Müsahibimiz İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədri Fərid Osmanovdur
Rəqəmsal yenilənmə artıq sadəcə texnoloji proses kimi qiymətləndirilmir – bu, iqtisadiyyatın strukturunu dəyişən, idarəetmə fəlsəfəsini yenidən formalaşdıran və dövlətlərin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Qlobal miqyasda süni intellektin sürətli inkişafı, data əsaslı qərarvermə modellərinin genişlənməsi və rəqəmsal in-
frastrukturun strateji əhəmiyyət qazanması yeni iqtisadi mərhələnin konturlarını cızır.
Azərbaycan da bu proseslərdən kənarda qalmır. Bu kontekstdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti diqqət mərkəzində dayanır.
– Prezident İlham Əliyevin fərmanı ilə təsdiqlənən “Rəqəmsal İnkişaf Konsepsiyası” agentliyin fəaliyyətini istiqamətləndirir. Bu konsepsiyanın əsas pillələri ölkəmizin rəqəmsal strategiyasına necə təsir edir və agentlik bu istiqamətdə konkret hansı yeni layihələr həyata keçirəcək?
– Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il 16 yanvar tarixində təsdiq etdiyi “Rəqəmsal İnkişaf Konsepsiyası” ölkəmizdə rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini və vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyən ən fundamental sənədlərdən biridir. Konsepsiya rəqəmsal iqtisadiyyatın inkişafını, texnologiya tətbiqlərinin genişləndirilməsini, rəqəmsallaşdırma proseslərinin optimallaşdırılmasını, istifadəçiyönümlü rəqəmsal xidmətlərin əhatə dairəsinin genişləndirilməsini, insan resurslarının inkişafını, həmçinin dövlət-vətəndaş əlaqələrinin yaxşılaşdırılmasını əsas hədəflər kimi müəyyən edir.
Eyni zamanda, bu sənəd vətəndaş, biznes və dövlətin ehtiyaclarını vahid bir çərçivədə nəzərə alan effektiv və rəqəmsal idarəetmə modelini əsas tutur. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin fəaliyyəti də məhz bu strateji prioritetlər üzərində köklənib. Əsas məqsədimiz dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə məlumat əsaslı qərarvermə mexanizmlərini gücləndirmək, o cümlədən inzibati xərclərin azaldılmasına və rəqəmsal proseslərin inkişafına dəstək vermək, “bir pəncərə” prinsipi ilə vətəndaşlara və biznes subyektlərinə təqdim olunan rəqəmsal dövlət xidmətlərini genişləndirməklə təqdim olunan xidmətləri daha çevik, şəffaf və vətəndaşyönümlü modelə keçirməkdir.
Dövlət idarəetmə sisteminin rəqəmsallaşdırılması istiqamətində agentlik dövlət qurumlarının və sahibkarlıq subyektlərinin informasiya infrastrukturunun rəqəmsallaşma səviyyəsinin diaqnostikasını həyata keçirir. Agentlik qanunvericiliyə əsasən dövlət qurumlarında rəqəmsal yetkinlik səviyyəsinin ölçülməsi və inkişafın izlənilməsi üçün xüsusi metodologiya tətbiq edir, həmçinin qurumlarda rəqəmsallaşma səviyyəsinin ilkin diaqnostikasını, özünüqiymətləndirmə mexanizmini həyata keçirir. Bu, dövlət sektorunda rəqəmsal transformasiyanın real vəziyyətini müəyyən etməyə və inkişaf istiqamətlərini planlaşdırmağa imkan yaradır.
Digər mühüm addım dövlət informasiya ehtiyatlarının və sistemlərinin vahid şəkildə idarə olunmasıdır ki, bu məqsədlə dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri formalaşdırılır. Reyestr vasitəsilə dövlət qurumlarında mövcud informasiya sistemlərinin texniki infrastrukturu, xidmətlərin iş prosesləri və mövcud resurslar təhlil edilir, təkrarçılığın qarşısının alınması və sistemlərin optimallaşdırılması üçün zəruri tədbirlər müəyyənləşdirilir.
Rəqəmsal cəmiyyətə etimad mühitində keçidin təmin edilməsi və rəqəmsal inkişaf üçün zəruri kadr potensialının inkişaf etdirilməsi məqsədilə vahid rəqəmsal hökumət arxitekturasının və proses arxitekturası toplusunun hazırlanması üzərində işləyirik. Bütün rəqəmsal dövlət xidmətləri üçün vahid istifadəçi təcrübəsi və dizayn standartlarının tətbiqini nəzərdə tutan xidmətlərin vahid dizayn sisteminin formalaşdırılması istiqamətində işlər aparılır. Bu yanaşma rəqəmsal dövlət xidmətlərinin vətəndaşlar üçün daha rahat, anlaşılan və əlçatan olmasını təmin etməyə xidmət edir.
Agentlik, həmçinin rəqəmsal xidmətlər üzrə istifadəçi məmnunluğunun artırılmasına xüsusi diqqət yetirir, həyat hadisələri əsaslı dövlət xidmətlərinin mütəmadi təhlilini aparır və prioritet xidmətlərin rəqəmsallaşdırılması istiqamətində yeni layihələr həyata keçirir. Paralel olaraq əsas dövlət informasiya sistemlərində formalaşan məlumatların dürüstlüyü, bütövlüyü və dəqiqliyi təhlil edilir, əhalinin rəqəmsal savadlılığının artırılması məqsədilə vətəndaşların rəqəmsal hazırlıq səviyyəsinin qiymətləndirilməsi, kiberməlumatlılığın artırılması və rəqəmsal bacarıqların inkişafına yönəlmiş müxtəlif proqramlar və sorğular həyata keçiririk.
Ümumilikdə, “Rəqəmsal İnkişaf Konsepsiyası” ölkəmizdə rəqəmsal transformasiyanın sistemli və davamlı şəkildə həyata keçirilməsi üçün əsas yol xəritəsidir. Agentlik olaraq bizim əsas məqsədimiz bu konsepsiyanın praktik müstəvidə həyata keçirilməsini təmin etmək və Azərbaycanın rəqəmsal inkişafını yeni mərhələyə çıxarmaqdır.
– İnnovasiya və startap mühitinin inkişafı istiqamətində görülən işlər çərçivəsində müvafiq mədəniyyətin formalaşdırılması kimi təşəbbüslərin rolunu necə qiymətləndirirsiniz? Bu tədbirlər startapların beynəlxalq bazarlara çıxışına hansı töhfə verir?
– Agentlik qabaqcıl dünya təcrübəsini və yerli ekosistemin xüsusiyyətlərini təhlil edərək innovasiya fəaliyyətini 5 sütun üzərində formalaşdırmışdır: İKT üzrə təşkilatların və startapların fəaliyyətini dəstəkləyən zəruri qanunvericilik və infrastrukturun təşkili, maliyyə və bazar əlçatanlığı istiqamətində dəstək göstərilməsi, insan kapitalı və innovasiya mədəniyyətinin inkişaf etdirilməsi. Beləliklə, innovasiya ekosistemi quruculuğuna baxışımız bu 5 (qanunvericilik və infrastruktur, maliyyə, bazar əlçatanlığı, insan kapitalı və mədəniyyətin inkişafı) fundamental prinsipi ehtiva edir.
Agentlik olaraq startap ekosisteminin inkişafı istiqamətində həyata keçirdiyimiz tədbirlər də innovasiya mədəniyyətinin gücləndirilməsini özündə birləşdirən kompleks yanaşmaya əsaslanır. İnnovasiya mədəniyyətinin formalaşmasında ölkəmizdə yaradılan innovasiya mərkəzləri müstəsna əhəmiyyət kəsb edir. Xüsusilə universitetlərin nəzdində fəaliyyət göstərən bu mərkəzlər startap quruculuğuna yeni başlayan gənclər üçün innovativ sahibkarlıq düşüncəsinin formalaşdığı əsas platforma rolunu oynayır.
Bakı və Sumqayıtda fəaliyyətə başlayan, eləcə də ADNSU, Naxçıvan Dövlət Universiteti və Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış innovasiya mərkəzlərində mentorluq, inkubasiya, akselerasiya, prototipləşdirmə və tədqiqat imkanları təqdim edilir. Bu mərkəzlər ideyaların yarandığı məkan olmaqla məhdudlaşmır, həmçinin ideyaların real məhsula çevrilməsi üçün texnoloji və intellektual mühiti mümkün edən hərtərəfli infrastruktur imkanlarını təqdim edir. İndiyə qədər bu mərkəzlərdə 340-dan çox tədbirin keçirilməsi və 14 mindən çox iştirakçının cəlb olunması Bakı və regionlarda innovasiyaya olan yüksək marağı göstərir.
Agentlik inkubasiya və akselerasiya proqramlarının reallaşması üçün dəstəkləyici təşəbbüslərlə də çıxış edir. Bu proqramlar sayəsində erkən mərhələdə olan startaplar ideyalarını sınaqdan keçirir, minimal işlək məhsulların bazar uyğunluğunu müəyyən edirlər. Bu təşəbbüslər startaplara imkan verir ki, real dəyər yaradan və rəqabət qabiliyyəti yüksək olan məhsulları inkişaf etdirə bilsinlər. Startapların bu mərhələdə formalaşdırdığı düzgün məhsul yanaşması gələcəkdə onların miqyaslanmasına ciddi təsir edir.
Beynəlxalq tərəfdaşlıqlar və xarici innovasiya oyunçularının yerli ekosistemə cəlb edilməsi də mədəniyyətin formalaşması üçün mühüm faktordur. ABŞ-ın nüfuzlu “Plug and Play” platforması ilə əməkdaşlığımız startapların “Silikon vadisi” kimi inkişaf etmiş ekosistemin metodologiyası əsasında beynəlxalq şəbəkələrə inteqrasiyasına xidmət edir. Eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının MDB məkanında ilk akselerasiya mərkəzinin ölkəmizdə yaradılması da startapların müasir standartlar əsasında fəaliyyət göstərməsinə və qlobal bazarlara çıxışının sürətlənməsinə imkan yaradır. Belə təşəbbüslər innovasiya mədəniyyətinin ölkə daxilində yayılması ilə yanaşı, yerli startapların dünya bazarlarına daha hazırlıqlı və rəqabətqabiliyyətli məhsullarla çıxmasına şərait yaradır.
Nəticə etibarilə, innovasiya mədəniyyətinin formalaşdırılmasına yönəlmiş təşəbbüslər startapların ideya mərhələsindən qlobal bazarlara qədər olan bütün inkişaf yolunu əhatə edən, dayanıqlı və dəyər yaradan ekosistemin dinamik fəaliyyət göstərməsinə xidmət edir.
– Azərbaycanın rəqəmsal inkişaf gündəliyində süni intellektin ayrıca strateji istiqamət kimi formalaşdırılması nəzərdə tutulurmu? Bu sahədə milli yol xəritəsinin hazırlanması hansı mərhələdədir və yaxın perspektivdə hansı əsas addımların atılması planlaşdırılır?
– Süni intellekt bu gün qlobal miqyasda ən sürətlə inkişaf edən texnologiyalardan biridir və bir çox ölkələrdə artıq dövlət siyasətinin əsas prioritet istiqamətlərindən birinə çevrilib. Azərbaycanda da bu sahə ölkə rəhbərliyi səviyyəsində prioritetləşdirilmiş texnologiya kimi qiymətləndirilir və son illər bu istiqamətdə ardıcıl addımlar atılır.
Ötən il “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası”nın təsdiq edilməsi ilə ölkəmizdə süni intellektin inkişafı və tətbiqi üçün strateji çərçivə formalaşdırılıb. Bu sənəd süni intellekt texnologiyalarının inkişafı, məlumatların idarə edilməsi və infrastrukturunun təkmilləşdirilməsi, süni intellekt sahəsində istedad və bacarıqların yüksəldilməsi, həmçinin əlverişli biznes mühitinin yaradılması üzrə əsas istiqamətləri müəyyən edir.
Paralel olaraq, bu sahədə dövlət standartları qəbul edilib, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası fəaliyyətə başlayıb ki, bu da ölkədə süni intellekt ekosisteminin formalaşması baxımından mühüm addımdır. Ölkəmizdə, həmçinin hüquqi aktlar üzrə süni intellekt dəstəkli axtarış və təhlil funksionallığını özündə birləşdirən “E-qanun.ai” platforması yaradılıb. Platformanın əsas məqsədi qanunların hər kəs üçün daha əlçatan və anlaşılan olmasını təmin etməkdir.
Bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycanın yeni rəqəmsal arxitekturası”na həsr olunan müşavirədə də süni intellektin inkişafı xüsusi diqqət mərkəzində olub. Beləliklə, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edilib. Bu sənəddə rəqəmsallaşma sahəsinin inkişafı, innovasiya fəaliyyəti sahəsində inkişafın təmin edilməsi və kibertəhlükəsizlik sahəsində fəaliyyətin təkmilləşdirilməsi istiqamətləri ilə yanaşı, süni intellekt texnologiyaları sahəsində də fəaliyyətin təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi müəyyən olunub.
Bu çərçivədə yanaşmamız süni intellekt texnologiyalarının ölkədə sistemli, dayanıqlı və təhlükəsiz şəkildə tətbiqini təmin etməkdir. İlkin mərhələdə “dövlət məlumat hövzəsi”nin yaradılması, dövlət informasiya ehtiyatlarında və sistemlərində formalaşan məlumatların hövzəyə inteqrasiyası, həmçinin süni intellekt tətbiqləri üçün zəruri texnoloji infrastrukturun qurulması planlaşdırılır. Eyni zamanda, dövlət qurumlarında süni intellek texnologiyalarından istifadə etməklə müvafiq həllərin tətbiqi üzərində işlər aparılır.
Praktiki tətbiqlər baxımından isə əsas istiqamətlərdən biri süni intellekt texnologiyalarının dövlət xidmətlərinə inteqrasiyasıdır. Bu xüsusda, “mygov” platformasında süni intellekt əsaslı həllərin tətbiqini təmin edəcək infrastrukturun qurulması üzərində işlər davam edir. Məqsəd dövlət xidmətlərini daha proaktiv, daha sürətli və istifadəçiyönümlü etməkdir.
Ümumilikdə məqsədimiz süni intellekti yalnız texnoloji yenilik kimi deyil, ölkənin rəqəmsal inkişaf modelinin mühüm tərkib hissəsi kimi formalaşdırmaqdır. Bu yanaşma dövlət idarəçiliyinin daha səmərəli təşkilinə, innovasiya ekosisteminin inkişafına, həmçinin vətəndaş və sahibkarlıq subyektlərinə təqdim olunan xidmətlərin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verəcək.
– “mygov” platformasında istifadəçi sayının, rəqəmsal xidmətlərdən istifadənin artması əsasən hansı rəqəmsal xidmətlərin genişlənməsi hesabına baş verib? Eyni zamanda, “mygov ID” sistemi çərçivəsində hansı yeni çağırışlar gündəmdədir?
– “mygov” platforması qurumların elektron xidmətlərinin göstərilməsini, habelə bütün növ dövlət xidmətləri və vətəndaş müraciətləri nəticəsində təqdim edilən sənədlərin (məlumatların) mərkəzləşdirilmiş qaydada təqdim olunmasını və onlardan istifadəni, vətəndaş müraciətlərinin və informasiya sorğularının mərkəzləşdirilmiş qaydada təqdim edilməsini və cavablandırılmasını, habelə fərdi məlumatlarının sorğulanmasına dair razılığın verilməsini və idarə olunmasını təmin edir.
Məqsədimiz rəqəmsal dövlət xidmətlərini vahid rəqəmsal ekosistemdə birləşdirərək vətəndaşların bu xidmətlərə daha rahat, sürətli və təhlükəsiz çıxışını təmin etməkdir. Bu baxımdan “mygov” yalnız bir xidmət platforması deyil, eyni zamanda dövlət–vətəndaş münasibətlərinin yeni, daha çevik və şəffaf modelinin formalaşmasında mühüm rol oynayan əsas alətlərdən biridir. Platformanın son illərdə sürətlə inkişaf etməsi və istifadəçi sayının artması da məhz bu yanaşma ilə bağlıdır. Bir tərəfdən platformada təqdim olunan rəqəmsal xidmətlərin sayı və funksionallığı genişlənir, digər tərəfdən isə vətəndaş təcrübəsini daha rahat edən yeni mexanizmlər tətbiq olunur.
Bu ekosistemin mühüm komponentlərindən biri “Vahid giriş” altsistemi olan mygov ID sistemidir. Bu sistem dövlət informasiya ehtiyatlarından və sistemlərindən istifadə zamanı istifadəçilərin təkmil sertifikatlı gücləndirilmiş elektron imza və digər elektron eyniləşdirmə vasitələri ilə vahid formada identikləşdirilməsini, habelə qeyd olunan informasiya ehtiyatlarına və sistemlərinə birdəfəlik girişi təmin edir. Eyni zamanda, “Rəqəmsal razılıq” altsistemi fərdi məlumatların sorğulanması zamanı şəxslərin onlara məxsus olan fərdi məlumatların toplanılmasına və işlənilməsinə razılıqlarının idarə edilməsini təmin edir.
Platforma üzərindən xidmətlər həm həyat hadisələri prinsipi ilə, həm də fərdi ehtiyaclara uyğun təqdim olunur. Məsələn, nikah, doğum, ölüm haqqında şəhadətnamələrin, əmək müqavilələrinin imzalanması, qurumlara rəsmi müraciətlərin göndərilməsi və cavablandırılması, məhkumluq arayışları, ailə və təhsil məlumatları, etibarnamələr, kommunal xidmətlər üzrə abonent məlumatlarının yenilənməsi, hərbi xidmət məlumatları, sosial müdafiə və təmin xidmətləri, iş yerindən arayış və bank kartları ilə ödənişlər artıq bir kliklə həyata keçirilir.
Bu xidmətlərin genişlənməsi nəticəsində “mygov” platformasında istifadəçi sayı son bir ildə 2,4 dəfə artaraq 2,9 milyona çatıb. Platforma üzərindən xidmət istifadəsi isə 11 dəfə artıb və 2026-cı ilin mart ayında 122 min əməliyyat və 331 min rəqəmsal sənəd istifadəsi qeydə alınıb. Bu da platformanın yalnız qeydiyyat baxımından deyil, aktiv istifadə və vətəndaş mərkəzli təcrübə baxımından da inkişaf etdiyini göstərir.
Qısaca desək, “mygov ID” və həyat hadisələri üzrə rəqəmsal xidmətlər, rəqəmsal sənədlər, ödənişlər, kommunal xidmətlər və məktublaşma funksiyaları vətəndaş təcrübəsini daha rahat, təhlükəsiz və əlçatan edib və platformanın sürətli böyüməsinin əsas təkanverici faktorlarıdır.
Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planında əsas tədbirlərdən biri bütün rəqəmsal dövlət xidmətlərinin və sənədlərin yalnız “mygov” vasitəsilə təqdim olunmasıdır. Ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqləri vahid ekosistemdə birləşdiriləcək. Bu təşəbbüs xidmət pərakəndəliyini aradan qaldıracaq, xidmət keyfiyyətini yüksəldəcək və vətəndaşların bütün dövlət xidmətlərinə daha rahat və mərkəzləşdirilmiş şəkildə çıxışını təmin edəcək.
– Rəqəmsal Məlumat Mübadiləsi altsistemi olan “digital.bridge” üzrə əməliyyatlar haqqında danışaq. Cari il üçün bu platforma üzrə hansı texnoloji yenilənmə tədbirləri planlaşdırılır?
– “digital.bridge” bu gün dövlət informasiya ehtiyatlarının və sistemlərinin əlaqələndirilməsini, o cümlədən onlar arasında təhlükəsiz məlumat mübadiləsinin aparılmasını təmin edir. Bu isə həm dövlət qurumlarının işini sürətləndirir, həm də vətəndaşlara göstərilən rəqəmsal xidmətlərin daha çevik və rahat təqdim olunmasına imkan yaradır.
Platformanın dayanıqlılığı və yüksək yüklənmələrə davamlılığı müasir texnoloji arxitektura əsasında təmin edilir. Belə ki, platforma mikroservis arxitekturasında qurulub və sorğular asinxron məntiq üzrə işlənir, bu da sistemin çox sayda istifadəçi olduqda belə problemsiz və sürətli işləməsini təmin edir. Eyni zamanda, sistem bir neçə server üzərində paylanmış şəkildə işləyir. Gələn sorğular serverlər arasında yük balanslaşdırılması vasitəsilə bölüşdürülür.
Bu da sistemin sürətli işləməsini və yüksək yüklənmə zamanı belə sabit qalmasını təmin edir. Bu yanaşma platformanın davamlı, etibarlı və sürətli işləməsinə imkan yaradır. Hazırda sistem üzərindən gündəlik 3 milyondan çox tranzaksiya həyata keçirilir və indiyədək ümumilikdə 2 milyarddan artıq məlumat mübadiləsi baş tutub. Xüsusilə qeyd edilməlidir ki, platformanın təhlükəsizliyi informasiya təhlükəsizliyinin idarəedilməsi sistemi çərçivəsində tənzimlənir.
Məqsədimiz platformanı daha çevik, dayanıqlı və daha geniş imkanlara malik inteqrasiya mühitinə çevirməkdir ki, bu da dövlət qurumları arasında məlumat mübadiləsini daha effektiv təşkil etməyə və rəqəmsal xidmətlərin keyfiyyətini daha da artırmağa imkan verəcək.
– Rəqəmsal səriştələrin inkişafı üzrə proqramlar və kibertəhlükəsizlik təlimləri çərçivəsində indiyədək yüzlərlə gənc ixtisaslı mütəxəssis yetişib. Bu təlim proqramlarının konkret nəticələri nədir, məzunların işlə təminatına bu nə kimi fayda verir?
– Ümumiyyətlə, İKT sahəsində kadr potensialının artırılması bizim üçün hər zaman prioritet istiqamətlərdən biri olub. Rəqəmsal transformasiyanın sürətlə getdiyi bir dövrdə ixtisaslı mütəxəssislərin hazırlanması böyük əhəmiyyət daşıyır. Məhz buna görə də agentlik olaraq bu sahədə mütəmadi müxtəlif proqramlar və təşəbbüslər həyata keçiririk.
Bu istiqamətdə həyata keçirdiyimiz layihələrdən biri “IT SkillsBridge” proqramıdır. Proqram Andersen Lab ilə əməkdaşlıq çərçivəsində reallaşdırılır və əsas məqsədi gənclərin İT sahəsində praktiki bacarıqlar əldə etməsinə dəstək verməkdir. Bugünədək proqram çərçivəsində 210 nəfər təlimlərə cəlb olunub, hazırda isə 120 nəfər Andersen Lab-da işə cəlb olunmaqla təlim prosesini davam etdirir. Proqramın əsas üstünlüyü ondan ibarətdir ki, iştirakçılar yalnız nəzəri biliklərlə kifayətlənmir, eyni zamanda, şirkətdə işə götürülməklə real layihələr üzərində işləyərək praktiki təcrübə qazanırlar.
Bu da onların əmək bazarına daha hazırlıqlı şəkildə daxil olmasına imkan yaradır. Eyni zamanda, proqram çərçivəsində iştirakçılara karyera inkişafı ilə bağlı məsləhətlər, şəbəkələşmə imkanları və İKT sahəsində müxtəlif tədbirlərdə iştirak imkanları da təqdim olunur. Məqsədimiz İKT sektoru üzrə mümkün qədər yüksək məşğulluq səviyyəsinə nail olmaq və sektorun ölkə iqtisadiyyatına verdiyi töhfəni artırmaqdır.
Digər mühüm təşəbbüslərimizdən biri də Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin fəaliyyətidir. Bu mərkəzin əsas məqsədi ölkədə kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, bu sahədə mütəxəssislərin sayını artırmaq və onların peşəkar hazırlığını gücləndirməkdir. Layihə çərçivəsində dövlət qurumları, özəl sektor və universitetlərlə əməkdaşlıq qurulub və beynəlxalq təcrübənin ölkəyə gətirilməsi təmin olunur. Bu istiqamətdə İsrailin Technion Texnologiya İnstitutu ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.
Mərkəzdə təhsil alan tələbələr beynəlxalq mütəxəssislərin iştirakı ilə “Red Team”, “Blue Team” və “Purple Team” kimi qabaqcıl kibertəhlükəsizlik istiqamətləri üzrə praktiki təlimlər keçirlər. Bu təlimlər iştirakçılara həm hücum, həm müdafiə, həm də kompleks təhlükəsizlik strategiyaları üzrə real bacarıqlar qazandırır. Bugünədək Azərbaycan Kibertəhlükəsizlik Mərkəzindən 480 nəfər məzun olub, hazırda isə 7-ci tədris dalğası üzrə 60 tələbə təhsilini davam etdirir. Məzunların işlə təminat göstəricisi isə 86 faiz təşkil edir və onlar həm dövlət qurumlarında, həm də qabaqcıl yerli və beynəlxalq şirkətlərdə fəaliyyət göstərirlər.
– “EPAM Systems”ın Azərbaycanda fəaliyyətə başlaması və agentliyin layihələrinə qoşulması gündəmdədir. Bu tərəfdaşlığın əsas hədəfləri nədir, beynəlxalq təcrübə ölkədə hansı yeni layihələrdə tətbiq ediləcək?
– Xarici texnologiya şirkətlərinin Azərbaycana cəlb edilməsi və uzunmüddətli tərəfdaşlıqların qurulması ölkəmizdəki ekosistemin potensialından xəbər verir. Agentliyin aparıcı qlobal şirkətlərlə əməkdaşlığı Azərbaycanı regionun əsas innovasiya mərkəzinə çevirmək məqsədini daşıyır.
Bu istiqamətdə mühüm addımlardan biri rəqəmsal transformasiya və İT konsaltinq sahəsində dünya liderlərindən olan Amerikanın “EPAM Systems” şirkətinin Azərbaycanda fəaliyyətə başlamasıdır. Bakıda açılmış nümayəndəlik yalnız əməliyyat funksiyalarını yerinə yetirməyəcək, eyni zamanda innovasiya mərkəzi kimi fəaliyyət göstərərək irimiqyaslı rəqəmsallaşma, süni intellekt və İKT sahəsində insan kapitalının inkişafı üzrə layihələrin icrasını təmin edəcək. Əməkdaşlığın xüsusilə süni intellekt istiqamətini əhatə etməsi “EPAM Systems”in digər ölkələrdə sınaqdan keçirilmiş qabaqcıl həllərinin Azərbaycanda tətbiqinə və beynəlxalq təcrübənin ölkəyə transferinə imkan yaradacaq.
Agentlik hazırda ABŞ-ın qlobal miqyasda tanınan “EPAM Systems” şirkəti ilə birlikdə süni intellekt infrastrukturunun qurulması istiqamətində strateji layihə həyata keçirir və bu layihə çərçivəsində “mygov” platformasında süni intellekt əsaslı çatbot istifadəyə verilmişdir. İlkin mərhələdə bu həll vətəndaşlara platformadakı xidmətlər, funksionallıqlar və həyat hadisələri ilə bağlı məlumatları daha rahat və operativ şəkildə əldə etməyə imkan verəcək. Daha sonra isə “mygov” platformasında xidmətlərin və məlumatların süni intellekt əsaslı agent(lər)in dəstəyilə anında alınması imkanı yaradılacaqdır.
“EPAM Systems” ilə birgə üzərində işlədiyimiz və yaxın aylarda istismara veriləcək digər rəqəmsal məhsul “mygov Biznes”dir. Belə ki, “mygov Biznes” platforması sahibkarlıq subyektlərinin dövlət qurumlarına müraciətinin elektron təşkilini, sahibkarlıq fəaliyyəti üçün zəruri olan bütün məlumatların mərkəzləşdirilmiş qaydada əldə edilməsini, eləcə də sahibkarlıq subyekti barəsində məlumatın işlənilməsinə razılığın idarə olunmasını, sahibkarlıq subyektlərinə elektron xidmətlər göstərilməsini, habelə dövlət xidmətləri göstərilməsində istifadə edilən müvafiq dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsini, o cümlədən sahibkarı təmsilçilik səlahiyyətinin idarə edilməsinin təşkilini təmin edəcəkdir.
Beləliklə, məqsəd sahibkarın fərqli portallar arasında keçid etmədən əsas öhdəlik və müraciətlərini bir platforma üzərindən icra edə bilməsini təmin etməkdir.
Müsahibəni qələmə aldı:
Nurlan ABDALOV
XQ

