Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin yeni inzibati binasının açılışı ilə əlaqədar iyulun 25-də təntənəli tədbir keçirilib. COP29 mövzusuna həsr olunan mərasimdə iki ölkə arasında əlaqələrin tarixinə və inkişaf perspektivlərinə də nəzər salınıb.
Səfir Elin Süleymanov COP29-a ev sahibliyi edəcək Azərbaycanın diqqətinin tam şəkildə iqlim fəaliyyətinə yönəldiyini və ölkəmizin bütün dünya üçün həyati əhəmiyyət daşıyan iqlim məqsədlərinin irəli aparılması üçün əlindən gələni etdiyini bildirib. Diplomat bu məsuliyyətli işdə ilk gündən Azərbaycana dəstəyini əsirgəməyən Britaniya tərəfinə təşəkkürünü bildirib.
COP29-un Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bir neçə gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısında iştirak etmək üçün Britaniyaya işgüzar səfər etdiyini xatırladaraq, Azərbaycanın bu ölkədəki səfirliyinin yeni binasında keçirilən tədbirdə həm də ikitərəfli dostluq münasibətlərinin qeyd olunduğunu vurğulayıb. Londonun iqlim fəaliyyətində vacib mərkəz rolu oynadığını qeyd edən M.Babayev iyunun sonunda Britaniyaya səfəri zamanı keçirdiyi görüşlərdən və qatıldığı tədbirlərdən söz açıb. COP26-ya ev sahibliyi etmiş Birləşmiş Krallığın vacib tərəfdaş olduğunu deyən M.Babayev britaniyalı həmkarlarına COP29-un uğurla keçirilməsi istiqamətində göstərdikləri dəstəyə görə təşəkkür edib.
Birləşmiş Krallığın enerji təhlükəsizliyi və sıfır emissiya məsələləri üzrə dövlət katibi Ed Miliband çıxışında tədbirdə iştirak etməkdən şərəf duyduğunu bildirib. O, iqlim dəyişikliyinin qarşısının alınması və dünyanın “yaşıl” inkişafı üçün ölkələri bir araya gətirən COP tədbirlərinin əhəmiyyətini xüsusi vurğulayıb. Dövlət katibi indiyədək keçirilmiş COP görüşlərində razılaşdırılmış tədbirlərin davam etdirilməsinin, habelə COP29-da iqlim maliyyələşməsi məsələsi üzrə vacib razılığa gəlinməsinin iqlim məqsədlərinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bu kontekstdə o, iqlim problemlərindən ən çox əziyyət çəkən ölkələrə dəstək verilməsinin önəminə diqqət çəkib. Ed Miliband vurğulayıb ki, Britaniya COP29-un uğurla keçməsi və gözlənilən nəticələrin əldə olunması üçün Azərbaycana hər cür dəstək verməyə və yaxından tərəfdaşlıq etməyə hazırdır.
Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyevin COP29-da iştirakla bağlı Britaniyanın Baş naziri Kir Starmerə ünvanladığı dəvət məktubunun orijinal nüsxəsi Ed Milibanda təqdim edilib.
“The City of London” merinin rəsmi nümayəndəsi Alderman Qreq Couns çıxışında dünyanın maliyyə və biznes mərkəzi olan “The City”nin COP29-un uğurla keçməsinə hər cür dəstək verməyə hazır olduğunu qeyd edib.
XQ