Liderlik missiyası

post-img

Mən həmişə xalqıma xidmət etmişəm.

Heydər ƏLİYEV,
Ümummilli lider

I MƏQALƏ

Liderlik missiyası

“Liderlik missiyası” anlayışının izahı­na çox rast gəlirik. Onları ümumiləşdir­sək, bir neçə müddəada yığcam ifadə edə bilərik. Bu missiyanı insanın varlıq kimi təyinatının fəlsəfəsi olaraq dəyərləndirən­lər vardır. Latınca “missio”dan alınmışdır. Ümumi halda mövcud olmanın və ya fəa­liyyətin mənasını ifadə edir. Yəni liderin bu missiyasının mənası, mahiyyəti və məqsə­dini necə görməsi ilə bağlıdır. Başqa sözlə, missiya şəxsin həyat fəlsəfəsinin bugünü ilə gələcəyinin qarşılıqlı əlaqəsinin dina­mikasında formalaşan fəaliyyət keyfiyyə­tidir. Bir sıra hallarda, görünür, bu məqamı nəzərə alaraq yazırlar ki, liderin missiyası qarşısına fövqəl vəzifələr qoymaq, möv­cud reallığın sərhədini aşan üfüqlərdə özü­nü görə bilmək qabiliyyətidir. Bu anlamda missiyanı “dəyərlərə fokuslanmaq” qabi­liyyəti kimi də təsəvvür etmək olar. 

İdarəetmə aspektində liderlik missi­yasını strateji idarəetmənin təməl anla­yışlarından biri kimi də qəbul edə bilərik. Burada əsas hədəf liderin milləti müəyyən etdiyi və qarşısına qoyduğu başlıca məqsə­də çatdırmaqdan ibarətdir. Bu keyfiyyətdə missiya üç tərkib hissəsinə ayrıla bilər: Birincisi, gələcəyi görməyi və başqaları­nı buna inandırmağı bacarmaq, ikincisi, baxışlarını həyata keçirmək üçün səmərə­li strategiyanı formalaşdırmaq, üçüncüsü, komandanın hazırlanması və motivasiyası. 

Deməli, liderin missiyası toplumu bir­ləşdirməli, onlara nəyin uğrunda mübarizə aparmalı olduqlarını izah etməklə sıx bağ­lıdır. Bunu lider ideologiya vasitəsilə edə bilər. Milli ideya və ideologiya liderlik missiyasında mərkəzi yer tutur. Milli ideya və ideologiya vasitəsilə lider insanlara qar­şıya qoyulan məqsədə çatmaq üçün inam, fəallıq və məqsədöynlülük aşılayır. 

Siyasi liderin missiyası vurğulanan məqamların hər birini özündə ehtiva edir. Lakin siyasi lider üçün üzərinə götürdüyü missiyanı yerinə yetirmək daha mürəkkəb, riskli, gözlənilməz və qeyri-müəyyənlik­lərlə xarakterizə olunan dinamik situasi­yalarda uğurlu olmağı tələb edir. Bu isə missiyanın taktiki və strateji aspektləri arasında səmərəli dinamik əlaqə qurmağı tələb edir. Hər tarixi mərhələdə, bu, özəl məzmun ala bilər. 

Bunlardan başqa, liderin missiyası onun miqyası, müddəti və məqsədi baxı­mından təsnif oluna bilər. Bu faktorlara görə, liderin adi missiyası ilə tarixi missi­yası arasında məzmun və məqsəd fərqləri­ni də görmək lazımdır. Adətən liderin tarixi missiyası ölkə üçün çox böhranlı, siyasi və geosiyasi baxımdan olduqca həssas, yeni dövlətçilik səviyyəsinə yüksəlmək zə­rurəti yarananda aktuallaşır. Doğrudan da bu kimi möhtəşəm vəzifələrin öhdəsindən gəlmək üçün liderin fəaliyyəti başqa dövr­lərdə olduğundan fərqlənməlidir. Təsadüfi deyildir ki, Qərb politologiyasında keçən əsrin 70–80-ci illərində və sovetlərin da­ğılmasından sonrakı dönəmdə uğurlu li­derliyi, sözün həqiqi mənasında, “tarixi li­derlik missiyası” anlayışı ilə sinonim kimi təqdim edirdilər. 

XX əsrdə Qərbdə liderlik missiyaları

Məsələn, keçən əsrin 70–80-ci illə­rində ABŞ və Avropada özünü göstərən güclü böhran tarixi missiya yerinə yetirə biləcək liderə ehtiyacın olduğu haqqında müzakirələr yaratmışdı. Həmin kontekstdə də ABŞ və Böyük Britaniya üçün “reyqa­nizm” və “tetçerimz” kimi anlayışlar məş­hurlaşmışdı. Çünki həmin idarəetmə kon­sepsiyası sayəsində R.Reyqan və M.Tetçer liderləri olduqları ölkələri böhrandan xilas etmişlər (“reyqanizm” və “tetçerizm” ma­hiyyətcə monetar xarakterli konsepsiyalar­dır və kapital faktoru əsasında cəmiyyəti transformasiya etməyi nəzərdə tuturdu). Lakin fransız sosioloq Mişel Turana görə, həmin siyasət, ümumiyyətlə, Qərb cəmiy­yətlərində sosial ədalətsizliyi gücləndirdi ki, bunun da fonunda R.Reyqan və M.Tetçerin liderlik missiyalarının tarixiliyi haqqında fikirlər haçalanır.

Lakin Henri Kissincerin 2022-ci ildə nəşr olunmuş əsərində XX əsrdə dünya­da 6 liderlik strategiyasından bəhs edilir. Həmin strategiyalar, faktiki olaraq, liderin tarixi missiyası kateqoriyasına aid edilə bilər. H.Kissincer konkret olaraq, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Misir və Sinqapur liderlərinin straegiyasını poli­toloji təhlil edir. ABŞ-də Riçard Niksonun, Böyük Britaniyada Marqaret Tetçerin, Al­maniyada Konrad Adenauerin, Fransada Şarl de Qollun, Misirdə Ənvər Sədatın və Sinqapurda Li Kuan Yunun liderlik strate­giyalarını araşdırmışdır. R.Niksonun stra­tegiyasını H.Kissincer “tarazlıq strategiya­sı”, M.Tetçerin strategiyasını “inandırma strategiyası”, K.Adenauerin strategiyasını “barış strategiyası”, Şarl de Qollun stra­tegiyasını “iradə strategiyası”, Ə.Sədatin strategiyasını “transendent strategiya”, Li Kuan Yunun strategiyasını “mükəmməllik strategiyası” adlandırır. 

Belə görünür ki, XX əsrdə H.Kissin­cerin böyük önəm verdiyi 6 strategiyanın hər biri özəl məzmuna və məqsədə ma­lik olmuşdur. Bunun səbəbi vurğulanan ölkələrin fərqli tarixi, siyasi, geosiyasi, sosial, iqtisadi və ideoloji mövqedə olması ilə əlaqəlidir. Deməli, liderin missiyasının məzmun və məqsədi ölkəni xarakterizə edən bir sıra faktorlarla sıx əlaqəlidir. La­kin maraqlıdır ki, qarşılarına qoyduqları məqsəddən asılı olmayaraq, H.Kissincer həmin 6 strategiyanı həyata keçirən lider­lərin tarixi missiya yerinə yetirdiklərini ifadə edir. Bunu konkret parametrlərə görə müəyyən edir. 

Həmin parametrlər liderin ölkəni düşdüyü vəziyyətdən keyfiyyətcə daha səmərəli vəziyyətə çıxarması, sosial-iq­tisadi və mədəni aspektlərdə dövləti ta­mamilə yeni keyfiyyətlərə malik duruma transformasiya etməsi, yeni milli ideya formalaşdırması və yeni dünya nizamının formalaşmasına ciddi töhfə verməsindən ibarətdir. Yəni, H.Kissincer 6 strategiyanın hər birini həm konkret ölkə üçün, həm də dünya üçün oynadığı rola görə tarixi adlan­dırır. Həm də hər bir strategiyaya II Dünya müharibəsindən sonra yaranmış qlobal ge­osiyasi düzən fonunda qiymət verir. 

Məsələn, K.Adenauer II Dünya sava­şından sonra alman cəmiyyətini reallıqla, yaranmış vəziyyətlə barışmalı olduğuna inandıra bilmişdi, M.Tetçer ingilisləri özü­nün monetar siyasətinə Britaniyanın möh­təşəmliyini qorumaq kontekstində inan­dırmış, Şarl de Qoll iradəsinin hesabına məğlub Fransanı liderlər liqasına yenidən qaytara bilmişdir, Ə.Sədat ərəb dünyasının yəhudilər haqqında fikirlərini sözün həqiqi mənasında transdent edərək yeni münasi­bət formalaşdıra bilmişdi, R.Nikson Vyet­namdakı məğlubiyyətdən sonra amerikan cəmiyyətini dünya siyasətində tarazlığı gözləməyin vacibliyinə inandırmışdı. On­ların sırasında Sinqapurun başçısı Li Kuan Yu daha möhtəşəm yeniliklər etmişdi. O, Sinqapuru həm Britaniya müstəmləkəsin­dən xilas etmiş, həm multikultural cəmiy­yət yaratmış, həm yerləşdiyi regionda bir neçə dövlətin birliyinə nail olmuş, həm də Sinqapurun mükəmməl inkişafına nail ol­muşdur. 

Belə çıxır ki, H.Kissincerin seçdiyi 6 iderlik straegiyasını xarakterizə edən ümu­mi məqam liderlərin öz ölkələri və dünya üçün tarixi sayıla biləcək yeniliklər edə bilməsi, onların inkişafını tamamilə yeni istiqamətə yönəldə bilmələri ilə bağlıdır. 

H.Kissincerin təhlillərindən və ümumi politoloji təsəvvürlərdən liderliyin tarixi missiyası haqqında nəticə əldə etmək olar. 

Tarixi liderlik missiyası

Hər şeydən öncə aydın olur ki, liderin missiyası o zaman tarixi adlandırıla bilər ki, qarşısına ölkəsinin inkişafını yeni key­fiyyət səviyyəsinə yüksəltmək məqsədini qoysun və ona uyğun strategiya hazırlasın. Həmin strategiyanı ardıcıl olaraq reallaş­dırsın (eksklüziv formada). Bu zaman lider mütləq yeni milli ideya formalaşdırmalıdır. Cəmiyyətin sosial, siyasi, iqtisadi, mədəni və ideoloji parametrlərini yeni milli ide­yaya uyğun “formatlaşdırmalıdır”. H.Kis­sincerin məntiqinə görə, liderin yeni milli ideya müəyyən etməsi qarşısına qoyduğu yeni məqsədlərə çatmaq üçün bütövlük­də cəmiyyəti səfərbər etməsi zəruriliyi ilə bağlıdır. Milli ideya bu prosesdə əsas mo­tivəedici və istiqamətverici mənəvi ideal gerçəklik kimi çıxış edir. 

Bunlarla yanaşı, H.Kissincerin çox əhəmiyyətli bir şərti də diqqəti çəkir. Lider o zaman tarixi liderliyə yüksəlir ki, fəaliy­yəti regionun və dünyanın yeni geosiyasi düzəninə ciddi töhfələr verir. Yəni liderin fəaliyyətinin tarixiliyi ölkə miqyası ilə məhdudlaşmaya bilər. Hər yeni tarixi mər­hələdə öz ölkəsini uğurlu yeniləşmə xəttinə çıxarmaqla yanaşı, regional, multiregional və qlobal miqyaslarda dövlətlərarası mü­nasibətlərə yeni düzən gətirə bilir. Yuxarı­da vurğuladığımız dünyanın 6 strategiyası II Dünya savaşından sonra düzəni dağılmış dünyaya onların hər birinin gətirdiyi yeni qaydalar prizmasında qiymətləndirilmiş­dir. Faktiki olaraq liderin tarixi missiyası həmin düzənin formalaşdırılmasında həlle­dici rol oynamalıdır. 

Burada qarşıya iki mühüm vəzifə çıxır. Birincisi, strategiyanı düzgün müyyən­ləşdirmək, ikincisi, onu eksklüziv həyata keçirmək. Bu iki vəzifənin vəhdətində çox sayda tarixi, şəxsi, siyasi, geosiyasi, milli, regional faktorlar qarşılıqlı əlaqədə olurlar.

Strategiyanın düzgün müəyyənləşdirilməsi

Bu, liderlikdə çox mühüm komponent­dir. Strategiyanı düzgün müəyyən etmək nəzəri və praktiki aspektlərin optimal nis­bətini müəyyən etməyi qarşıya qoyur. Bu zaman lider həm fəaliyyətin çərçivəsini düzgün müəyyən etməlidir, həm də onun ideologiyasını gerçəkliklərə əsaslanaraq təyin etməlidir. Ulu öndər Heydər Əliyev azərbaycançılığı liderlik strategiyasının ayrılmaz hissəsi kimi məzmunlaşdırdı. Bu ideologiya özünün funksional potensialını XXI əsrdə də çox dolğun nümayiş etdirir. 

Bunlarla yanaşı, liderlik strategiya­sı əsas məqsədi elə müəyyən etməlidir ki, verilən zaman kəsimində gerçəkçi və səmərəverici olsun. Ölkənin əsas ehti­yacını ödəsin. Ərazi bütövlüynün təmini başlıca məqsəd kimi çox düzgün seçim idi. Bu problemin həlli Azərbaycanı yeni tarixi mərhələyə çıxardı. Liderliyin tarixi­liyi bununla sıx bağlıdır. Belə aydın olur ki, müasir mərhələdə Azərbaycan nümunə­sində tarixi lider anlayışının mühüm tərəf­lərindən biri ölkənin bir tarixi mərhələdən digərinə transformasiyası ilə sıx əlaqəlidir.

Bu tezisin politoloji əhəmiyyəti Azər­baycanda XXI əsrdə liderin tarixi xidməti, bütövlükdə, ölkənin, dövlətin və cəmiyyə­tin transformasiyalarının tarixi məzmun kəsb etməsi kontekstində dərk olunmalıdır. Müqayisə üçün deyək ki, əgər Almaniyada və ya Fransada II Dünya savaşından son­rakı dönəmdə liderliyin tarixiliyi silsilə xarakterli parametrlərlə müəyyən olun­murdusa, Azərbaycan nümunəsində fərqli mənzərədir. Belə ki, Almaniya II Dün­ya savaşında məğlub oldu. Fransa da elə uğurlu ola bilmədi, hər halda müharibədən tarixi qələbə ilə təkbaşına çıxa bilmədi. Buna görə də K.Adenauer və Şarl de Qol­lun tarixi liderliyi məğlub ölkəni yaranmış yeni şərtlər daxilində uğurlu inkişaf xəttinə çıxarmaqda ifadə olunmalı idi. K.Adena­uer barış strategiyası ilə buna nail oldu, Şarl de Qoll isə yüksək iradi keyfiyyətlər hesabına ölkəsi üçün tarixi xidmət göstər­di. Lakin bu tarixi transformasiyadan sonra nə Almaniyada, nə də Fransada liderliyin tarixi nümunəsi meydana gəldi. Onlar in­kişaf etdilər, dünya geosiyasi sisteminə töhfələrini verdilər, lakin liderliyin tarixi­liyi meyarları ödənmədi. Hətta Fransada hazırda liderlik böyük böhran içindədir – E.Makronun fəaliyyəti çox sual doğurur.

Deməli, XX əsrin 6 uğurlu liderlik stra­tegiyası bir dəfə ölkəni irəli çıxarmışdır, lakin ondan sonra tarixi potensialı xeyli passivləşmişdir – yeni tarixi liderlik nü­munələri gözə dəymir. 

Azərbaycanda isə tarixi liderliklə bağ­lı tamamilə fərqli proseslər özünü göstər­məkdədir. Bir mərhələnin tarixi liderliyi növbəti mərhələ üçün liderliyin tarixiliyinə münbit şərait yaratmışdır. Bu, Azərbaycan­da tarixi liderliyə Heydər Əliyev–İlham Əliyev xətti üzrə fəlsəfi və politoloji ya­naşmaya xeyli əsas verir. 

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət