Türkoloji məclisdə fəal iştirakın amansız cəzası

post-img

AXC naziri Əhməd bəy Pepinovun cinayəti “xalqına xidmət etmək” olmuşdu

Bir əsr əvvəl Azərbaycan paytaxtında keçirilmiş ilk və sonuncu Türkoloji Qurultayın fəal iştirakçılarından və sonrakı qurbanlarından biri də Azərbaycan Xalq Cümhuriyyətinin son hökumət kabinetində əmək və əkinçilik naziri olmuş Əhməd bəy Pepinovdur.

Əhməd bəy I Bakı Türkoloji Qurultayında türk xalqlarının dil və mədəniyyət sahəsində gələcək istiqamətlərinin müəyyənləşdirilməsində fəal mövqe tutub. Xatırladaq ki, latın qrafikası əsasında Azərbaycan əlifbasının ilk variantının yaradıcılarından biri məhz Pepinov olub.

Əhməd bəy Ömər oğlu Pepinov 1893-cü ildə Gürcüstanın Axalkələk bölgəsinin Bolacur kəndində dünyaya göz açıb. Milliyyətcə ahısqa türkü olan Əhməd bəyin ilkin soyadı Ömərbəyov olub. XX əsrin əvvəllərində bölgədə aparılan siyahıyaalma və inzibati siyasət nəticəsində çoxsaylı azərbaycanlı ailələrin soyadları onların xəbəri olmadan dəyişdirilib, milli mənsubiyyəti gizlədən formaya salınıb. Bu proses çərçivəsində Əhməd bəyin də soyadını gürcü məmurları “Pepinov” kimi qeydə alıblar və o, sonralar məhz bu soyadla tanınıb.

Əhməd bəy Azərbaycan milli mətbuatının cəfakeşlərindən sayılan görkəmli ictimai xadim Ömər Faiq Nemanzadənin bacısı oğluidi. Anasını erkən yaşda itirdiyindən uşaqlıq illəri əsasən dayısının himayəsi altında keçib. 1900-cü ildə Ömər Faiq Şamaxıya müəllim göndərilərkən Əhmədi də özü ilə gətirib, burada ona ilkin savad, hesab qaydaları, ərəb və fars dillərinin əsaslarını öyrədib.

1902-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələ zamanı Əhməd bəy möcüzə nəticəsində sağ qalıb. Ömər Faiqin həyat yoldaşı onu uçmuş evin dağıntıları altından sağ çıxarıb. İlk təhsilini Şamaxıda alan Əhməd bəy sonradan Tiflisdə oxuyub, gimnaziyanı bitirdikdən sonra Moskva Universitetinin hüquq və iqtisadiyyat fakültəsində ali təhsil alıb.

Tələbəlik illərində siyasi fəaliyyətlə fəal məşğul olmuş, “Axılkələkli Əhməd Cövdət” imzası ilə “Açıq söz” qəzetində yazılar dərc etdirmişdir. Tiflis dövründə “Molla Nəsrəddin” çevrəsinə yaxınlaşmış, dayısı Ömər Faiqin sayəsində Mirzə Cəlil Məmmədquluzadə ilə möhkəm dostluq münasibətləri qurmuşdur. Ömrünün sonuna qədər də Mirzə Cəlilin ailəsi ilə dostluğunu kəsmir.

1917-ci ildən etibarən Hümmət Sosial-Demokrat Təşkilatının üzvü olan Əhməd bəy ideoloji baxımdan sağ hümmətçilər cərgəsinə mənsub idi və marksizm nəzəriyyəsini dərindən mənimsəmişdi. 1918-ci ildə Zaqafqaziya Seymində formalaşdırılan Müsəlman Fraksiyası tərkibində Müsəlman sosialist bloku tərəfindən irəli sürülmüş, elə həmin ilin mayında təsis edilən Azərbaycan parlamentinə də bu siyasi blokun nümayəndəsi kimi daxil olmuşdu.

Əhməd bəy Pepinov əvvəlcə Azərbaycan Milli Şurasının, daha sonra isə Xalq Cümhuriyyəti Parlamentinin katibi vəzifəsində çalışmış, gənc dövlətin qanunvericilik fəaliyyətində mühüm rol oynamışdır. O, parlamentdə hazırlanmış bir sıra əsas qanun layihələrinin, xüsusilə 1919-cu il 20 oktyabr tarixində qəbul edilən “Nəşrlər istehsalı haqqında” qanunun müəlliflərindən biri olmuş, eləcə də Bakı Dövlət Universitetinin yaradılması prosesində yaxından iştirak etmişdir.

Həmin illərdə hökumətin yüz azərbaycanlı gənci dövlət hesabına xaricdə təhsil almağa göndərmək təşəbbüsündə də onun xüsusi rolu olmuşdur. Parlamentin bu məqsədlə yaratdığı müsabiqə komissiyasının üzvlərindən biri kimi namizədlərin seçilməsində iştirak etmişdir. 1919-cu ilin dekabrında Cümhuriyyətin beşinci hökumət kabinetində əmək və torpaq naziri təyin olunan Pepinov sosial sahədə islahatların hazırlanmasına cəlb edilmişdir.

Sovet hakimiyyəti qurulduqdan sonra Əhməd bəyə verilən ilk dövlət vəzifəsi Xarici İşlər Komissarlığında olmuşdur. 1920-ci il mayın 24-də İnformasiya şöbəsinə kargüzar təyin edilmiş, daha sonra Əmək Komissarlığında fəaliyyət göstərmiş, bir müddət sonra isə İctimai Təminat Komissarlığına keçirilmişdir.

1922-ci ildə isə onu Xalq Maarif Komissarlığına göndərirlər. Kollegiya üzvü olur və həbs olunanadək burada işləyir. Qızı Sevda Pepinova “Günay” qəzetinin 26 fevral 2000-ci il 8-ci sayında "Ziyalılar və zaman" adlı müsahibədə bildirir ki, Sovet hakimiyyəti illərində atam müxtəlif vəzifələrdə işləyib, həbs edildiyi son dövrlərdə isə maarif naziri olub, ali təhsil və mədəniyyət sahəsinə rəhbərlik edib...

Əhməd bəy Pepinov 1930-cu il dekabrın 8-də gecə saatlarında dövlət təhlükəsizlik orqanları tərəfindən həbs edilir. Onunla birlikdə daha 52 nəfər “Azərbaycan Milli Mərkəzi” adlandırılan, guya, Paris, Türkiyə və İranla əlaqələri olan gizli, antisovet təşkilatın üzvü kimi ittiham olunur. Bu kütləvi iş üzrə saxlanılanların ən gənclərindən biri məhz Pepinov idi – cəmi 37 yaşı vardı. İstintaq müddətində ona ağır işgəncələr verilsə də, nə təşkilatla bağlı uydurmaları qəbul edir, nə də silahdaşları əleyhinə ifadə verir.

Həbsindən az sonra ailəsi də təzyiqlərə məruz qalır: həyat yoldaşı və azyaşlı qızı mənzildən çıxarılır, bütün əmlakı müsadirə olunur. Nələri vardısa, həmin mənzilə köçən istintaqı aparan KQB müstəntiqi Xoren Qriqoryana verilir. 1931-ci ilin sentyabrında Baş Siyasi İdarə Pepinov barəsində güllələnmə hökmü çıxarsa da, bir il sonra qərar dəyişdirilir və cəza əvvəlcə 10 il həbs, sonra isə 5 illik sürgünlə əvəz olunur.

1935-ci ilin sonunda sürgün müddəti bitsə də, azadlıq sənədlərini almaq üçün aylarla gözləməli olur. Moskvaya gedir, Serqo Orconikidze ilə görüşür və onun məsləhəti ilə Qazaxıstana yollanır.

1936-cı ildə Alma-Atada iqtisadi planlaşdırma sahəsində işləməyə başlayır. Lakin Bakıda başlanan yeni həbslər onu yenidən narahat edir. Tezliklə təhlükəsizlik orqanları onu ikinci dəfə həbs edir və Bakıya gətirirlər. Burada ağır işgəncələr, uzun dindirmələr başlanır. O, yenə də ittihamları rədd edir.

1938-ci ilin iyulun 3-də Mircəfər Bağırovun birbaşa göstərişi ilə Əhməd bəy Pepinov güllələnir. Onun son sözləri həyatının əsas məğzini ifadə edirdi: “Mən günahsızam və vicdanımla yaşadım.” Bu faciə I Türkoloji Qurultaya qarşı həyata keçirilən repressiyaların ən acı səhifələrindən biri kimi tarixə düşür.

Pepinov Xalq Cümhuriyyətinin qurucularından olan Həsən bəy Ağayevin qızı ilə evlənmişdi. Qızı, görkəmli aktyor Lütfəli Abdullayevin ömür-gün yoldaşı Sevda xanım Pepinova xatirələrində yazır: Babam Həsən bəy Ağayev Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədr müavini, atam isə Cümhuriyyət hökumətinin əmək naziri olmuşdu. Bu səbəbdən biz “xalq düşməni” ailəsi sayılırdıq.

Sevda xanımın qızı Əhməd bəyin nəvəsi Xurşud Abdullayeva isə babası haqqında deyirdi: 1956-cı ildə bəraətlə əlaqədar Əhməd bəyin KQB arxivindəki cinayət işlərini araşdıran polkovnik Vasili Qriqoryeviç anama “siz atanızla fəxr edə bilərsiniz. Neçə illərdir ki, KQB-də işləyirəm, bunca mətin adama rast gəlməmişəm" – demişdi. Onlara elə işgəncələr verirdilər ki, heç kim dözmürdü. Ancaq Əhməd bəy heç bir protokolu imzalamayıb. Halbuki, işgəncələrin ən pisini görmüşdü. Onun dırnaqlarını çıxarmışdılar. Əllərində bir dırnağı yox idi”.

Namiq QƏDİMOĞLU
XQ

Sosial həyat