Almaniyada yaşayan Azərbaycan əsilli həkim, siyasətçi Rahim Şmidt “Seçki 2024” Müstəqil Media Mərkəzinə müsahibə verib. Müsahibəni təqdim edirik.
–Sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək. Seçkilərin həm Azərbaycan, həm də regional siyasət üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?
–Hazırda dünyada siyasi sabitlik heç də ürəkaçan deyil. Gördüyünüz kimi, bir tərəfdə Rusiya-Ukrayna müharibəsi, digər tərəfdə İran-İsrail qarşıdurması və digər münaqişə ocaqları var. Hadisələr kütləvi şəkildə insan tələfatını körükləyir. Belə vəziyyətdə Azərbaycanda olan sabitlik çox vacibdir. Bu, əvəzolunmaz nemətdir. Noyabrda keçiriləcək COP29-dan öncə Azərbaycanın parlament seçkilərinə getməsi siyasi cəhətdən ağıllı və düşünülmüş qərardır. Güclü parlament güclü dövlət, güclü mövqe deməkdir. Parlamentin güclü olması həm də xarici qüvvələrə də bir mesajdır. Hesab edirəm ki, dövlətin yaratdığı şəraitdən yetərincə istifadə etmək lazımdır. Parlamentdə xalqımızın ən bacarıqlı oğul və qızları təmsil olunmalıdırlar. Parlamentin məqsədi ölkəni, dövləti, xalqı layiqincə təmsil etməkdir.
–İlk dəfədir ki, parlament seçkilərinə ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş dövlət kimi gedirik. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Bu məqamı Siz necə şərh edərdiniz?
–Həqiqətən bu seçki dünyadakı yaşayan azərbaycanlılar üçün bir bayramdır. Çünki 30 il ərzində torpaqlarımızda həyat dayanmışdı, hər şey məhv olmuşdu. Şükürlər olsun ki, torpaqlarımız azad edildi. İndi dünya ictimiayyəti Cənubi Qafqazda yeni ciddi siyasəti müşahidə edir. Ona görə də bu seçkilər əvvəlki seçkilərdən prinsipial şəkildə fərqlənir. Çünki bu seçkilər bizim şəhidlərimizin, qazilərimizin sayəsində qazandığımız, bütövləşdiyimiz, suverenliyimizin özünü toparladığı rəsmi olan sərhədlərimiz daxilində baş tutur. Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Xocalıda seçkilər olacaq – bu çox böyük uğur, möhtəşəm görüntü olacaq. Həmin gün doğma torpaqlarına qayıdan bir qism keçmiş məcburi köçkünlərimiz məntəqələrə gedib səs verəcəklər. Bu gün torpaqlarımıza qayıdış prosesi uğurla davam edir. Bundan sonra ora qayıtmalı olan bütün soydaşlarımız yenidən öz ata-baba yurdlarında məskunlaşacaqlar. Bundan sonrakı seçkilərdə də hamılıqla iştirak edəcəklər. Ümumiyyətlə dövlətimizin ərazilərinin bütövləşdiyi bundan sonrakı illər əvvəlkilərdən hər bir məsələdə fərqli keçəcək.