AİB-in ölkəmizdə iqtisadi artıma marağı və dəstəyi

post-img

Mühüm maliyyə tərəfdaşımız 130-dan çox layihəyə 5,3 milyard dollar vəsait ayırıb

Asiya İnkişaf Bankı (AİB) 2026-cı ildə dövlət xərclərinin mümkün artımı fonunda Azərbaycanın iqtisadi artımının 2 faiz olacağını proqnozlaşdırır. Gələn il isə karbohidrogen istehsalında proqnozlaşdırılan azalma səbəbindən artımın 1,8 faizə qədər yavaşlayacağı gözlənilir. Beləliklə, 2026-2027-ci illər ərzində ÜDM-in orta illik artım tempi 1,9 faiz səviyyəsində qiymətləndirilir. Bu barədə məlumat AİB-in “Asiyanın inkişaf perspektivləri” adlı aprel icmalında yer alıb.

Hesabata əsasən, ümumi dövlət xərclərinin gözlənilən artımına baxmayaraq, investisiya xərclərinin azalması iqtisadi artımı məhdudlaşdıra bilər. Bank analitiklərinin fikrincə, neft hasilatında proqnozlaşdırılan azalmanı, çox güman ki, qeyri-neft sektorunun genişlənməsi kompensasiya edəcək. “2026 və 2027-ci illərdə xidmət sektorunda artım müvafiq olaraq 3,5 faiz və 3,4 faiz, kənd təsərrüfatında 1,4 faiz və 1 faiz səviyyəsində proqnozlaşdırılır, sənayedə isə müvafiq olaraq 0,2 faiz və 0,1 faiz orta dərəcədə azalma müşahidə olunacağı gözlənilir”, – deyə hesabatda bildirilib.

İcmala əsasən, Azərbaycanda dövlət büdcəsinin kəsirinin 2026-cı ildə ÜDM-in 2,2 faiz, 2027-ci ildə isə 2,1 olacağı gözlənilir. Qeyd olunub ki, cari ildə Azərbaycan Dövlət Neft Fondundan transfertlər ÜDM-in 9,3 faizini təşkil edəcək. Bununla yanaşı, dövlət büdcəsinin xərcləri ÜDM-in 30,3 faizinə bərabər olacaq ki, bunun da 10,2 faizi dövlət əsaslı vəsait qoyuluşlarının payına düşəcək.

Asiya İnkişaf Bankı bu il ölkəmizdə inflyasiyanın 5,7 faiz olacağını proqnozlaşdırır. Bununla belə, icmalda qeyd olunur ki, gələn il karbohidrogen qiymətlərinin aşağı düşməsi ticarət tərəfdaşı ölkələrdə inflyasiyanın zəifləməsinə və müvafiq olaraq idxal inflyasiyasının azalmasına səbəb olacağı təqdirdə bu rəqəm 4,9 faizə qədər yavaşlaya bilər.

Bu arada, Asiya İnkişaf Bankının Qafqaz, Mərkəzi və Qərbi Asiya üzrə baş iqtisadçısı Corc Luarsabişvili “Asiyanın inkişaf perspektivləri” icmalının aprel sayının təqdimatına həsr olunmuş mediabrifinqdə deyib ki, Azərbaycanda inflyasiyanın səviyyəsi ölçülmüş makroiqtisadi siyasət və xammal qiymətlərinin sabit dinamikası sayəsində mülayim olaraq qalır. Onun sözlərinə görə, 2025-ci ildə Qafqaz, Mərkəzi və Qərbi Asiya subregionunda inflyasiya Türkiyənin göstəriciləri nəzərə alınmaqla 25,6 faizə çatıb. Yaxın Şərqdəki münaqişənin region iqtisadiyyatlarına çoxkanallı təsir göstərdiyini vurğulayan AİB rəsmisi bildirib ki, Azərbaycan enerji sektorunda müəyyən çətinliklərə baxmayaraq, müsbət iqtisadi artım nümayiş etdirib.

Yeri gəlmişkən, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Jamal dünən Bakıda keçirilən mətbuat konfransında Azərbaycanda gözlənilən qida inflyasiyasının artmasına səbəb kimi gübrə və idxal qiymətlərini əsas gətirib. O bildirib ki, Yaxın Şərqdəki münaqişə fonunda qlobal bazarlarda gübrə qiymətlərinin artması ölkəmizdə kənd təsərrüfatının istehsal xərclərini yüksəldəcək. Bu isə qida qiymətlərinə birbaşa təsir göstərəcək. Sunniya Durrani-Jamalın sözlərinə görə, Azərbaycan, eyni zamanda, bəzi kənd təsərrüfatı məhsullarını idxal etdiyindən qonşu ölkələrdə ərzaq qiymətlərinin artması da daxili bazarda inflyasiyanı sürətləndirəcək.

Qeyd olunub ki, Azərbaycanda istehsal xərclərinin artması və idxal olunan ərzaq məhsullarının bahalaşması fonunda qida inflyasiyası qısa müddətdə arta bilər. AİB-in hazırda Azərbaycanda kənd təsərrüfatına dolayısı ilə, əsasən özəl sektor vasitəsilə investisiya qoyduğunu diqqətə çatdıran Sunniya Durrani-Jamal bununla yanaşı, su resurslarının idarə olunması və su təchizatı layihələrinə də xüsusi diqqət yetirildiyini bildirib. Onun sözlərinə görə, su kənd təsərrüfatının əsas komponentlərindən biri olduğundan AİB su və tullantı su infrastrukturu layihələrinə sərmayə yatırır və su qıtlığı ilə bağlı problemlərin həlli istiqamətində çalışır. O, bankın gələcəkdə ölkəmizin kənd təsərrüfatı sektorunda birbaşa iştirak imkanlarını da nəzərdən keçirdiyini və bu istiqamətdə hökumətlə danışıqların aparıldığını qeyd edib.

AİB rəsmisi, həmçinin enerji sahəsində həyata keçiriləcək Transxəzər kabel layihəsinin Azərbaycanın Qara dəniz dəhlizi vasitəsilə daha geniş enerji şəbəkələrinə qoşulmasına imkan verəcəyinə və regionda enerji əlaqəliliyini gücləndirəcəyinə əminliyini ifadə edib. Təmsil etdiyi qurumun nəqliyyat əlaqələrinin inkişafı istiqamətində də fəal investisiya siyasəti apardığını vurğulayan Sunniya Durrani-Jamalın sözlərinə görə, AİB əvvəlki dövrdə əsasən yol infrastrukturuna sərmayə yatırsa da, hazırda dəmir yolu layihələrinə fokuslanır. Regional direktor onu da qeyd edib ki, bank regional inteqrasiyanın gücləndirilməsi üçün rəqəmsal bağlantı layihələrini də prioritet istiqamətlərdən biri kimi nəzərdən keçirir. Onun sözlərinə görə, enerji, nəqliyyat və rəqəmsal bağlantı AİB-nin regionda inteqrasiyanı dəstəklədiyi 3 əsas istiqamətdir.

Hazırda Avropanın karbohidrogenlərdən asılılığını azaltmaqda son dərəcə maraqlı olduğunu xatırladan bank rəsmisi Azərbaycanda günəş enerjisinin inkişafına böyük sərmayə qoyulduğunu diqqətə çatdırıb: “Biz artıq özəl sektorda əməliyyatlarımız vasitəsilə Energetika Nazirliyi ilə birgə üç çox böyük layihəyə investisiya yatırmışıq. Gələcəkdə enerji təhlükəsizliyi baxımından külək enerjisinin inkişafında iştirak imkanlarını nəzərdən keçiririk. Düşünürəm ki, perspektivlər kifayət qədər müsbətdir. Yəni sizin həm qalıq yanacaq, həm də zəngin bərpaolunan enerji ehtiyatlarınız var. Avropanın enerji təhlükəsizliyi baxımından Azərbaycan çox əlverişli mövqedədir. Lakin bu, investisiya qoyuluşu tələb edəcək və biz bu məsələdə hökuməti dəstəkləmək üçün buradayıq”.

Xatırladaq ki, beynəlxalq maliyyə təşkilatı olan Asiya İnkişaf Bankı 1966-cı ildə yaradılıb. Əsas məqsədi Asiya məkanında, bütövlükdə, Şərq ölkələrində iqtisadiyyatın inkişafına yardım göstərməkdən ibarət olan bankın baş ofisi Filippinin paytaxtı Manila şəhərində yerləşir. Azərbaycan Respublikası 1999-cu il oktyabrın 20-də Asiya İnkişaf Bankına üzvlüyə qəbul olunub. 2004-cü ilin noyabr ayından etibarən isə təşkilatın ölkəmizdə nümayəndəliyi fəaliyyət göstərir.

Bank iqtisadiyyatın şaxələndirilməsi, yeni iqtisadi imkanların genişləndirilməsi, inklüziv inkişafın təşviqi istiqamətindəki fəaliyyətlərdə Azərbaycana dəstək göstərir. Belə ki, AİB nəqliyyat, su təchizatı, enerji, həmçinin maliyyə sektoru (bank və sığorta), təhsil, səhiyyə və digər sahələr üzrə 1999-cu ildən bəri Azərbaycana 130-dan çox kredit, qrant, investisiya, texniki yardım layihələrinin, ticarət və təchizat zəncirinin maliyyəsi və mikromaliyyə proqramlarının maliyyələşdirilməsi üçün 5,3 milyard dollardan çox vəsait ayırıb.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat