Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin noyabrın 28-də imzaladığı sərəncama əsasən Xankəndidə Qarabağ Universitetin yaradılması təkcə ölkə ictimaiyyətini yox, xaricdə yaşayan həmvətənlilərimizin də çoşqu və böyük ruh yüksəkliyi ilə qarşıladıqları xəbərlərdən oldu. Türkiyənin Egey Universitetinin professoru Ürfət Nuriyevlə söhbətimizin əsasında bu mövzu dayanır.
- Ürfət müəllim, sizinlə çoxdan müsahib olmaq arzumuz nəhayət ki, reallaşdı. Oxucularımıza özünüzü təqdim edin.
- İcazənizlə geniş bir avtobioqrafik məlumat danışmayım. Qısaca olaraq bildirim ki, 1997-ci ildən Türkiyənin İzmir şəhərindəki Egey Universitetində çalışıram, 2005-ci ildən bu universitetin professoryam. Turkiyədə işlədiyim müddətdə 50-yə yaxın magistr və doktorluq işinə rəhbərlik etmişəm. 29 beynəlxalq və 1 milli konfransın elm və təşkilat komitəsinin, 1 beynəlxalq və 2 milli jurnalın redaksiya heyətinin üzvüyəm. Beynəlxalq sratuslu elmi jurnalın baş redaktoruyam. 22 nəfər elmlər doktorunun - onlardan biri Azərbaycan vətəndaşıdır və 26 magistr tələbənin elmi işinə rəhbərlik etmişəm. 18-dən çox Azərbaycanlı tələbənin riyaziyyat bölməmizdə magistr və doktorantura təhsili almasına dəstək vermiş, hətta bəzilərinin elmi rəhbəri olmuşam.
- Demək istəyirsiz ki, Azərbaycanla əlaqələriniz üzülməyib...
-Vaxtı ilə çalışdığım BDU ilə Egey Universiteti arasında elmi əlaqələrin yaradılmasının təşəbbüskarlarından olmuşam. Egey Universitetinin Gəncə şəhərinəki Azərbaycan Agrar Universiteti ilə ikili diplom programının həyta keçirilməsində yaxından iştirak etmişəm, hətta 3 semestr Gəncədə Agrar Universitetin tələbələrinə dərs vermişəm.
Gələn ilin aprelində Azərbaycanda keçiriləcək Beynəlxalq Kongresin Təşkilat Komitəsinin üzvüyəm və konfransın Türkiyə tərəfindən sədrlik vəzifəsi mənə həvalə edilib. Hazırda rəhbərliyimlə 8 tələbə doktorluq, onlardan biri azərbaycanlıdır və daha 8 tələbə magistr dissertasiyası üzərində çalışmaqdadır. Bundan əlavə 20 universitet və 2 TÜBİTAK layihəsinin icrasında iştirak etmişəm. Tələbələrimlə birlikdə hazırladığımız proqram sistemlerindən bəziləri müxtəlif təşkilatlarda istifadə olunur.
- Keçmiş tələbələriniz haqqında nə deyərdiniz, onlarla əlaqələriniz varmı?
- Şübhəsiz ki, var, müntəzəm olmasa da əlaqələrimiz davam edir. Onların hər birinin uğuru mənim üçün də uğurdur. Tələbə və həmkarlarımla bərabər kompüter riyaziyyatı sahəsində 100-dən çox elmi məqaləmiz nəşr olunmuş və 100-dən çox elmi konfranslarda məruzələrimiz dinlənilmişdir. Yetiştirdiğim tələbələr ABŞ, Almaniya, Hollandiya, Azərbaycan, Qazaxıstan, İran, Albaniya və Türkiyənin 10-dan çox məşhur universitetlərində və elmi mərkəzlərdə çalışırlar. Erdem Alkım adlı tələbəm 100 min ABŞ dolları dəyərində “Facebook”un “Internetin təhlükəsizliyi“ mükafatına layiq görülub.
- Demək uzun illərdir ki, xaricdəsiz – 25 ildən çox... Bundan əvvəlki fəliyyətiniz isə Azərbaycanın təhsil sistemi ilə bağlı olub. Qarabağ Universitetinin yaradılması xəbərini necə qarşıladınız?
- Qarabağda yüksək ixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili azadlığına qovuşmuş ərazilərin iqtisadi potensialı, eləcə də əmək bazarının tələbləri baxımından son dərəcə vacibdir. Xankəndidə yeni universitetin yaradılması çox müdrik və gərəkli bir addımdır. Ümumiyyətlə, tarixən Qarabağda elmə-təhsilə xüsusi qayğı göstərilib və bu məsələ daim diqqətdə saxlanılıb. 30 illik işğal dövründə Qarabağ ziyalıları həm Azərbaycanın, həm də dünyanın ən müxtəlif bölgələrinə səpələndilər, elm və təhsil sahəsində fəaliyyətlərini davam etdirdilər. İndi Türkiyənin elə bir məşhur universiteti yoxdur ki, orada azərbaycanlılar, eləcə də Qarabağ bölgəsini yetirmələri olan alim və ziyalılara rast gəlinməsin. Uzun illər Türkiyədə çalışdığımdan Ankaranın, İstanbulun, İzmirin, Konyanın, Adananın, Samsunun və adlarını çəkə bilmədiyim şəhərlərin məşhur dövlət və özəl universitetlərində çalışan və həmyerlilərimiz olan elm adamlarını sayı onlarcadır. Yeri gəlmişkən onu da söyləməyi lazım bilirəm ki, bu alimlər istər elmi potensialları, istərsə də tədrisdəki uğurları ilə Türkiyənin təhsil sisteminə dəyərli töhfələr vermişlər. Bunlar təkcə onların savadlı və yetkin kadrlar olmaları ilə yox, həm də zəngin təcürbəyə, geniş dünyagörüş və potensiala malik olmaları ilə də əlaqələndirilməlidir. Dediklərim təkçə Türkiyənin yox, azərbaycanlı alimlərin çalışdığı digər ölkələrin də elm və təhsil sisteminə aiddir. Bunları niyə söylədim?! Ən əvvəl ona görə ki, mən xaricdə çalışan alim və müəllimlərimizin potensialının zəngin və əhatəli olduğunu görürəm. İkincisi, bu baxımdan Möhtərəm Prezidentimiz İlham Əliyevin Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin, modern bir universitetin yaradılmasını mühüm tarixi əhəmiyyətə malik hadisə kimi dəyərləndirirəm.
- Fikirlərinizin bir az da açıqlanmasını istərdik.
- İndi hər kəs üçün gizli deyil ki, dördüncü sənaye inqilabının uğurlarının açarlarından biri və ən əsası universitet təhsilidir. Bütün dövrlər ərzində təhsilin məqsədi bu dövrdə cəmiyyətin ehtiyaclarına xidmət etmək, gəncləri müəyyən bir iş istiqamətində hazırlamaq və tərbiyə etmək olmuşdur. Universitetlər tələbələrini bu gün üçün yox, gələcək üçün hazırlamalıdırlar. Hazırda isə, yeni texnologiyalar (Süni intellekt, Big Data (böyük məlumatlar), Data Science, Blok zəncirləri (Blockchain), İnformasiya təklükəsizliyi və s. hər bir sənaye sahəsini misilsiz bir sürətlə dəyişdirdiyi üçün məzunlar bir yox, bir neçə sahədə hazırlanmalı və innovativ iqtisadiyyatın inkişafina hazır olmalıdırlar. Əgər biz bu gün tələbələrimizə dünənki təhsili veririksə, onda onların gələcəyini indidən uğursuz edirik.
- Sizcə, yeni yaradılacaq Qarabağ Universiteti dediyiniz bütün bu tələblərə cavab verə biləcəkmi?
- Biz Qarabağda elə bir ali məktəb yaratmalıyıq ki, beynəlxalq arenada rəqabətə davamlı ola bilsin. Bunun üçün peşəkar professor-müəllim heyəti formalaşdırılmalı, universitetin maddi-texniki bazası ən son texnologiyalar əsasında qurulmalıdır. Eyni zamanda, rəqabət qabiliyyətli ixtisasların açılması təmin edilməlidir. Universitetə peşəkar müəllimlər cəlb edilməli, əsasən Türkiyə və Avropa ölkələrində təhsil almış yüksəkixtisaslı kadrlara üstünlük verilməlidir. Həmçinin, distant təhsilin yaratdığı üstünlükləri maksimal dərəcədə reallaşdıran universitet, dünyada öndə olan universitetlərin və tanınmış peşəkarların potensialından bəhrələnən şəbəkə universiteti, rəqəmsal iqtisadiyyat sahəsində ixtisaslaşan tədris və elm mərkəzi olmalıdır.
- Kongret calışdığınız elm sahəsi ilə bağlı nə demək istərdiniz?
- Mənim əsas marağım və təcrübəm kibernetika və informasiya texnologiyaları ilə bağlı olduğu üçün Qarabağ Universitetində bu sahənin böyük önəm daşımasını önəmli hesab edirəm. Amma bu heç də o demək deyil ki, ədəbiyyat, tarix, jurnalistika, dimlomatiya kimi sahələr unudulmalı, yaxud önəm daşımamalıdır. Təbii ki, bu cür yanaşma xeyirdən çox, zərər gətirər və nə içtimaiyyətin və elmi dairələrin, nə də hökumətin bunu qəbul etməsi də mümkün deyil. Amma mənim bu barədə fikirlərim çalışdığım və sahibləndiyim elmi istiqaməti əhatə edir. İndi qloballaşan dünya böyük qlobal problemlərin əhatəsindədir. Burada kiber təhlükəsizlik, gida təhlükəsizliyi, enerji, iqlim dəyişikliyi, səhiyyə və s. bu kimi problemlərin vacibliyi davamlı olaraq gündəmə gətirilir. Müasir dövrdə bu istiqamətlərin hər birinə əsaslı təsir edən kompüter elmləri, statistika və süni intellekt sahələri dayanır. Ona görə bir ilk olaraq, yaxud da bütün sahələrə paralel olaraq bu sahələrin bazasının yaradılmasını vacib hesab edirəm. Onların ətrafında isə müxtəlif istiqamətləri inkişaf etdirmək lazımdır.
- Yeni təsis olunan universitetdə çalışmaq istərdinizmi?
- Düzü birdən-birə qəti “hə” ya “yox” cavabı vermək istəməzdim. Ola bilsin gözlənilməz sual olduğundan bu düşüncələr içərisindəyəm. Amma Azərbaycanda yaradılan modern bir təhsil oçağında çalışmaq hər bir alimin arzusudur. Vaxtı ilə Azərbaycandan gedəndə də bizi uzaqlara bu arzu aparmışdı. Azərbaycanda belə bir təhsil oçağında çalışmaq azərbaycanlı elm adamı üçün bir missiya və vəzifə olmalıdır. İkinci tərəfdən, mən avtobioqrafik təqdimatımdan danışanda bir faktı demədim, mən Çəbrayıl rayonundanam. Uşaqlıq illərim, orta məktəb təhsilim bu ünvanla bağlı olub. 30 illik işğaldan sonra taleyimin bütün telləri ilə bağlı olduğum doğma məkanı azad görməyim, bu torpağın, suyun nəfəsini duymağım mənim üçün nə qədər dəyərli olduğunu söyləmək belə çox çətindir. Bir sözlə, orada işləyib-işlədiyimizdən asılı olmayaraq Qarabağ Universitetinin nəinki Azərbaycanın, eləcə də beynəlxalq təhsilin və yeni dövrün uğurlu bir layihəsi olmalıdır. Onun sistemində layiqli yer tutması üçünsə üzərimizə mühüm işlər düşür və bunu nəzərə alaraq hər birimiz bu istiqamətdə çalışmalıyıq. Heç şübhə etmirəm ki, Qarabağ Universiteti modern və müasir təhsil sisteminin önəmli bir nümunəsi olacaq, az bir zamanda bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək.
- Fikir və təklifləriniz üçün çox sağ olun.
Namiq Qədimoğlu,
XQ