“Vətəndən kənarda yaşasaq da...”

post-img

Azərbaycançılıq ideyası yalnız Vətəndə yaşayan soydaşlarımız tərəfindən deyil, həm də bütün dünya azərbaycanlıları tərəfindən milli-mənəvi məfkurə kimi qəbul olunub. Bu məfkurəyə sadiq soydaşımız harada yaşamasından asılı olmayaraq, Azərbaycanı düşünür, onun təəssübünü çəkir, adını uca tutur.

Belə vətənpərvər soydaşlarımızdan biri 20 ildən çox Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan pedaqoq, diaspor fəalı, “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin həmtəsisçisi, Dünya Azərbaycan Qadınları İctimai Birliyinin sədr müavini Ülviyyə Abbasovadır. 11 ildir Sankt-Peterburqdakı məktəblərin birində ibtidai sinif müəllimi işləyən soydaşımız, eyni zamanda, Azərbaycan təhsil sistemində aparılan islahatları da yaxından izləyir. Ülviyyə xanımla söhbətimiz Rusiyada Azərbaycan mədəniyyətini təbliğ edən “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzinin yaranması və fəaliyyət istiqamətləri barədə oldu.

– Ülviyyə xanım, mədəniyyət mərkəzi nə vaxtdan fəaliyyət göstərir?

– “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi 2020-ci il iyunun 14-də yaranıb. Bu, rəsmi qeydiyyata alındığımız tarixdir. Əslində, buna qədər də fəaliyyət göstərirdik. Mərkəz “Çinar” Rəqs Ansamblının əsasında yaranıb. Ansamblın qurucusu isə Xeyransa Mirzəyeva olub. Xeyransa xanım Sankt-Peterburq Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib, hazırda orada müəllim işləyir. 26 il bundan əvvəl məhz onun rəhbərliyi ilə konsulluğun nəzdində ansambl qrupu yaradılıb.

Rəqs qrupu ilk dəfə 1998-ci ilin martında Novruz bayramı ərəfəsində şəhər administrasiyası tərəfindən təşkil edilən tədbirlərin birində çıxış edib. Bundan sonra ansamblın fəaliyyət dairəsi böyüyüb, üzvlərinin sayı artıb. Əslində, həmin dövr üçün, bu, böyük hadisə idi. Çünki o vaxt mobil telefon, sosial şəbəkə yox idi. İnformasiya da bol deyildi, geniş yayılmırdı. Burada yaşayan azərbaycanlılar bir-birini yaxşı tanımırdılar, əlaqələr yox dərəcəsində idi. Belə bir ansamblın yaranması Sankt-Peterburqda təhsil alan, çalışan azərbaycanlılar arasında yaxın ünsiyyətin yaranmasına rəvac verdi. Valideynlər övladlarını ansambla yazdırır, bir-birilə tanış olan ailələr arasında isti təmaslar qurulurdu. Bayramları bir yerdə keçirməyə başladılar. Yəni ansambl vasitəsilə möhkəm dostluq münasibətlərinin əsası qoyuldu. Hətta, ansamblda tanış olan bəzi gənclər sonradan ailə qurdular. Sonra bu şəhərdə yaşayan azərbaycanlılar bir birlik yaratdılar.

Sonradan bu birlik milli mədəniyyət mərkəzinə çevrildi. “Çinar” Rəqs Ansamblı da onun tərkibində idi. Burada təşkil edilən konsertlərdə Azərbaycan həqiqətləri, milli mədəniyyətimiz təbliğ olunurdu. Onu da qeyd edim ki, “Çinar” Vətəndən kənarda yaradılmış ilk milli rəqs ansamblıdır. Rusiyanın müxtəlif şəhərlərində, eləcə də bir sıra xarici ölkələrdə konsert proqramlarımız olub.

Sonrakı dövrdə “Çinar” Azərbaycan Milli Mədəniyyət Mərkəzi adı altında fəaliyyət göstərməyi qərara aldıq. Həmtəsisçilərdən biri mən oldum. Artıq on iki ildir buradayam. Övladlarımı da bura gətirdim və fəaliyyət göstərməyə başladım. Tədbirlərimizin sayı və səviyyəsi daha da artdı. Bu şəhərdə yaşayan azərbaycanlı ziyalılara həsr olunmuş böyük tədbir keçirdik, Sankt-Peterburq Dövlət Universitetində Novruz bayramı ilə bağlı elmi konfrans təşkil elədik.

– Bəs bir pedaqoq kimi çalışdığınız illərdə hansı uğurlara imza atmısız?

– Əldə etdiyim uğurlardan biri Rusiyada ilk dəfə Azərbaycan dilində etnoimlanın keçirilməsidir. İmla ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mənim Azərbaycanım” mövzusunda idi. Sonra həmin layihə Novosibirskdə də baş tutdu. Eləcə də müxtəlif səpgili tədbirlər təşkil elədik. Azərbaycan Prezidenti İlham Əliyev Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Biz də buna əsasən Sankt-Peterburqda müxtəlif ictimai təşkilatların, Azərbaycan diasporunun nümayəndələrinin və gənclərin iştirakı ilə tarixi konfrans keçirdik.

– Övladlarınız necə, diaspor fəaliyyəti ilə məşğul olurlarmı?

– Bəli. Övladlarım Sankt-Peterburqda yaşamalarına baxmayaraq, doğma Vətənə çox bağlıdırlar. Ölkəmizin təbliği ilə bağlı müəyyən işlərin görülməsinə cəhd edirlər. Məsələn, mərkəzimizin tərkibində bir il əvvəl gənclər şurası təsis olunub. Oğlum Cavidin təşəbbüsü ilə yaradılan şuraya gəncləri toplamışıq. Azərbaycan Gənclər Günü ərəfəsində burada tədbirimiz oldu. Bu ilin yayında baş tutan festivala artıq "Çinar" Gənclər Şurası kimi dəvət aldı, çox gözəl təqdimatımız oldu və Azərbaycan mədəniyyət nümunələrini bir daha təbliğ elədik.

– Azərbaycanın zəngin mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı daha hansı işləri görmüsünüz?

– Cari ilin oktyabr ayında Mayakovski adına Sankt-Peterburq şəhər kitabxanasının medioholl zalında Azərbaycan kəlağayı sənətinin UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilməsinin 10 illiyi və bizim ictimai birliyin bu əlamətdar hadisə ilə bağlı elan etdiyi müsabiqənin nəticələri ilə bağlı tədbirimiz oldu. Dekabrın 15-də isə Moskvada Leyla Əliyevanın redaktorluğu ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi tərəfindən nəşr olunmuş “Azərbaycan xalq nağılları” kitabının təqdimatını keçirəcəyik. Həmin kitablar Moskva Mərkəzi Şəhər Kitabxanasına hədiyyə olunacaq.

Əlbəttə, fəaliyyətimiz bununla yekunlaşmır. Qarşıda görüləcək işlərimiz çoxdur. Xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, ilk növbədə, ana dilimizin, mədəniyyətimizin təbliği istiqamətində fəaliyyətlərini daha da gücləndirməlidirlər. Bu zaman gənclərin ana dilini unutmamaları məsələsi ön planda durur. Vətəndən kənarda yaşasaq da, ana dilimizi heç vaxt yaddan çıxarmamalı, onu daim yaşatmalıyıq.

Söhbəti yazdı:
Azər MUSTAFAYEV



Müsahibə