Silah sazişi, yoxsa regional təxribat motivi?

post-img

Qərbin “parçala və hökm sür!” siyasəti ilə bağlı etüdlər

Məlum olduğu kimi, bir müddət əvvəl “Iran International” saytı İranla Ermənistanın gizli şəkildə dəyəri 500 milyon dollar olan silah-sursat müqa­viləsi imzaladığına dair məlumat yay­mışdı. Məlumatın Ermənistanın Mü­dafiə Nazirliyi tərəfindən təkzibolunma tərzi və tonu onu deməyə əsas verirdi ki, rəsmi İrəvan belə bir xəbərin ya­yılmasından ciddi əndişələnib. Nazir­liyin mətbuat xidmətindən məlumatın düşünülməmiş və uydurulmuş olduğu bildirilmişdi. Qurumun rəsmisi Aram Torosyan demişdi: “Biz uydurulmuş məsələyə reaksiya vermirik”. 

Ancaq Ermənistan tərəfinin əndişəsi görüntü də ola bilər, bu, öz yerində. Qeyd edək ki, dünən məsələyə dair daha bir tək­zib reaksiyası İran tərəfindən verilib. Belə ki, İran İslam Respublikasının Ermənistan­dakı səfiri Mehdi Sobhani ölkəsinin Mehr İnformasiya Agentliyinə açıqlamasında deyib ki, Tehranla İrəvan arasında gizli silah sazişi barədə söylənilənlər yalandır. Onun sözlərinə görə, məsələ ilə bağlı xə­bəri etibarsız kütləvi informasiya vasitələri yayıblar və onlar əvvəllər də İranla əlaqə­dar yalan məlumatlar və məqsədyönlü ana­litik materiallar tirajlamaları ilə gündəmə gəliblər. Səfir başqa nələri diqqətə çatdırıb, bu barədə söz açacağıq. Ancaq əvvəlcə bir məsələnin üzərində dayanaq. 

Bəli, “Iran International”ın hansı mə­rama xidmət etdiyini söyləmək çətindir. Saytın materialları anti-İran yönümlüdür və ölkədəki hakimiyyətin tənqidinə, hət­ta ifşasına yönəlib. Onunla bağlı rekvi­zitlərə də rast gəlinmir. Ehtimal var ki, sayt Qərbin bəzi dairələri tərəfindən idarə olunmaqdadır. Belədə sual yaranır: “Iran International” İran–Ermənistan gizli silah sazişinə dair məlumatı hansı məqsədlə, nə üçün yayıb? Əlbəttə, suala birmənalı ca­vab tapmaq çətindir. Ona görə də müəyyən ehtimallar üzərində dayanacağıq. Amma bundan əvvəl səfir Sobhaninin fikirlərinin davamına diqqət yetirək. 

Beləliklə, İranın Ermənistandakı ali diplomatik təmsilçisi bildirib ki, belə in­formasiyaların yayılmasının məqsədi Teh­ranın Cənubi Qafqaz regionu ölkələri ilə dostluq münasibətlərinin inkişafına mənfi təsir göstərməkdir. O, həmçinin vurğula­yıb ki, İran Qafqaz regionunda sülhün və sabitliyin qərarlaşmasını, iqtisadi inkişafı dəstəkləyir.

Onu da bildirək ki, İranın Ermənistanı silahlandırmasına dair düşüncələr həmişə gündəmdə olub. Ancaq zaman-zaman bu fikirlər özünün azlıq və ya çoxluq amplitu­dası ilə seçilib. Hazırda İran–Azərbaycan, Azərbaycan–İran münasibətləri sakit məc­radadır, dövlətlər arasında 2023-cü ildəki siyasi gərginlik aradan qalxıb. Üstəlik, qanlı terror səbəbindən Azərbaycanın ötən ilin yanvarından bağlanmış Tehrandakı sə­firliyinin yenidən fəaliyyətə başlayacağı da vurğulanmaqdadır. Bununla yanaşı, İranın hazırda “region region ölkələri üçündür” şüarı ilə hərəkət etdiyinə dair formalaşmış yekun qənaət var. Bu qənaətin mövcudlu­ğu o deməkdir ki, İslam respublikası kənar qüvvələrin Cənubi Qafqazda üstünlüyə yiyələnmək cəhdlərinə qarşıdır. Bəs kənar qüvvələri regiona gətirmək istəyən kim­dir? Əlbəttə ki, Ermənistan.

Bəli, Ermənistan Qərbi Cənubi Qafqa­za pərçimləməkdə, onun regionda üstün mövqeyə yiyələnməsində rol oynamaq­da israrlıdır. Bunu İranda da, Rusiyada da, habelə Türkiyədə olduqca yaxşı dərk edirlər. Heç şübhəsiz, Qərbin Ermənista­nı silahlandırması da diqqətdən yayınmır. Doğrudur, rəsmi Tehran sırf bu məsələyə dair sərt mövqeyini ortaya qoymur. Ancaq Rusiyada və Türkiyədəki kimi, İranda da anlayırlar ki, Qərbin Ermənistanı silahlan­dırması məsələsinə qarşı birbaşa mübarizə aparan Azərbaycandır. Həm də ona görə ki, İrəvana silah ixracı ölkəmizlə Ermənista­nın sülh gündəliyi üzrə reallaşan prosesdir. Digər tərəfdən, Bakının regiondakı balans­laşdırma xətti və bu xətdən geri dönməyə­cəyi hər kəsə, o cümlədən Tehrana yaxşı bəllidir. Yəni, Azərbaycandan hansısa təh­lükənin olmayacağı, İrana, həmişə olduğu kimi, yenə də yaxşı bəllidir. Ona görə də onun hazırda Ermənistanı Azərbaycana qarşı silahlandırması bir o qədər real səciy­yə daşımır. 

Əslində, bu dolaşıq siyasi labirintdə Ermənistan MN-nin təkzibi də yerinə dü­şür. Doğrudur, rəsmi İrəvan belə bir mə­lumatın yayılmasından xəbərdar olmaya bilər. İrəvanda informasiyanın ölkə üçün ziyanlı tərəfləri üzərində dayanılması da mümkündür. Amma baş nazir Nikol Paşin­yan administrasiyasının Qərbdəki hamilə­rini saziş məsələsinin doğru olmadığına inandırmaq imkanı var. 

Deməli, düşünmək mümkündür ki, “Iran International”ın Tehranla İrəvan ara­sında gizli silah sazişindən söz açması həm də Azərbaycana qarşı təxribatdır. Təxriba­tın Qərbdə hazırlandığını da söyləyə bilə­rik. Nəzərə alaq ki, hazırda Ermənistanı si­lahlandıran konkret tərəflər var və onların dəstəklərindən söz açdıq. Fransa və Avro­pa İttifaqının hərbi yardım motivli jestləri, ABŞ hərbçilərinin Ermənistan ordusunda peyda olmaları, Ermənistan–ABŞ birgə hərbi təlimləri günümüzün reallığıdır. 

Sonda mövcud reallıq kontekstində bu nəticə hasil olur: İranın köhnəki Teh­ran-İrəvan hərbi işbirliyi müstəvisinə “qaytarılması”, İslam respublikasının Er­mənistanın tərəfindən olduğu görüntüsünü ictimai rəyə daxil etməyə hesablanıb. Ehti­mal var ki, böyük məqsəd ölkəni Azərbay­canın, Türkiyənin və Rusiyanın qəzəb rito­rikasının hədəfinə çevirmək, etibarsız kimi qələmə verməkdir. Yekun məqsədin də Bakı–Ankara–Moskva–Tehran oxu üzrə təfriqə yaratmaq olduğunu vurğulamaq mümkündür. Bu yerdə yada imperializmin klassik fəaliyyət mexanizminə dair bir fikir düşür: Parçala və hökm sür!

Əvəz RÜSTƏMOV
XQ

Siyasət