Ötən il Qafqazda ilk ürək transplantasiyası ölkəmizdə gerçəkləşdirildi
Ürək transplantasiyası cərrahiyyənin ən yüksək texnologiya və məsuliyyət tələb edən əməliyyatlarından biri olaraq müasir kardiologiyanın zirvəsində dayanır. Bu əməliyyat, adətən, digər bütün müalicə imkanları tükəndikdə, ürək çatışmazlığı diaqnozu qoyulmuş xəstələr üçün tətbiq olunur və bir çox hallarda insanı gözlənilən ölümdən xilas edir.
Bu sahədə dönüş nöqtəsi 1967-ci il dekabrın 3-də Cənubi afrikalı cərrah Kristofer Barnardın həyata keçirdiyi ilk uğurlu əməliyyat sayılır. Həmin dövrdən etibarən elmi-təcrübi araşdırmalar intensivləşib, əməliyyat üsulları təkmilləşdirilib, immun sisteminin köçürülmüş orqanı qəbul etməsi üçün daha təhlükəsiz və təsirli dərmanlardan istifadə olunur. Ötən dövrdə xəstələrin reabilitasiyası və uzunmüddətli müşahidəsi ilə bağlı yeniliklər isə transplantasiyanın uğur faizini əhəmiyyətli dərəcədə artırır.
Hazırda dünyada hər il, təxminən, 3 min 500 ürək transplantasiyası həyata keçirilir.
Azərbaycanda da son illərdə bu istiqamətdə əsaslı addımlar atılır. Əldə olunan ən yüksək nailiyyət 2025-ci ildə qeydə alınıb. Mövzu ilə bağlı Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, tibb elmləri doktoru, əməkdar həkim, professor Kamran Musayevlə həmsöhbət olduq:
– Kamran müəllim, 1992-ci ildə müsabiqə əsasında seçilən istedadlı tələbələrdən biri kimi Türkiyənin İstanbul Universitetinin tibb fakültəsində təhsilinizi davam etdirmisiniz. Həmin seçim və qardaş ölkədə aldığınız təhsil, qazandığınız təcrübə sonrakı illərdə peşəkar fəaliyyətinizə necə təsir etdi?
– 1990-cı ildə Bakıdakı kimya-biologiya təmayüllü məktəbi qızıl medalla bitirdim və elə həmin il Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) müalicə-profilaktika fakültəsinə qəbul olundum. O dövrdə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qardaş Türkiyə ilə müxtəlif sahələr üzrə dövlətlərarası müqavilələr imzalamışdı. Bu sənədlərdən biri də təhsil sahəsinə aid idi və tibbi ixtisaslar layihədə xüsusi yer tuturdu.
1992-ci ildə Azərbaycan Tibb Universitetində təhsil alan 10 nəfər istedadlı tələbədən biri olaraq müsabiqə yolu ilə İstanbul Universitetinə göndərildim. Orada həm baza tibb təhsilimi tamamladım, həm də ürək-damar cərrahiyyəsi üzrə rezidentura təhsili aldım.
Tibb Universitetində təhsil aldığım zaman uzun müddət seçim qarşısında qalmışdım: ürək-damar, yoxsa beyin cərrahiyyəsi sahəsini seçməkdə tərəddüd edirdim. Demək olar ki, sonuncu kursa qədər qərar verə bilməmişdim. Altıncı kursda qəti qərarımı verdim və ürək-damar cərrahiyyəsini seçdim. Rayonumuzda tanınmış həkim olan əmim Adil Musayevin də bu peşəni seçməyimdə böyük rolu olub. O vaxtdan 30 il keçməsinə baxmayaraq, əminliklə deyə bilərəm ki, seçim etmək imkanım olsaydı, yenə də ürək-damar cərrahiyyəsini seçərdim.
– Ötən il ölkəmizdə həyata keçirilən ilk ürək transplantasiyası əməliyyatı Azərbaycan tibb tarixində mühüm hadisə kimi qiymətləndirilir. Bu yenilik necə baş verdi?
– Mərkəzi Klinik Xəstəxananın fəaliyyətə başlaması, ümumilikdə, ölkə rəhbərliyinin və gənc, müstəqil Azərbaycan dövlətinin səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi idi. Klinikada ilk illərdə milli kadr çatışmazlığı özünü açıq şəkildə göstərirdi. Bu səbəbdən Türkiyədə təhsil almış azsaylı azərbaycanlı tibb mütəxəssisləri Mərkəzi Klinikaya dəvət olundu və mən də həmin heyətin tərkibində idim. 2001-ci ildə rezidentura təhsilimi başa vurduqdan sonra, 2002-ci ildən Mərkəzi Klinik Xəstəxanada cərrah kimi fəaliyyətə başladım.
Vətənə qayıtdığımız ilk gündən qarşımıza konkret məqsədlər qoymuşduq. Bu hədəflərdən ən önəmlisi Azərbaycanda ürək-damar cərrahiyyəsini dünya standartları səviyyəsinə çatdırmaq idi. Məlum olduğu kimi, bu sahənin inkişafında ürək transplantasiyası əsas və vacib komponentlərdən hesab olunur. Mənim də ürək transplantasiyasına marağım hələ rezidentura təhsili aldığım illərdən formalaşmışdı. İstanbul Universitetində rezidentura təhsilimi başa vurarkən müdafiə etdiyim elmi iş də məhz ürək transplantasiyası mövzusunda idi. Daha sonra həmin tədqiqatın nəticələri ABŞ-ın nüfuzlu elmi jurnallarında dərc edildi.
Sonrakı 25 ildə bilik və təcrübəmi artırmaq məqsədilə dünyanın aparıcı transplantasiya mərkəzlərində təkmilləşmə kursları keçdim. Bu mərkəzlər sırasında ABŞ-ın Mayo Klinikası, Böyük Britaniyanın Harefield Xəstəxanası xüsusi yer tutur. 2009-cu ildən etibarən isə Beynəlxalq Ürək və Ağciyər Transplantasiyası Cəmiyyətinin üzvüyəm.
Bu illər ərzində həm cərrah kimi fəaliyyət göstərərək peşəkar komandanın formalaşdırılması, həm də Mərkəzi Klinik Xəstəxananın infrastrukturunun transplantasiya əməliyyatlarına uyğunlaşdırılması istiqamətində ardıcıl işlər aparmışıq. Lakin ürək transplantasiyası təkcə bir cərrahın, bir komandanın və ya bir tibb müəssisəsinin işi deyil. Orqan transplantasiyasının, xüsusilə də beyin ölümü baş vermiş donorlardan orqan köçürülməsinin həyata keçirilməsi üçün ən vacib şərtlərdən biri zəruri hüquqi baza məsələsidir. Beyin ölümü diaqnozunun hansı meyarlarla, nə vaxt və necə qoyulması, bu halın bioloji ölümə ekvivalent sayılması, eləcə də orqan bağışlanmasına icazə mexanizmləri ciddi hüquqi tənzimləmə tələb edir. Qeyd edim ki, ölkəmizdə orqan transplantasiyası haqqında qanun 1999-cu ildə qəbul olunub və bu sahə ilə bağlı hüquqi normativ çərçivə mərhələli şəkildə təkmilləşdirilib.
Digər mühüm məqam isə sosial amillərlə bağlıdır. Burada xüsusilə dini məsələləri önə çəkmək lazımdır. Orqan bağışlanması cəmiyyətin sosioloji baxımdan müəyyən mərhələləri keçməsini, bu mövzuda maariflənməsini tələb edir. Transplantasiya prosesində bu məsələ ən son, amma ən həssas mərhələlərdən biridir. Transplantasiya əməliyyatlarını icra edəcək müasir klinikaların, xəstəxanaların və peşəkar cərrahi komandanın mövcudluğu da əsas şərtlərdəndir.
Son illər Səhiyyə Nazirliyi bu sahə ilə bağlı bütün vacib məsələləri mərhələli şəkildə sistemləşdirdi, 2022-ci ildə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradıldı. Qurum mövcud hüquqi baza əsasında transplantasiya prosesinin bütün mərhələlərinin təkmilləşdirilməsini həyata keçirir. Donorun müəyyən olunması, orqanların bağışlanması prosedurlarının idarə edilməsi, eləcə də bağışlanan orqanların transplantasiya mərkəzləri arasında düzgün şəkildə paylanması məhz bu mərkəzin səlahiyyətlərinə daxildir.
Bütün bu mexanizmlər formalaşdırıldıqdan sonra, 2025-ci ilin əvvəlindən etibarən qaraciyər və böyrək kimi orqanların həm meyitdən, həm də beyin ölümü baş vermiş donorlardan transplantasiyasına başlanıldı. Nəhayət, ötən ilin sonlarına doğru biz xəstəyə donordan ürək transplantasiyası etdik. Bu hadisə bütövlükdə Qafqaz regionu üçün ilk ürək transplantasiyası kimi tarixə düşdü. Hesab edirəm ki, bu fakt ölkəmizin transplantologiya sahəsində regionda lider mövqeyini də təsdiqlədi.
– Donordan götürülmüş ürəyin transplantasiya olunduğu xəstə Rəşad Məmmədəliyev əməliyyatdan sonra normal həyata necə adaptasiya olundu?
– Xəstəmiz artıq normal həyatına qayıdıb. Onun uyğunlaşma müddəti, təxminən, 4 ay çəkdi. Ümumiyyətlə, orqan transplantasiyasında ilk 1–2 ay daha riskli sayılır. Bütün xəstələrdə ilkin nəticələrin qeyd edilməsi üçün adətən 3–6 ay müddətində izləmə aparılır. Bu baxımdan, bizim ilk ürək transplantasiyası xəstəmiz artıq əməliyyatdan sonrakı dördüncü ayda tamamilə stabil vəziyyətdədir və hər şey qaydasındadır.
– Beyin ölümü və donorlardan orqan götürülməsi məsələsində etik ictimai maarifləndirmə tədbirləri necə aparılmalıdır? Yəni cəmiyyət bu əməliyyatın aparılmasına necə uyğunlaşmalıdır?
– Beyin ölümü diaqnozunun qoyulması və orqanların bağışlanması transplantasiya prosesinin ən kəskin, eyni zamanda, ən çox müzakirə olunan mərhələləridir. Dünyanın heç bir ölkəsində bu məsələyə dair vahid və dəyişməz model mövcud deyil. Hər bir cəmiyyət bu mövzuya öz dini, mədəni və sosial dəyərləri kontekstində yanaşır və müzakirələr də məhz bu çərçivədə aparılmalıdır.
Hesab edirəm ki, Azərbaycanın bu sahədə keçdiyi yol uğurlu nümunələrdən biri kimi qiymətləndirilə bilər. Biz bu mərhələni düzgün və ardıcıl şəkildə keçmişik. Bu gün ölkəmizdə beyin ölümü diaqnozunun qoyulması, eləcə də donorun orqan və toxumalarının bağışlanması ilə bağlı təsdiqlənmiş və artıq praktikada tətbiq olunan prosedurlar mövcuddur. Bu mexanizmləri dünyanın ən mütərəqqi təcrübələri ilə müqayisə etmək mümkündür.
Xüsusilə qeyd etmək lazımdır ki, 2025-ci il ərzində donorlardan əsas həyati vacib orqanların transplantasiyası ölkəmizdə uğurla həyata keçirildi. Qaraciyər, böyrək, ürək, eləcə də gözün buynuz qişası kimi orqanların beyin ölümü baş vermiş donorlardan götürülərək transplantasiyası bir il ərzində icra olundu. Bu, şübhəsiz ki, Azərbaycan səhiyyəsi üçün çox böyük nailiyyətdir və bütövlükdə ölkənin səhiyyə sisteminin ciddi bir sınaqdan uğurla çıxmasının göstəricisidir.
– Donor xəstənin beyin ölümü baş verdikdən sonra hansı əməliyyatlar aparılır və proses necə gerçəkləşdirilir?
– Ürək transplantasiyası üçün orqan bağışlanması təsdiqləndikdən, yəni Azərbaycan qanunvericiliyinə uyğun olaraq xəstənin sağlığında özü və ya ölümündən sonra birinci dərəcəli yaxınları tərəfindən orqan bağışlanmasına rəsmi icazə verildikdən sonra, bütün proses Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən tam şəkildə koordinasiya olunur. Paralel olaraq, aidiyyəti dövlət qurumları tərəfindən bu mərhələlərin hər birinə ciddi nəzarət var və bütün tibbi-prosedur qaydaları beynəlxalq elmi standartlara uyğun şəkildə icra edilir.
Xüsusi qeyd etmək istərdim ki, ürək transplantasiyasında zaman faktoru həlledici əhəmiyyət daşıyır. Donordan ürək götürüldükdən sonra bizim cəmi 4–6 saat vaxtımız olur. Bu, son dərəcə kritik müddətdir və bütün dünyada əsas məqsəd bu zamanın mümkün qədər qısa saxlanılmasıdır. Biz də çalışırıq ki, donordan götürülən ürək ən gec 4 saat ərzində resipiyentə köçürülsün. Çünki bu müddət uzandıqca, əməliyyatın həm yaxın, həm də uzaq dövrdə uğurlu nəticəvermə ehtimalı azalır.
– Ölkəmizdə transplantasiya sahəsində hansı texnoloji yeniliklər tətbiq olunur? Bu yeniliklər regionda, eləcə də beynəlxalq səviyyədə nə ilə fərqlənir?
– Əvvəla, regionla bağlı onu demək istəyirəm ki, donordan ürək köçürülməsi transplantologiya zamanı ən mürəkkəb və ən kompleks prosedurlardan biridir. Bu cür əməliyyatların icrası üçün yüksək texnologiyalı xəstəxanalar, müasir klinik infrastruktur və son dərəcə peşəkar, yaxşı hazırlaşmış tibbi heyət tələb olunur.
Ötən il apardığımız ürək transplantasiyası əməliyyatları məhz bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu əməliyyatlar təkcə Azərbaycanda deyil, bütün regionda ilk donordan ürək transplantasiyası kimi tarixə düşüb. Qonşu respublikalarda bu cür əməliyyatlar hələ icra olunmur və bu sahədə ilk addımı məhz Azərbaycan atdı. Əldə olunan nəticələrə nəzər saldıqda aydın şəkildə görmək olar ki, bu əməliyyatlar tam olaraq dünya standartlarına uyğun şəkildə həyata keçirilib.
Bu, çox uğurlu bir nəticədir ki, ilk ürək transplantasiyası etdiyimiz xəstə artıq əməliyyatdan dörd ay sonra özünü tam normal hiss edir, sərbəst şəkildə gündəlik həyatına davam edir. Bu fakt həm görülən işlərin keyfiyyətini, həm də ölkəmizdə transplantasiya sahəsində formalaşan yüksək peşəkarlıq səviyyəsini nümayiş etdirir. Bu və buna bənzər nümunələr, düşünürəm ki, Azərbaycanın regionda lider dövlət imicini təsdiqləməklə yanaşı, bu sahədə görülən işlərin artıq dünya standartları səviyyəsində həyata keçirildiyini göstərir.
– Orqan transplantasiyası üçün gözləmə siyahısı necə tərtib olunur?
– Biz ürək transplantasiyası üçün müraciət etmiş xəstələri diqqətlə müayinə edirik. Əgər xəstədə əməliyyat üçün tibbi göstəriş varsa, həkim komissiyası toplanır və onların qərarı əsasında xəstə Koordinasiya Mərkəzində qeydiyyata alınır. Qeydiyyat tarixi həmin xəstənin gözləmə siyahısına daxil olma vaxtı hesab olunur. Sonra donor çıxdıqca, əməliyyatlar siyahıdakı sıralamaya uyğun olaraq həyata keçirilir.
– Burada xəstənin yaşı və başqa amillər rol oynayırmı?
– Əlbəttə ki, yaş vacib amildir. Həm resipient, yəni transplantasiya olunacaq xəstə, həm də donor üçün müəyyən yaş məhdudiyyətləri var. Dünya praktikasına uyğun olaraq orta yaş hədləri götürülür və hər iki tərəfdə yaş kriteriyalarına diqqət yetirilir.
Donorun ailəsi ilə bizim birbaşa kontaktımız olmur. Bunun səbəbi qanunvericilikdir, həm də bütün bu proseslər tamamilə Koordinasiya Mərkəzi tərəfindən təşkil edilir və idarə olunur. Bizə yalnız donor orqanının mövcudluğu və siyahıda gözləyən hansı xəstəyə uyğun olduğu barədə məlumat verilir. Sonra isə həmin xəstəyə orqan transplantasiya edilir.
– Süni ürək və biomühəndislik texnologiyaları yaxın gələcəkdə transplantasiya təcrübəsini necə dəyişdirə bilər?
– Bu, çox böyük perspektiv vəd edən bir sahədir. Biz 2013-cü ildən ölkəmizdə süni ürək cihazlarının tətbiqinə başlamışıq. Həmin dövrdən indiyə qədər bu texnologiyalar çox sürətlə inkişaf edib. Artıq elmi konfranslarda və müzakirələrdə süni ürək cihazlarının yaxın gələcəkdə ürək transplantasiyasına real alternativ ola biləcəyi fikri səsləndirilir. Hesab edirəm ki, süni ürək cihazları yaxın perspektivdə transplantasiyaya alternativ rolunu oynaya bilər.
Biomühəndislik, gen mühəndisliyi və kök hüceyrə texnologiyalarına gəldikdə isə bu sahələr də intensiv şəkildə inkişaf edir və gələcəkdə orqan transplantasiyasına alternativ metodların formalaşmasına ciddi töhfə verə bilər. Lakin düşünmürəm ki, bu texnologiyalar yaxın dövrdə orqan transplantasiyasını tam əvəz etsin. Daha real ssenari ondan ibarətdir ki, orta və uzaq perspektivdə bu metodlar transplantasiyaya alternativ və ya tamamlayıcı yanaşmalar kimi tətbiq olunsun.
– Bir neçə gün əvvəl “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masa keçirildi. Həmin tədbirdə orqan donorluğu və transplantasiya ilə bağlı bir çox vacib məsələlər müzakirə olundu. Dəyirmi masanın keçirilməsi hansı zərurətdən irəli gəlirdi?
– Qeyd etdiyiniz kimi, həmin dəyirmi masanı biz təşkil etmişdik. Orada orqan donorluğu, transplantasiya prosesinin hüquqi, tibbi və sosial aspektləri geniş şəkildə müzakirə olundu, mövcud problemlər və gələcək inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Dəyirmi masanı təşkil etməkdə əsas məqsədimiz ilkin təcrübələrimizi həm ictimaiyyətlə bölüşmək, həm də cəmiyyəti maarifləndirmək idi. Həmin təcrübələrdən yola çıxaraq gələcək perspektivlərimizi müzakirə etmək və bu sahədə strategiya müəyyənləşdirmək əsas hədəflərimizdəndir. Tədbirdə Milli Məclisin Səhiyyə Komitəsi, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB kimi dövlət qurumlarından yüksək səviyyəli nümayəndələr iştirak edirdi.
Bundan başqa, Azərbaycanda fəaliyyət göstərən və transplantologiya sahəsinə yaxın olan bütün tibbi müəssisələrin, həm dövlət, həm də özəl sektorda olan klinikaların rəhbərləri və aparıcı tibbi heyət də tədbirdə təmsil olunurdu. Dəyirmi masa zamanı ötən il ölkəmizdə, həmçinin Qafqaz regionunda ilk dəfə uğurla icra olunan ürək transplantasiyası iştirakçılar tərəfindən yekdilliklə Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti kimi qiymətləndirildi. Bir daha vurğulamaq istəyirəm ki, bu əməliyyat yalnız bir komandanın və ya mərkəzi klinikanın uğuru deyil, həqiqətən də Azərbaycan səhiyyəsinin tarixi nailiyyətidir.
Gələcək perspektivlərdə əlbəttə ki, hələ başlanğıc mərhələsindəyik və görüləsi işlər çoxdur. Bu, sadəcə, bizim komanda və Mərkəzi Klinikanın deyil, transplantologiya sahəsi ilə maraqlanan bütün klinikaların, tibb müəssisələrinin, onların rəhbərlikləri və tibbi heyətləri üçün böyük məsuliyyət deməkdir. Çünki biz hələ yolun başlanğıcındayıq və inanıram ki, bir çox dövlət qurumları, həmkarlarımız və tibb müəssisələri əl-ələ verərək daha böyük uğurlara imza atacaq.
– Professor, sizə və komandanıza Azərbaycan təbabətində əldə edilmiş nadir yeniliyin kütləviləşdirilməsində uğurlar arzulayırıq.
Müsahibəni qələmə aldı:
Ləman TƏHMƏZ
XQ


