Fikrət Türkmən: “Bu seçkilər qardaş Azərbaycanın siyasi tarixində olduqca mühüm hadisədir”

post-img

Türkiyənin Ege Universitetinin professor, Türk Dünyası Araşdırmalar İnstitutunun direktoru Fikrət Türkmən “Seçki 2024” Müstəqil Media Mərkəzinə müsahibə verib.

- Sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Bu seçkilərin həm Azərbaycan, həm də regional siyasət üçün əhəmiyyəti barədə nə deyə bilərsiniz?

-   Hazırda dünyada siyasi tarazlıqlar xeyli dərəcədə pozulub. Münaqişələr nəinki səngimir, əksinə, daha da alovlanır. Bundan əlavə, bəşəriyyəti narahat edən iqlim dəyişməsi problem ilə üz-üzəyik. Yəni dünyanı narahat edən problemlər çoxalmaqdadır. Belə bir məqamda güclü olmaq üçün dövlətlərin öz strukturlarını möhkəmləndirməsi artıq zamanın şərtinə çevrilib. Bu baxımdan, Azərbaycanın erkən parlament seçkilərinə getməsi dövlət olaraq müəyyən qərarlar verərkən daha dolğun, daha dəqiq addımlar atmaq və daha güclü dövlət olaraq bu problemlərdən yan keçməyə əsaslanır.

 - Azərbaycan ilk dəfədir ki, parlament seçkilərinə ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi gedir. Bu, müstəqil Azərbaycanın tarixində bir ilkdir. Bununla bağlı mövqeyinizi bilmək istərdik.

- Bu, qardaş Azərbaycanın siyasi tarixində olduqca mühüm hadisədir. Çünki 30 ilə yaxın idi ki, işğal olunmuş ərazilərdə heç bir seçki keçirilmirdi. Lakin 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilərini düşmən işğalından azad etdi. Bu gün isə orada seçki prosesi həyata keçirilir. Geri qayıdan bir sıra məcburi köçkünlərin səs verməsi üçün şərait yaradılır. Əvvəlki illərdə o torpaqların sakinləri ölkənin müxtəlif yerlərində səs verirdilər. İndi isə gözəl Şuşada, Laçında, işğaldan azad edilmiş digər ərazilərdə seçkilər keçiriləcək. Bu, tarixin mühüm bir parçasıdır.

- Xüsusilə Azərbaycanın gələcəyi, siyasi mənzərəsi və iqtisadi inkişafı üçün bu seçkilərin vacibliyi barədə nə deyə bilərsiniz ?

-  Zənnimcə, yeni parlament yeniləşən dövrün tələblərinə daha yaxşı cavab verəcək. Orada təmsil olunan deputatlar da xalqın seçdiyi, dəyərləndirdiyi şəxslər olacaq. Bundan əlavə, yeni parlamentdə milli ruhlu, Türk dünyasına xidmət edən siyasətçilərimizi də görmək istərdim.

Müsahibə