COP birlik konfransları dünyada qlobal problemlərdən biri olan iqlim dəyişiklikləri ilə mübarizədə ölkələrin birgə səylərini birləşdirir. Bu toplantılar müxtəlif ölkələrin dövlət başçılarını, çoxsaylı beynəlxalq təşkilatları, qeyri-hökumət qurumlarını və media nümayəndələrini bir araya gətirir. Belə mötəbər beynəlxalq tədbirlərin əsas məqsədi iqlim dəyişikliyi ilə mübarizədə inkişafı dəyərləndirmək, bu istiqamətdə daha böyük uğurlara nail olmaq və qlobal iqlim fəaliyyətləri üçün müəyyən çərçivələr yaratmaqdır.
Bu fikirləri Azərbaycan Turizm və Menecment Universitetinin beynəlxalq münasibətlər kafedrasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Zeynalova XQ-yə müsahibəsində bildirdi. Ölkəmizin cari ilin payızında keçiriləcək COP29 konfransına evsahibliyi etməsini Azərbaycanın imicinə verilən dəyər kimi qiymətləndirən müsahibimiz fikirlərinə əlavə olaraq dedi:
– Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Azərbaycanda keçirilməsi dövlətimizin dünya səviyyəsində ən öncül mövqedə qərarlaşmasından xəbər verir. Bu, eyni zamanda, respublikamızın “yaşıl enerji” və iqlimlə bağlı hədəflərin reallaşmasına milli səviyyədə töhfə vermək və iqlim fəaliyyəti üzrə qlobal həmrəyliyin hərəkətverici qüvvəsi olmaq niyyətini bir daha gündəmə gətirir. COP29 Azərbaycanın “yaşıl artım” ölkəsi kimi beynəlxalq nüfuzunu yüksəltməklə yanaşı, sözügedən sahənin inkişafına potensial investorların cəlbini də şərtləndirir.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də və bir sıra mühüm sənədlərdə respublikamızda ətraf mühitin yaxşılaşdırılması, “yaşıl enerji” istehsalının diqqət mərkəzində saxlanılması, həmçinin işğaldan azad olunan ərazilərdə təmiz ətraf mühitin gerçəkləşdirilməsi istiqamətləri xüsusi yer alıb. Şübhəsiz ki, bütün bunlar Prezident İlham Əliyevin “yaşıl enerji” istehsalının inkişafına, ətraf mühitin yaxşılaşdırılmasına olan diqqət və qayğısından irəli gəlib. Ümumiyyətlə, dövlətimizin başçısı prezidentlik fəaliyyətində bərpaolunan enerji layihələri gündəliyinin icrasını daim diqqətdə saxlayıb. Ölkə rəhbəri çıxışlarının birində bu barədə deyib: “Qarşıda duran ən vacib vəzifələrdən biri bərpaolunan enerji ilə bağlıdır. Bizim planlarımıza görə, 2030-cu ilin sonuna qədər Azərbaycanda 5 min meqavata yaxın bərpaolunan enerji növləri yaradılmalıdır, əsasən günəş, külək və hidro – su elektrik stansiyaları. Dediyim rəqəm tam realdır, bu, artıq imzalanmış kontraktlar əsasında olacaqdır. Niyyət protokolları isə daha böyük rəqəm haqqında bəhs edir, təqribən 10 min meqavat. Beləliklə, biz böyük həcmdə təbii qazımızı ixrac edə biləcəyik, ona qənaət olunacaq”.
Prezident İlham Əliyev bu mövzu ilə bağlı çıxışlarında bundan sonra da elektrik enerjisinin böyük hissəsinin bərpaolunan enerji hesabına istehsal ediləcəyini, bununla da Azərbaycanın iqlim dəyişikliyi məsələlərinə öz töhfəsini verəcəyini əminliklə vurğulayıb.
– “Yaşıl enerji”yə keçidlə bağlı nəzərdə tutulan işlər barədə fikirləriniz də maraqlı olardı...
– Azərbaycan dünya miqyasında yenilənən enerji yolunda sürətlə irəliləyir, geniş təbii sərvətlərini və strateji mövqeyini möhkəmləndirərək enerji istehsalında müasir texnologiyalar tətbiq edir. Ölkəmiz “yaşıl enerji” strategiyası ilə yalnız karbon emissiyalarını azaltmaq məqsədi deyil, həm də enerji təhlükəsizliyini və iqtisadi müstəqilliyini gücləndirməyə nail olur. COP29-un keçirilməsi, eyni zamanda, ölkəmizdə yenilənən enerji layihələrinə innovasiyaları və xarici investisiyaları cəlb etmək məqsədi daşıyır.
Məlum olduğu kimi, 2016-cı ildə Avropa İttifaqı tərəfindən “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanun layihəsi hazırlanıb və 2022-ci ildə qüvvəyə minib. Qanunda enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət siyasətinin əsas məqsədi və dövlətin vəzifələri, enerji effektivliyi üzrə xidmətlərin təşkilinə dair məqamlar, istehlak olunan enerjinin hesablanması, istehsalı, saxlanılması, ötürülməsi, paylanması və təchizatında səmərəlilik məsələləri öz əksini tapıb.
“Yaşıl enerji”yə keçid Azərbaycan dövlətinin enerji siyasətinin əsas istiqamətlərindən biridir. Ölkənin enerji balansında “yaşıl enerji” mənbələrindən əldə edilən enerjinin payının getdikcə artırılmasına nail olmaq enerji sektorunda aparılan islahatların əsas məqsədlərindən biridir. Azərbaycan “yaşıl enerji” sahəsində beynəlxalq təşkilatlar, müxtəlif ölkələr və sərmayədarlarla fəal əməkdaşlıq edir.
Postmünaqişə quruculuğu ilə bağlı dövlətimizin başçısının siyasəti Azərbaycana işğaldan azad edilən ərazilərdə regional iqtisadi inteqrasiyanı təmin edəcək layihələrlə Avrasiyanın strateji əhəmiyyətli nəqliyyat və logistika, həmçinin “yaşıl enerji” mərkəzinə çevrilmək imkanı verir. Bu baxımdan Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzuru xalis sıfır emissiyalı “Yaşıl enerji zonası” elan etməsi məhz belə bir mütərəqqi inkişaf siyasətinin təzahürüdür. Bu cür inkişaf modeli isə Azərbaycanın təmiz ətraf mühitə malik “yaşıl artım”, “yaşıl enerji”ni istehsal və ixrac edən ölkəyə transformasiyasında düşməndən təmizlənən ərazilərin rolunu gücləndirir.
Qeyd edim ki, düşməndən təmizlənən ərazilərdə 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə çoxistiqamətli tədbirlərlə ölkəmizdə bərpaolunan enerjinin inkişafı geniş vüsət alır. Bu ərazilərin bərpaolunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır. Qeyd olunan potensial əsasında 4 il ərzində ümumi gücü 780 MVt olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur.
– İqlim dəyişmələrinə qarşı mübarizə necə aparılır?
–İlk növbədə, qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidentinin sərəncamı ilə 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sənəddə qeyd edilir ki, ölkəmizin 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair 5 milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyənləşdirilmişdir. Respublikanın enerji sektorunda bərpaolunan enerji mənbələrinin istifadəsinin genişləndirilməsi prioritetdir və respublikada 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılması hədəflənib, 2030-cu ilədək elektrik enerjisində bərpa-olunan enerjinin payının 30 faizə çatdırılması nəzərdə tutulub. Ölkə rəhbəri tərəfindən bu istiqamətdə qəbul edilən qərarların, “yaşıl enerji” zonası, “yaşıl kənd təsərrüfatı”, “yaşıl nəqliyyat”, “ağıllı şəhərlər”, “ağıllı kəndlər” kimi yanaşmaların tətbiqi həm regional, həm də qlobal miqyasda iqlim dəyişmələrinin təsirləri ilə mübarizə üçün əhəmiyyətli addımlardır.
Azərbaycan hazırda bəzi ekoloji problemlərlə üzləşir və onların həlli bütün maraqlı tərəflərdən kompleks və əlaqələndirilmiş yanaşma tələb edir. Hökumət orqanları və müvafiq təşkilatlar strateji siyasətlərin işlənib hazırlanması və kifayət qədər investisiyaların ayrılması üçün əməkdaşlıq etməlidir. Eyni zamanda, maarifləndirmənin artırılması, fəal iştirakın təşviq edilməsi və “yaşıl gündəliy”in həyata keçirilməsi üçün kollektiv fəaliyyəti səfərbər etməklə bağlı ictimai səylər stimullaşdırılmalıdır.
Azərbaycan COP29-a evsahibliyi etməklə qlobal iqlim dəyişikliyi istiqamətində dünyaya önəmli töhfələr verməyi, davamlı inkişaf məqsədlərinə nail olmağı qarşıya mühüm vəzifə kimi qoyub. Bir sözlə, enerji siyasətindəki uğurları, bərpaolunan enerji resurslarına sərmayə qoymaq istəyi və iqlim dəyişikliyi ilə mübarizə əzmi respublikamızın davamlı gələcək üçün atdığı addımların təzahürüdür. Beynəlxalq aləm Azərbaycanın bu platformada liderliyi gerçəkləşdirməsi ilə dünyada iqlim dəyişikliyi ilə mübarizədə birgə səylərin yaradılmasına töhfə verəcəyinə də əmindir.
Müsahibəni hazırladı:
Zərifə HÜSEYNOVA
XQ