Əmək bazarında inqilabi yeniləşmənin hüdudları
Bu gün süni intellektin sürətli inkişafı qlobal miqyasda əmək bazarının strukturuna ciddi təsir göstərir. Bu köklü texnoloji dəyişiklik təkcə istehsal proseslərini deyil, həm də xidmət sektorunu, təhsil sistemini və ümumilikdə sosial-iqtisadi münasibətləri köklü şəkildə dəyişir. Bir tərəfdən məhsuldarlığın artması, xərclərin azalması və yeni imkanların yaranması müşahidə olunursa, digər tərəfdən iş yerlərinin itirilməsi və sosial bərabərsizlik kimi narahatlıqlar diqqət çəkir.
Süni intellektin əmək bazarına təsiri inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycan gündəliyində də əsas mövzulardan birinə çevrilib. Rəqəmsallaşma və innovasiya siyasətinin davamlı şəkildə həyata keçirildiyi respublikamızda artıq texnologiyaların tətbiqi əmək bazarına təsir göstərməyə başlayıb.
Bu məsələdə fərqli düşünənlər də var. Ekspert Adil Əfəndiyevin sözlərinə görə, dövrün tələbi ilə süni intellektin inkişafı nəticəsində bir sıra iş yerlərinin bağlanılması heç də işsizliyin genişlənməsi və sosial bərabərsizliyin artması anlamına gəlmir. Başqa sözlə, bəzi ənənəvi peşələr ixtisar edilsə də, bu, kütləvi işsizlik deyil, əslində, əmək bazarında köklü dəyişikliyin baş verməsidir.
Digər tərəfdən, süni intellekt insanları tam əvəz etmir, əksinə, məhsuldarlığı artırır, yeni sahələr, məsələn, məlumat analitikası, robototexnika yaradır, “ağ vərəq qorxusu”nu aradan qaldıraraq yaradıcı prosesləri sürətləndirir. Bu isə işçilərin daha çox tapşırıq yerinə yetirməsinə imkan verir. Beləliklə, süni intellekt fəaliyyət prosesini sürətləndirərək mütəxəssislərin fəaliyyətini asanlaşdırır.
Bundan başqa, süni intellekt, xüsusilə, dizayn, mətn yazarlığı və analitika sahələrində işləyənlərə yardımçı olsa da, insan əməyini tam əvəz edə bilmir, daha çox rəqəmsal transformasiya çərçivəsində insan – maşın əməkdaşlığı formalaşdırır. Eyni zamanda, səhiyyə, təhsil və istehsalat sahələrində robototexnikanın tətbiqini sürətləndirsə də, bu, yeni bacarıq tələb edən iş yerlərinin yaranması ilə müşayiət olunur. Eləcə də işçilərin yeni texnologiyaları öyrənməsinə və yaradıcı, strateji düşüncə tələb edən sahələrə yönəlməsinə zəmin yaradır.
Süni intellektin əmək bazarına təsirinə gəldikdə isə demək olar ki, rəqəmsallaşma və innovasiya siyasətinin davamlı şəkildə həyata keçirildiyi ölkəmizdə hazırda texnologiyaların tətbiqi əmək bazarına təsir göstərməyə başlayıb. Bu baxımdan Ombudsman Səbinə Əliyevanın bir müddət bundan əvvəl Milli Məclisdə səsləndirdiyi fikirlər xüsusi diqqət çəkib. Ombudsman süni intellektin tətbiqinin gələcəkdə iş yerlərinin azalmasına səbəb ola biləcəyini vurğulayaraq, dövlətin bu proseslərə qabaqlayıcı şəkildə hazırlaşmasının vacibliyini qeyd edib. Bu yanaşma sosial müdafiə mexanizmlərinin gücləndirilməsini və əmək bazarında çevik uyğunlaşma siyasətinin formalaşdırılması zəruriliyini gündəmə gətirib.
Rəqəmsal əmək – möcüzəli əlçatanlıq
Mütəxəssislərin fikrincə, süni intellekt, ilk növbədə, təkrarlanan və standartlaşdırılan işləri əvəz edir. AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin sözlərinə görə, kassir xidmətləri, məlumatların emalı, sadə ofis işləri artıq avtomatlaşdırma prosesinin əsas hədəfləridir. Bu sahələrdə insan əməyinin texnologiyalarla əvəz olunması daha sürətlə baş verir.
Bununla belə, gələcək mərhələdə yüksək ixtisas tələb edən sahələrin də bundan müəyyən dərəcədə təsirlənəcəyi istisna edilmir. Hüquq, maliyyə analitikası, jurnalistika, hətta tibbin bəzi sahələrində süni intellektin tətbiqi genişlənməkdədir. Bu isə əmək bazarında ənənəvi peşələrin yenidən qurulmasına gətirib çıxarır.
Akademikin fikrincə, süni intellekt təkcə mənfi nəticələrin baş verə biləcəyi ilə bağlı narahatlıq yaratmır, eyni zamanda, yeni inkişaf imkanları da açır, rəqəmsal əmək bazarı anlayışını sürətlə formalaşdırır. Bu model vasitəsilə coğrafi məhdudiyyətlər aradan qaldırılır, insanların qlobal bazarda fəaliyyət göstərmək imkanları genişləndirilir.
Bu baxımdan dil texnologiyalarının inkişafı xüsusi önəm daşıyır. Süni intellekt əsaslı tərcümə sistemləri dil baryerlərini minimuma endirərək Azərbaycan vətəndaşlarının beynəlxalq əmək bazarına çıxışını asanlaşdırır. Bu, xüsusilə distant iş imkanları və beynəlxalq layihələrdə iştirak baxımından mühüm üstünlüklər yaradır.
Virtual məkanın bələdçiləri
Mobil təhlükəsizlik və süni intellekt həlləri üzrə proqram təminatı mühəndisi Qulu Əmiraslanov bildirir ki, süni intellekt dövründə ən perspektivli peşələr əsasən texnologiya və yaradıcılıq birləşməsi ilə formalaşır. Bu, süni intellekt mühəndisliyi, biotexnologiya və “yaşıl” enerji sahələri əsasında gerçəkləşir. Belə bir prosesdə insan amilinin əvəzolunmaz olduğu sahələr də aktuallığını qoruyur. Bu məsələdə psixologiya, təhsil, sosial xidmətlər və yaradıcı sənətlər kimi istiqamətlərdə insanın başqasının düşüncə və davranışlarını dərindən anlamaq qabiliyyəti və emosional zəka əsas meyar olaraq qalır.
Süni intellekt əmək bazarını dəyişir və bu proses qaçılmazdır. Əsas məsələ isə bu dəyişikliklərin necə idarə olunmasındadır. Belə ki, əgər texnoloji inkişaf sosial siyasətlə uzlaşdırılırsa, bu birləşmə cəmiyyət üçün yeni imkanlar yaradır. Əks halda isə sosial gərginlik və işsizlik problemləri dərinləşir. Bu səbəbdən həm dövlət, həm biznes sektoru, həm də fərdlər yeni reallıqlara uyğunlaşmağa hazır olmalıdır.
İnsan kapitalına investisiya, təhsilin modernləşdirilməsi və innovasiyaların təşviqi gələcək uğurun əsas təminatıdır. Bütün bunlar deməyə əsas verir ki, süni intellekt insanı əvəz etmək üçün deyil, onun imkanlarını genişləndirmək məqsədilə yaradılan bir vasitədir. Bundan necə yararlanmaq isə cəmiyyətin strateji seçimindən asılıdır.
Yeri gəlmişkən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qiymətləndirmələrinə görə, ölkədə mövcud iş yerlərinin, təxminən, 20-25 faizi orta və uzunmüddətli perspektivdə avtomatlaşdırma narahatlığdan xəbər verir. Bu, xüsusilə aşağı və orta ixtisas tələb edən sahələrdə daha çox diqqət çəkir. Eyni zamanda, respublikada yeni texnoloji peşələrə tələbat sürətlə artır. Son illərin vakansiya dinamikası da göstərir ki, proqramlaşdırma və proqram təminatı mühəndisliyi, “Data” və biznes analitik sahəsi, kibertəhlükəsizlik, rəqəmsal marketinq, süni intellekt kimi istiqamətlərdə işçi tələbatı getdikcə çoxalır. Müşahidələr də deməyə əsas verir ki, informasiya texnologiyası sahəsində maaşlar ölkə üzrə orta əməkhaqqından 2-3 dəfə yüksəkdir. Bu isə əmək bazarında struktur dəyişikliklərinin artıq başlandığını göstərir.
Bu sahədə ölkənin ali təhsil sistemində də dəyişikliklər aydın nəzərə çarpır. Son 5 ildə informasiya texnologiyaları və texniki ixtisaslara qəbulun əhəmiyyətli dərəcədə artması, dövlət sifarişli yerlərdə texnologiya yönümlü ixtisasların payının genişlənməsi, peşə təhsili müəssisələrində yeni rəqəmsal ixtisasların açılması da qeyd edilən fikrin bariz ifadəsidir. Bununla belə, ekspertlər bildirirlər ki, əmək bazarının tələbatı ilə təhsil sistemi arasında hələ də müəyyən uyğunsuzluq qalmaqdadır. Bu isə struktur işsizlik narahatlığını artırır.
Narahatlığa əsas yoxdur
Ombudsman Səbinə Əliyevanın Milli Məclisdə səsləndirdiyi fikirlər də bu baxımdan xüsusi önəm daşıyır. Onun vurğuladığı kimi, süni intellektin tətbiqi nəticəsində iş yerlərinin azalması ehtimalı sosial müdafiə mexanizmlərinin gücləndirilməsini tələb edir. Bu baxımdan Azərbaycanda hazırda fəal məşğulluq proqramlarının həyata keçirilməsi, özünüməşğulluq layihələrinin genişləndirilməsi, peşə hazırlığı kurslarının təşkil olunması zamanı süni intellekt dövrünün tələblərinin nəzərə alınması vacibdir.
Bütün bunlarla yanaşı, rəqəmsal bacarıqların inkişafı milli prioritetə çevrilməli, regionlarda da bu imkanlar genişləndirilməlidir. Kibertəhlükəsizlik sahəsində kadr çatışmazlığının aradan qaldırılması diqqətdə saxlanılmalıdır. Yeni peşələrə keçid üçün çevik mexanizmlər formalaşdırılmalıdır. Süni intellekt modellərinin öyrədilməsi üçün həcmli, dəqiq və müxtəlif məlumat bazalarının əlçatanlığı gerçəkləşdirilməlidir. Sadə alqoritmlərdən kənara çıxaraq, özünü təkmilləşdirən “smart” sistemlərin tətbiqinə də üstünlük verilməlidir. Bu addımlar süni intellektin yalnız sürətli deyil, həm də səmərəli və təhlükəsiz inkişafını gerçəkləşdirə bilir.
Eyni zamanda, süni intellektin sürətli inkişafı məqsədilə yüksək hesablama gücünə malik infrastrukturun yaradılması, böyük və keyfiyyətli məlumat bazalarının reallaşdırılması və bu sahəyə investisiyaların cəlb edilməsi zəruridir. Həmçinin dərin öyrənmə və neyron şəbəkələrin təkmilləşdirilməsi, eləcə də yanlış məlumat narahatlığını azaltmaq məqsədilə etik qaydaların müəyyənləşdirilməsi inkişafı sürətləndirir.
Azərbaycan üzrə statistik göstəricilər süni intellektin əmək bazarına təsirinin artıq başladığını göstərir. Belə ki, rəqəmsal iqtisadiyyatın payı artır, yeni peşələr yaranır, ənənəvi sahələr isə transformasiyaya məruz qalır. Lakin əsas məsələ bu dəyişikliklərin sürətinə uyğun adaptasiya etməkdir. Əgər təhsil sistemi yenilənərsə, insan kapitalına investisiya artırılarsa, sosial müdafiə mexanizmləri gücləndirilərsə süni intellekt Azərbaycan üçün müəyyən narahatlıqdan daha çox imkan mənbəyinə çevrilə, əks halda struktur işsizlik və sosial bərabərsizlik problemləri qaçılmaz ola bilər.
Elvin ABBASOV,
informasiya texnologiyaları mütəxəsisi
Süni intellektin tətbiqi ilə ilk ixtisarların daha çox təkrarlanan sahələrdə baş verəcəyi gözlənilir. Milli Məclisdə diqqətə yönəldilən bu çağırış süni intellektin əmək bazarına təsirlərini hüquqi və sosial müstəvidə qiymətləndirməyi tələb edir. Süni intellektin tətbiqi ilə ilk ixtisarların daha çox rutin, təkrarlanan və böyük həcmli məlumat emalı tələb edən sahələrdə baş verəcəyi gözlənilir. Bura xüsusilə müştəri xidmətləri (call-center), məlumat daxiletmə operatorları, mühasibatlığın texniki hissələri və standart hüquqi sənədlərin hazırlanması daxildir.
Beynəlxalq şirkətlərlə qurulan sıx ünsiyyət və əməkdaşlıq ölkəmizə yeni texnoloji imkanlar qazandırsa da, bu keçid prosesində vətəndaşların əmək hüquqlarının qorunması üçün yeni tənzimləmə mexanizmlərinə böyük ehtiyac var. Çünki ixtisarların qarşısını almaq üçün əsas strategiya işçilərin yenidən ixtisaslaşma proqramlarına cəlb edilməsidir. Şirkətin süni intellekt tətbiqi səbəbindən işçini azad etməzdən əvvəl, həmin kadrın yeni rəqəmsal bacarıqlara yiyələnməsi məqsədilə təlim keçməsini reallaşdıran qanunvericilik bazası formalaşdırıla bilər.
Məsələn, texniki hesabatlarla məşğul olan bir əməkdaşın süni intellekt sistemlərinin çıxardığı nəticələri analiz edən mütəxəssisə çevrilmə imkanı var. Bu yanaşma həm iş yerlərinin saxlanmasına, həm də ölkənin ümumi rəqəmsal savadlılıq səviyyəsinin artmasına kömək edir. Süni intellekt dövründə işsizlik narahatlığını azaltmağın yolu texnologiyanı məhdudlaşdırmaqdan deyil, insan kapitalını bu dəyişikliklərə hazırlamaqdan keçir.
Dövlətin tənzimləyici rolu təhsil sisteminin əmək bazarının yeni tələblərinə çevik uyğunlaşdırılmasında və sosial müdafiə mexanizmlərinin gücləndirilməsində özünü göstərməlidir. Vətəndaş məsuliyyəti çərçivəsində isə hər bir fərd davamlı öyrənmə prinsipi ilə öz rəqəmsal bacarıqlarını inkişaf etdirməyə çalışmalıdır.
Vaqif BAYRAMOV
XQ


