımızı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev cavablandırır.
– Musa müəllim, cari il üçün proqnozlar inflyasiyanın təkrəqəmli olduğunu desə də, istehlak səbətində yüksək artım müşahidə olunur. Sizcə, istehlak səbətində məhsulların real bazar qiymətləri ilə rəsmi statistika arasındakı fərq sosial siyasətin effektivliyinə necə təsir edir?
– İlk növbədə, onu deyim ki, Azərbaycanda həm minimum əməkhaqqı, həm minimum pensiya, həm orta aylıq pensiya, həm də orta aylıq əməkhaqqı mütəmadi olaraq artırılır. Bu artımlar ilbəil həyata keçirilir. 2018-ci ildən başlayaraq, Prezidentin fərman və sərəncamlarına uyğun olaraq, indiyədək 5 sosial islahatlar paketi qəbul edilib. Bu paketlərin nəticəsində son 8 ildə minimum pensiyanın məbləği 2,9 dəfə, orta aylıq pensiyanın məbləği isə 2,6 dəfə artıb. Minimum əməkhaqqı və orta aylıq əməkhaqqında da artım 2 dəfədən çoxdur. Şübhəsiz, burada inflyasiyanın və bazar qiymətlərinin artım tempini də nəzərə almalıyıq. Xüsusilə pandemiya dövründə bütün dünyada maliyyə-iqtisadi böhranın yeni mərhələsi başlandı, təəssüf ki, hələ də tam başa çatmayıb. Bu baxımdan qiymət artımı bir çox hallarda əməkhaqqı və pensiya artımlarını üstələyir və ya həmin artımları, necə deyərlər, “yeyir”. Bu, təkcə bizim ölkəyə deyil, dünyanın bir çox ölkələrinə xas olan haldır.
Bununla belə, vəziyyət hökumətin nəzarəti altındadır və pandemiyadan sonrakı 2 il ərzində inflyasiya artıq birrəqəmli səviyyədədir. Bu il təxminən 5 faiz civarında olacağı gözlənilir. Yəni inflyasiya o qədər də yüksək deyil. Əgər biz orta aylıq əməkhaqqının və ya minimum və orta aylıq pensiyanın artımını götürsək, görərik ki, bu artım inflyasiya faizindən yuxarıdır. Lakin bizi ən çox narahat edən məsələ ərzaq inflyasiyasının daha yüksək olmasıdır. Çünki orta və aşağı gəlirli təbəqələr gəlirlərinin böyük hissəsini ərzağa xərcləyir. Bu isə onların mədəni və digər tələbatlarını ödəməkdə çətinlik yaradır. Bu məsələ daim diqqət mərkəzindədir. Həmin məsələnin komitədə müzakirəsinə gəldikdə isə, onu qeyd etməliyəm ki, ayrıca olaraq komitənin bazarda monitorinq aparmaq, qiymətləri müqayisə etmək və aylıq büdcə xərcləri ilə tutuşdurmaq kimi birbaşa səlahiyyəti yoxdur. Bununla belə, ümumi yanaşma olaraq hesab edirik ki, minimum və orta əməkhaqqının artım tempi inflyasiyadan yüksək olmalıdır və insanların xərclərinin böyük hissəsi ərzağa deyil, qeyri-ərzaq sahələrinə yönəlməlidir.
– Müavinət və təqaüd növlərinin çoxluğu vətəndaşı çaşdırır. Beynəlxalq təcrübədəki kimi, bütün ödənişlərin “Vahid Sosial Ödəniş” sistemi altında birləşdirilməsi və fərdi yox, ailənin gəlir indeksinə görə verilməsi təcrübəsi ölkəmizdə də reallaşdırıla bilərmi?
– Bu gün Azərbaycanda təxminən 1 milyon 300 min pensiyaçı, 463 min sosial müavinət alan və 85–90 min civarında ünvanlı sosial yardım alan vətəndaş var. Bunun üzərnə 410 minə yaxın Prezident təqaüdçüsünü də gəlsək, ümumilikdə 2 milyondan çox insan dövlətdən pensiya, sosial müavinət, sosial yardım və təqaüd alır. Başqa sözlə, Azərbaycan vətəndaşlarının təxminən hər beş nəfərindən biri dövlət dəstəyi ilə əhatə olunur. Bu, əlbəttə, kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, bu göstərici dövlətin sosialyönümlü siyasətindən xəbər verir. Prezidentin dəfələrlə vurğuladığı kimi, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşının sosial rifahı dayanır. Təbii ki, arzu olunur ki, insanlar öz sosial təminatlarını daha çox əmək fəaliyyəti hesabına formalaşdırsınlar, yəni məşğulluq səviyyəsi artsın və vətəndaşlar öz gəlirlərini əmək haqqı yolu ilə təmin etsinlər.
Digər tərəfdən, “vahid sosial ödəniş” sisteminə keçid məsələsi hazırkı mərhələdə Azərbaycan üçün tam uyğun hesab olunmur. Çünki ölkədə sosial müdafiə sistemi əsasən ünvanlılıq prinsipi üzərində qurulub və daha çox ehtiyacı olan, sosial dəstəyə həqiqətən haqq qazanan vətəndaşlar bu sistemdən yararlanır. Təqaüdlərin və sosial ödənişlərin böyük hissəsi məhz bu kateqoriyalara yönəlib: şəhid ailələri, qazilər, əlilliyi olan şəxslər, valideyn himayəsindən məhrum uşaqlar, eləcə də dövlət qarşısında xüsusi xidmətləri olan yaradıcı şəxslər – yazıçılar, şairlər, jurnalistlər, bəstəkarlar və başqaları. Bu kateqoriyalar üzrə təxminən 400 minə yaxın insan təqaüd alır.
Bu baxımdan, mövcud sistem vahid sosial ödəniş modelindən geri qalmır və bir çox hallarda daha hədəfli xarakter daşıyır. Hazırda qlobal hərbi-siyasi və iqtisadi vəziyyət, eləcə də enerji bazarlarında müşahidə olunan dəyişikliklər, xüsusilə neft qiymətlərindəki artım müəyyən maliyyə imkanları yarada bilər. Bu baxımdan deyə bilərəm ki, ilin ilk yarısının sonunda həm büdcənin gəlir hissəsində, həm də minimum əməkhaqqının məbləğində artımların olacağı gözlənilir.
Ümumilikdə isə, Azərbaycanda minimum əməkhaqqı ilə orta əməkhaqqı arasındakı nisbətin artırılmasına ehtiyac var. Avropa Sosial Xartiyasının tələblərinə görə, bu nisbət 50 faizdən yuxarı olduqda sosial müdafiə daha təminatlı hesab olunur. Azərbaycanda isə hazırda bu göstərici təxminən 40 faiz səviyyəsindədir.
– Bu gün bəzi özəl sektor subyektləri əmək müqaviləsi bağlamaqdan qaçmaq üçün işçiləri VÖEN açmağa məcbur edir. Bu isə işçini əmək hüquqlarından və gələcək pensiya təminatından məhrum edir. Belə “gizli əmək münasibətləri”ni tənzimləmək üçün Vergi Məcəlləsi ilə Əmək Məcəlləsi arasında hansı mexanizmlər həyata keçirilə bilər?
– Bəli, əmək müqavilələrinin bağlanması həm iqtisadi, həm də sosial baxımdan olduqca vacib prosesdir və ilk növbədə, vətəndaşların özləri maraqlı olmalıdırlar ki, işə qəbul olunarkən onlarla əmək müqaviləsi bağlansın. Çünki əmək müqaviləsinin bağlanması işçinin təkcə işlədiyi dövrdə deyil, həm də gələcək pensiya təminatı baxımından ciddi sosial zəmanətlər yaradır. Eyni zamanda, əmək müqaviləsində işçinin yalnız əməkhaqqı deyil, həm də məzuniyyət hüquqları, digər sosial ödənişlər və güzəştlər də öz əksini tapır. Bununla yanaşı, əmək müqaviləsinin bağlanması işçini bir çox hallarda sığortalayır. Əgər əmək müqaviləsi olmayan işçi istehsalat prosesində hər hansı qəza ilə üzləşərsə, o, demək olar ki, sosial təminatdan kənarda qalır. Ölüm halı baş verərsə, onun ailə üzvləri də müvafiq sosial ödənişlərdən və təminatlardan məhrum ola bilər. Həmçinin belə işçi pensiya hüququnu ya əldə etmir, ya da çox aşağı məbləğdə pensiya alır.
Dövlət tərəfindən bu sahəyə ciddi nəzarət olunur və son illər aparılan islahatlar, o cümlədən qanunvericilik səviyyəsində görülən tədbirlər nəticəsində əmək müqavilələrinin sayı xeyli artıb. Buna baxmayaraq, bu göstərici hələ də aşağıdır. Hazırda Azərbaycanda təxminən 5 milyon 350 min iqtisadi fəal əhali var, onların içərisində 5 milyon 74 min nəfər məşğul əhalidir. Bu şəxslərin təxminən 1 milyon 770 mini əmək müqaviləsi ilə çalışan muzdlu işçilərdir. Bu isə ümumi potensialın təxminən 35–38 faizi deməkdir və kifayət qədər aşağı göstəricidir. Bu səviyyənin artırılması üçün həm inzibati tədbirlər, həm də maarifləndirmə işləri gücləndirilməlidir. Ən əsası isə vətəndaşlar özləri maraqlı olmalıdırlar ki, işə qəbul olunarkən onlarla əmək müqaviləsi bağlansın və onlar həm hüquqlarını, həm də vəzifələrini yaxşı bilsinlər.
– Əlilliyin təyinatında sistem tam elektronlaşdırılıb, lakin vətəndaşlar “alqoritmlərin qurbanı” olduqlarını deyirlər. Çox vaxt sistem real xəstəliyi olan şəxsə “imtina” verir. Bu barədə nə deyə bilərsiniz?
– Əlillik təyinatı sahəsində son illərdə çox ciddi islahatlar həyata keçirilir və əvvəlki dövrlərdə mövcud olan bir sıra nöqsanların aradan qaldırılmasına yönəlmiş addımlar atılıb. Keçmişdə bəzi hallarda əlillik dərəcələri haqqı olmayan şəxslərə də təyin olunurdu. Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin dövründə bu sahədə geniş təmizləmə tədbirləri aparıldı. Eyni zamanda, qanunvericilik baxımından əlillik təyinatı meyarlarına yenidən baxıldı və daha müasir, Avropa standartlarına uyğun kriteriyalar tətbiq olundu.
Qeyd etmək lazımdır ki, əlillik təyinatı prosesi kifayət qədər mürəkkəbdir. Bir çox hallarda səhiyyə müəssisələrində həkimlərin qoyduğu diaqnozlarla tibbi-sosial ekspertiza xidmətinin qərarları arasında uyğunsuzluqlar yaranır. Bundan əlavə, prosesin elektron sistem üzərindən həyata keçirilməsi zamanı texniki gecikmələr və sistem xətaları da müşahidə olunur. Ümid edilir ki, davam edən islahatlar çərçivəsində bu problemlər mərhələli şəkildə aradan qaldırılacaq.
Lakin istənilən halda, bu prosesdə vətəndaş əziyyət çəkən tərəf olmamalıdır. Müxtəlif qurumlar arasında yaranan anlaşılmazlıqlar operativ şəkildə aradan qaldırılmalı, vətəndaşların üzərinə əlavə yük düşməməlidir. Bəzən sistem tərəfindən imtina qərarları verilir və səbəb kimi sənədlərdə texniki və ya formal çatışmazlıqlar göstərilir. Halbuki bu cür hallarda vətəndaşın məsuliyyəti olmur və onun təkrar müraciət etməsi və ya aylarla gözləməsi düzgün yanaşma deyil.
Bu məsələlər daha çox institusional səviyyədə həllini tapmalıdır. Artıq icbari tibbi sığorta sisteminin müəyyən funksiyalarının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə inteqrasiyası və tibbi-sosial ekspertiza xidmətinin daha da təkmilləşdirilməsi istiqamətində addımlar atılır. Bu dəyişikliklərin həm hüquqi bazanın güclənməsinə, həm də idarəetmənin daha effektiv təşkilinə şərait yaradacağı gözlənilir. Nəticə etibarilə, bu islahatlar əlillik təyinatı prosesində şəffaflığın və operativliyin artmasına xidmət etməlidir.
– Musa müəllim, Azərbaycanda boşanmaların sayı artır, doğum səviyyəsi isə sabitləşir. Bu fonda yetişməkdə olan demoqrafik problemə qarşı daha köklü addımların atılmasının vaxtı çatmayıbmı?
– Bəli, demoqrafik proseslər bu gün bütün dünyada mənfi istiqamətdə inkişaf edir və artıq Azərbaycanda da doğum səviyyəsində azalma müşahidə olunur. Hələlik doğumla ölüm arasındakı nisbət müsbət olaraq qalır. Lakin bir neçə il əvvəlki dövrlə müqayisədə doğulanların sayı xeyli azalıb, ölüm səviyyəsi isə nisbətən sabit qalıb. Dəhşətlisi isə odur ki, bu tendensiya davam edərsə, təxminən 15 ildən sonra doğum və ölüm göstəricilərinin bərabərləşməsi mümkündür. Daha sonrakı mərhələdə isə əhali artımında geriləmə başlaya bilər. Buna görə də indidən qabaqlayıcı tədbirlərin görülməsi zəruridir.
Yaşlı əhalinin sayının artması tibbi və sosial xidmətlərə tələbatın yüksəlməsi deməkdir. Çünki yaş artdıqca, xroniki xəstəliklərin yayılma ehtimalı da artır. Bu isə həm Dövlət Sosial Müdafiə Fondunun, həm də dövlət büdcəsinin sosial xərclərinin artmasına və ümumi fiskal yükün yüksəlməsinə səbəb olur.
Bütün bu riskləri nəzərə alaraq, hesab edirəm ki, hökumət tərəfindən uzunmüddətli demoqrafik inkişaf konsepsiyası hazırlanmalıdır. Bu çərçivədə ayrıca dövlət proqramı qəbul edilərək, konkret hədəflər, mərhələlər və icra mexanizmləri müəyyənləşdirilməlidir. Proqramda müxtəlif illər üzrə görüləcək tədbirlər, gözlənilən nəticələr və əsas göstəricilər sistemli şəkildə öz əksini tapmalıdır.
Söhbəti qələmə aldı:
Tacir SADIQOV
XQ


